SÜRÜNƏN KÖLGƏ… 7

Otağa göz gəzdirdi.Gördüyü mənzərə onu mat qoydu.

Nərgiz otağın bir küncünə qısılıb için-için ağlayırdı.Göz yaşları aramla yanaqlarına,oradan da üzüaşağı süzülürdü.

Ruqiyyənin ürəyi üzüldü.Əlindəki çay dəsmalını bir yana atıb qıza tərəf getdi.Cəld onu yerdən qaldıraraq çarpayıya oturtdu.Əlinin arxasıyla gözlərini silib:

-Sənə nə olub Nərgiz?, – dedi, – xalan qurban niyə ağlayırsan?

Nərgiz uçadan hönkürüb xalasını qucaqladı.Başını onun sinəsinə dayayıb elə yanıqlı ağladı ki, Ruqiyyəni də kövrəltdi.Çaşbaş qalan qadın özünü ələ alıb,qızı bağrına basdı:

Bilirəm bala, – dedi,- evinin , ailənin, ata-ananın,bacı-qardaşının xiffətini edirsən,- saçlarını sığalladı,- darıxma bala.Bir şey qalmayıb,qarşıdan Novruz gəlir.Havalar isinər,yollar rahatlaşar,birlikdə kəndə bayrama gedərik,- gülümsədi,- əslində sənə hələ demək istəmirdim.Bunu sənə də,kənddəkilərə də bayram hədiyyəsi edəcəkdim.Amma darıxdığını görüb sirri açdım.Qalx,qalx əl- üzünə su çək.Birlikdə nahar edək.

-Nə Novruz?, – qızın hiddətdən gözləri böyüdü, – Novruz nədir?

Bayramı deyirəm də qızım, – Ruqiyyə həlim səslə cavab verdi, – səni kəndə, doğmalarının yanına aparacağam.

Yox!, – qız bir az da kükrədi, – yox!Eşidirsənmi,yox!

Ay bala, sakit ol,- Ruqiyyə yenə bir şey anlamadı,- evinizə deyirəm ey…

Yox!Yox!Yox!

Nə baş verib axı?,- qadının səbri tükəndi,- ağlamağın nədən ötrüdür bəs?

Mən…mən…, – xalasının gözlərinə baxdı,- mən …çox böyük günah işlətmişəm xala, – gözləri yenidən doldu,- çox böyük.

Ay qız bir məni anlat görüm,- Ruqiyyə səsini qaldırdı,- nə günah? Nə danışırsan sən?

Çox böyük günah,- qız astadan dilləndi,- bağışlanmaz günah…

Qadının boğazı qurudu.Zorla udqunaraq:

Nərgiz,- dedi,- Sən nə günah işlədə bilərsən bala ? Sakit ol.

Bilərəm! Bilərəm xala! Sənin heç nədən xəbərin yoxdur!

Başıma xeyir,- qadın yerində donub qaldı,- nə baş verib axı?,- nə isə qorxunc bir şey eşidəcək kimi qətiyyətlə qızın gözlərinə baxdı ,- Bu dəqiqə mənə hər şeyi anlat!Heç nəyi gizlətmə, eşidirsən,heç nəyi!

Yaxşı,- Nərgiz köks ötürdü,- onsuz da gizlətməyin mənası yoxdur,gec-tez üzə çıxacaq.

Ruqiyyənin hövsələsi lap daraldı:

-Uzatma, de görüm nə baş verib!

Nərgizdən eşitdikləri ona dəhşətli bir yuxunu xatırlatdı.Sarsıntıdan bütün vücudu silkələndi,hətta bir anlığa nitqi də tutuldu.Ürəyi sürətlə çırpınmağa başladı, gözləri qaraldı.Müvazinətini itirdi.Zorla qapının tutacağından yapışıb bir müddət hərəkətsiz qaldı.Özünü toparlayıb divardan tuta-tuta ,astaca çarpayıya oturdu.Əlləri süstəlib yanına düşdü:

Sən nə danışırsan,ay qız?,- güclə eşidiləcək səslə dilləndi,-Sən özün uşaqsan, a bala! Sənin dünyaya uşaq gətirən vaxtındı? Hardandı səndə bu boyda hünər? Necə atdın bu addımı? Bu nə oyundur başıma açırsan?,- nəfəsi darıxdı,tələsik donunun yaxasını açdı,- bu nə oddur mən düşdüm?Bu nə bəladır,İlahi?,- başını əlləri arasına aldı,- Səmədə,Zərnigara nə cavab verəcəyik?Üzlərinə necə baxacağıq?,- əllərini dizlərinə çırpdı,- ölüm bundan yaxşıdır!Kaş Allah canımı alaydı, bu biabırçılığı bilməyəydim!,- yerində qovruldu,- Ufff,ürəyimə xəncər soxulsaydı belə ağrıtmazdı.Bacım mənə bala əmanət edib!

Xala,- Nərgiz günahkar görkəm aldı.

Xalan ölsün!,- qadın başına-gözünə döydü,- ölsün xalan!Bu boyda da rüsvayçılıq olar?İndi neyləyək? Başımıza haranın külünü tökək?Mən səni onun evinə bundan ötərimi göndərirdim? Vay!,- qadın az qala havalandı,- bilən olsa , bu biabırçılıqdan canımızı necə qurtaracağıq?Sənin nə yaşındı?Özünü niyə bu günə qoydun?,- rəngi ağardı,- bəlkə o…

Yox xala,- qız başını aşağı saldı,- mən onu …mən onu həyatımdan artıq…

Sən ora bundan ötrümü gedirdin?,- qadının az qala ürəyi dayanacaqdı,- bağrım çatlayacaq indi,- dərindən köks ötürdü,- bu da bizim şəhərli ziyalımız!Kimə inanasan, kimə etibar edəsən?Utanmadımı görəsən?Gəncliyinə necə qıydı?,- özünü saxlaya biməyib hönkürdü.

Nərgiz çarəsiz idi.Xalasının bütün ittihamlarına ürəyində haqq qazandırır,bəraət üçün bir kəlmə də olsun söz tapmırdı.

Mən də,- xalası qısa aradan sonra dilləndi,- sevinirdim ki…qız yanımda qalıb ətə-cana dolub,- Nərgizi başdan-ayağa süzdü,- sən demə…bu kökəlmək başqa imiş!,- fikrə getdi,- deyirəm axı,- zəndlə qıza baxdı,- yayda bağladığım turşular,şorabalar niyə bu tezlikdə …

-Xala…

Nə xala!,- qadın yerindən qalxmağa cəhd etdi,- bu saat onunla danışmağa gedəcəyəm!Üz-üzə, göz-gözə! Qoy mənə cavab versin!

Xeyri yoxdur,- qız üzünü yana çevirdi,- mən danışmışam.

Hə,- qadın yenidən əyəşdi, – nə deyir?, – qızın susduğunu görüb davam etdi,- bu rüsvayçılıqdan qurtarmağın bir yolu var! Təcili toy etmək lazımdır!

-Nə toy?,- qız yenidən ağlamağa başladı,- mən ona bu xəbəri deyəndə heç kefini də pozmadı,-“ hər dərdə əlac var “dedi.Get başına çarə qıl!Məni bu yolla tora sala bilməzsən!

Nə?,- Ruqiyyənin gözləri böyüdü,- necə yəni? Heç narahat olmadımı?

Yox, əksinə.Çox sakit qarşıladı,- qız içini çəkdi,-“ xalanın həkim tanışı olmamış olmaz”dedi.Bütün xərcləri öz üzərimə götürürəm.

Hmmm…bütün xərcləri,- qadın təkrarladı,- məhv olmuş həyatın xərcini ödəmək bu qədər asandırmı?

Mən ona müvəqqəti olaraq, el gözünə toy etmək təklifini də dedim,- qız gözlərini sildi,- güldü”indi nə deyirsən, -dedi,- mənim kimi tanınmış, hörmət-izzət sahibi olan birinin hansısa kəndə elçi gedəcəyinə,toy edib səninlə evlənəcəyinəmi ümid edirsən?

Ay nankor!,- Ruqiyyə dodağını dişləri arasına sıxdı,- Ay alçaq!Beləsinə nə deyəsən!Yox,onun payını özüm verəcəyəm!

Mənası yoxdur xala, artıq olan olub.O,yaxın günlərdə buradan köçüb gedəcək.Bu evini satıb birdəfəlik Rusiyada yaşamağa qərar verib.Orada dostları çoxdur.Deyir ”məni sənətimdən,şan-şöhrətdən başqa heç nə maraqlandırmır. Mənim böyük arzularım Bakı kimi kiçik bir şəhərə sığmır.Ailə,uşaq kimi lazımsız şeylər əl-qolumu bağlaya bilməz.Mən sənət üçün yaranmışam”.

Yox,- Ruqiyyə yerindən dikəldi,- canını belə asanlıqla qurtara bilməyəcək, dünya dərəbəylik deyil! Lazım gəlsə,lap qanun qarşısında cavab verəcək!

Axı…,- qız udqundu,- özümüz də rüsvay olacağıq.Eşidən- bilən olsa…

Onu əvvəldən düşünməli idin!,- qadın kükrədi,- kəndini,el- obanı gözünün qabağına gətirəydin.Ata-ananı fikirləşəydin,- sözünə ara verdi,- Ali məktəbə qəbul olunmadığını özünə ar bilən qız…

Xala…

Kaş ki…elə kəndə qayıdıb gedəydin,- qadın astadan dilləndi,- mən bu boyda günaha batmayaydım.Ölənə qədər bəsimdir.

Həmin gün nə Ruqiyyə, nə də Nərgiz özünə yer tapmadı.Qız bir tərəfə çəkilərək xısın-xısın ağlayır,xalası isə havalı adamlar kimi öz- özünə danışa- danışa otaqları gəzirdi.

ARDI VAR.


Govher Rustamova
www.kafiye.net