İÇƏN DEYİLƏM

Şam bilmə özünü, məni pərvanə,
Hər yanan işığa uçan deyiləm.
Sevməyi bilirəm, amma divanə
Olub səhralara qaçan deyiləm.

Sevərsəm sevdiyim duyar eşqimi,
Götürər qəlbinə qoyar eşqimi,
Bir təkcə özümə qıyar eşqimi,
Dörd yana eşq ətri saçan deyiləm.

Dost desən dost kimi varam yanında,
Səsləsən durmaram , gəlləm anında,
Məhəbbət şairin yoxsa canında,
Sevdayla qapını açan deyiləm.

Təvəkkül həyatdan alır kamını,
Dərk edib, vüsalın bilir tamını,
Doldursan ləbaləb eşqin camını,
Meyini əlindən içən deyiləm!



Təvəkkül Goruslu. 12.05.2020

www.kafiye.net