SÜRÜNƏN KÖLGƏ… 8

Həmin gecə ilan vuran yatdı, Ruqiyyə yatmadı.Səhərə qədər yerində o tərəf- bu tərəfə çevrilərək, çapalayaraq vəziyyətdən çıxış yolu axtardı.Xəyalən gah Elmanla üz-üzə oturub söhbət edir,gah onu məhkəmə ilə hədələyir, gah xoşluqla danışır, gah da təhqir edirdi. Gözlərini yumduqda bacısı Zərnigarın, yeznəsi Səmədin incik baxışları, kənd adamlarının qınağı… hələ…hələ yaşadığı məhəllənin söz-söhbəti…iş yerindəki rüsvarçılığı… elə canlanırdı ki, qadın yerində ilan kimi qıvrılırdı.Hər dəfə də dəmir çarpayısının səsi gəldikcə Nərgiz səksənir, gah qalxıb yerində oturur, gah da yenidən uzanıb bu gecənin əzabından qurtarmaq üçün başını yorğana bərk- bərk bürüyürdü.

Çöldə əsən küləyin vıyıltısı da,pəncərələrə çırpılan qar dənələri də onların bu gecəki iztirablarına şahidlik edirdi sanki.Aramla yanan soba nə evi yetərincə isidə bilirdi, nə də ürəklərini.Hər ikisi əzab içində idi.

Adətən yuxudan doymayan,zəngli saatın səsinə əsəbiliklə yerindən qalxan Ruqiyyə indi gecənin vahiməsindən qurtulub ,səhərin açılmasını səbrsizliklə gözləyirdi.

Havanın yavaş-yavaş işıqlandığını görən Ruqiyyə xəstə adamlar kimi yerindən qalxıb,səndirləyə-səndirləyə pəncərəyə yaxınlaşdı.Səhərə qədər aramsız yağan qar həyəti ağappaq örtüyə bürümüşdü.Külək sakitləşsə də,havanın şaxtası hiss olunurdu.Qadın fasiləsiz yağan quşbaşı qara,damlardan asılmış buzlara tamaşa etdi.”Yəqin ki, yollar da buz bağlayıb, – düşündü, – avtobusların hərəkəti varmı görəsən?”,- ətrafa boylandı. Hər tərəf səssiz-səmirsiz idi.Həyətdə heç ləpirlər də gözə dəymirdi.

Könülsüz mətbəxə keçib çaydanı sobanın üzərinə qoydu.Əl-üzünü yuyub hazırlaşmağa başladı.Güzgüyə yaxınlaşanda mat qaldı.Gözləri şişkin,bənizi solğun…alnının qırışları da artmışdı sanki.Başının kəskin ağrısı simasında əks olunmuşdu elə bil.

Bir stəkan çay içib evdən çıxdı.Qara bata-bata məhəllənin içi ilə yeriyib avtobus dayanacağına tərəf baxdı.Havaya çəkilmiş ağappaq qar örtük uzağı görməyə imkan vermirdi.Başındakı yun şalı çəkib ağız-burnunu bürüyərək irəliləməyə çalışdı.Uzaqdan çətinliklə seçilən zəif işıqlardan avtobusun yaxınlaşdığını yəqin edərək addımlarını bir qədər də yeyinlətdi.

Xalasının getdiyinə tam əmin olan Nərgiz yerindən qalxdı.Sobaya yaxınlaşıb əllərini, ayaqlarını isitmək istədi.Gözü güzgüyə sataşdı.Vücudunu daha şiddətli bir üşütmə bürüdü.O, artıq həminki Nərgiz deyildi… Güzgüdən ona …ana olmağa hazırlaşan ,lakin bunun fövqündə həm də bəxti, taleyi məhv olmuş , arzuları, ümidləri yerlə yeksan olan bədbəxt bir qadın baxırdı. Həyat burulğanında çapalayan, imdad diləyən,amansız dalğalar arasında boğulan bir qadın…

Günortaya yaxın qapı döyüldü.Sobanın yaxınlığında ,döşəkçə üzərində oturub başını dizlərinə dayayaraq mürgüləyən Nərgiz gözlərini açdı.Qapı yenidən döyüldü.

Qız aramla yerindən qalxıb qapıya tərəf getdi.Pəncərədən baxdıqda xalasını qapı ağzında dayanan görüb cəld qapını açdı.Evə Ruqiyəı ilə bərabər xırda toz kimi qar, şaxta da daxil oldu. Qadın qapının ağzında ayaqqabılarını, paltosunu möhkəm çırpdı.Yun şalını başından açıb, sobanın yaxınlığındakı stulun söykənəcəyinə atdı.Şaxtadan donub qıpqırmızı qızarmış əllərini sobaya tutdu:

Çovgun dayanmaq bilmir,- astadan dilləndi,- yollar pis vəziyyətdədir.Axşama doğru hava lap pisləşəcək.Odur ki, işçiləri evə buraxdılar.Qar dayanmayana, yollar açılmayana qədər işə getməyəcəyik,- Nərgizə baxdı,- çaydan- çörəkdən yemisən?

-Hə, – qız könülsüz dilləndi.

Allahımız verib ki, qış sərt gəlib.Hamı bir-birindən xəbərsiz qapısını çəkib evində oturub.Kəndlə də əlaqə yoxdur.Yoxsa…ay Allah!,- Ruqiyyə dəhşətə gəlirmiş kimi isti əlləri ilə soyuq yanaqlarını örtdü,- ata-anan durub qəfildən bura gəlsəydi!

-Xala...

Nə xala,- qadın özünü ələ aldı,- istilər düşənə kimi bu məsələni sakitliklə həll etmək lazımdır,- qıza baxdı,- başqa yolumuz yoxdur.

Necə?,- Nərgiz ümidlə xalasına baxdı.

Başa-gözə döyməklə iş aşmaz, – qadın soyuqqanlı görkəm aldı,- uşaqdan azad olmalısan.Eldə-aləmdə adımız çıxamamış,rüsvay olmamış!

Necə xala?,- qız zorla udqundu.

Lap sadəcə!, – Ruqiyyə qətiyyətlə cavab verdi,- uşaq dünyaya gəlməməlidir!

Nə?,- Nərgizin gözləri böyüdü,- xala…

Tanış ginekoloq var,Ruhəngiz xanım.Onunla bu məsələni tezliklə həll edərik.Deyərik ki,körpəlisən,ikinci uşaq hələlik ki, arzuolunmazdır.Bu səbəbdən də ondan azad olmaq istəyirsən, vəssalam,- qızın bulud kimi dolmuş gözlərinə baxdı,- başqa çarəmiz yoxdur qızım.Onun dünyaya gəlişi mümkün deyil.O, hər birimiz üçün üz qarası, alnımızın silinməz damğası olacaq.Ondan lap yaxın vaxtda yaxa qurtarmaq lazımdır.

Xalasının dedikləri ilə ürəyində tam razılaşan Nərgiz astadan:

Yaxşı, -deyib özündən biixtiyar yumrulanmış qarnına baxdı.İndi o iki yol ayrıcında idi; bir tərəfdə kənd içində rüsvay olmuş ata-anası,doğmaları, digər tərəfdə isə…günahsız körpə…

Həyat onu çox çətin seçim qarşısında qoymuşdu.

Bir səhvdir olub bala,- Ruhəngiz onu ovutmağa çalışdı,- ömür boyu onun zillətini çəkə biməzsən,- gözləri yol çəkdi,- gəncsən, həyatın qarşıdadır.Oxuyub təhsil almalısan, arzularına doğru irəliləməlisən.Nə deyim… Allah keçsin günahımızdan…qatil olmağa məcburuq.Nə bilim, bəlkə də o körpənin nə vaxtsa ahı tutacaq bizi, amma başqa çarəmiz yoxdur.Kimsə xəbər tutmamış işi birdəfəlik yoluna qoymalıyıq.

Bir neçə gün keçdi.Havalar tədricən düzəlməyə başlayırdı. Yollar açılır, avtomobillərin hərəkəti qaydaya düşürdü.

Axşam Ruqiyyə evə həmişəkindən gec qayıtdı.Amma əhvalında yaxşılığa doğru dəyişiklik vardı. Ayaqqbılarını soyunub içəri keçən kimi:

-Hə, – dedi,- Ruhəngiz xanımın yanından gəlirəm.Necə qərarlaşdırmışdıqsa,elə də dedim.İnandı.Səni uşaqdan azad etməyə razılıq verdi,- Ruqiyyənin səsində sevinc hiss olundu,- şənbə günü əməliyyat edəcək.Birdəfəlik yaxan qurtaracaq.

Nərgiz bir söz deməyib, içəri otağa keçdi.Ürəyinin altında nə isə tərpəndi.Əlini yavaşca oraya toxundurdu. Nəvazişlə sığalladı.

Birdən…xalasının sözləri qulaqlarında əks-səda verdi:” Şənbə günü əməliyyat edəcək!”.

Nitqi tutuldu.Göz yaşları içində boğula-boğula özünü çarpayıya atdı.Xalası eşitməsin deyə ağzını yastığa dirəyib hönkürdü.

Ruqiyyəni qınamırdı.Heç vaxt ailəsi olmayan, bətnində körpə gəzdirməyən, dünyaya övlad gətirib böyütməyən, analıq hissini yaşamayan qadın indi onun nələr keçirdiyini anlaya bilməzdi.

Şənbə günü yetişdi.Ruqiyyə sanki bayram əhval-ruhiyyəsində idi.Nərgizin solğun çöhrəsi,avazımış rəngi,ümidsiz baxışları da əhəmiyyətsiz idi onun üçün.

Ruhəngiz xanım onları hörmətlə qarşıladı.Yubanmadan Nərgizi müayinə etdi.Daha sonra qızla birlikdə digər otağa keçdilər.Başqa bir həkim dölün inkişafını müəyyən etmək üçün onu xüsusi aparatla müayinədən keçirdi.

Ruhəngiz xanım Nərgizlə bərabər otağına, onları səbrsizliklə gözləyən Ruqiyyənin yanına qayıtdı.

Onları görən kimi Ruqiyyə cəld ayağa qalxıb ümidlə xeyir xəbər eşidəcəyini gözlədi.

Həkim təmkinini pozmadan keçib yerinə əyləşdi:

Ruqiyyə xanım, – dedi,- təəssüf ki…çox gecdir.Hazırki mərhələdə hamiləliyi pozmaq mümkün deyil.Bu, ananın həyatı üçün çox təhlükəlidir.Həm də…cinayətdir.Hal- hazırda əməliyyat etmək olmaz,- gülümsədi,- qızımız övladını dünyaya gətirməyə məcburdur.Eyb etməz, biz belə hallarla tez-tez üzləşirik.Övladından imtina etmək istəyən analar sonradan o uşaqlarını elə məhəbbətlə sevib böyüdürlər ki…

Nə?,- Ruqiyyənin rəngi qaçdı,- yox, bu, ola bilməz.

Niyə olmur ki?,- Ruhəngiz xanım güldü,- sağlam övladdır. Maşallah çəkisi də, inkişafı də tam qaydasındadır. Belə balanı məhv etmək günahdır. Köməkləşib böyüdərsiniz.

A…yox…yox…bilirsiz, – Ruqiyyə özünü itirdi,- yox, bu mümkün deyil.

Gecdir,- həkim qətiyyətlə cavab verdi,- elə bir fikriniz vardısa, vaxtında müraciət etməli idiniz.

Ruqiyyə Nərgizə, Nərgiz Ruqiyyəyə baxdı.


ARDI VAR


Govher Rustamova
www.kafiye.net