SÜRÜNƏN GÖLGƏ…6



Elmanla söhbətdən sonra sanki yüngülləşmişdilər, çiyinlərindən ağır bir yük götürülmüşdü.Düşünürdülər ki, irəliyə doğru ən azından bircə addım da olsa, atılmışdı.
Şam yeməyindən sonra da öz aralarında bu barədə xeyli danışıq getdi.Ruqiyyə söhbəti əsasən imtahana,təhsilə tərəf yönəltsə də,Nərgiz başqa səmtə aparırdı.Nədənsə bu günə, bu saata qədər ona əzab verən səbəblər yoxa çıxır, yerini başqa mövzulara verirdi.Xalası danışdıqca qızın gözləri önündə Elmanın səliqəli , rahat ev- eşiyi,əsl aristokratlara məxsus davranışı, danışıq tərzi,maneraları canlanırdı.Qız sanki ovsunlanmışdı.Dönə-dönə onun hündür, cəlbedici qamətini,iri, dərin gözlərini,ağıllı baxışlarını, ara-sıra dən düşmüş qalın qara saçlarını xatırlamaq istəyirdi.Pianonun ağ-qara dilləri üzərində sərbəst gəzən barmaqları belə hansısa melodiyanı xatırladırdı ona…
-Deyirəm ki, – Ruqiyyənin səsi onu şirin xəyallardan ayırdı,- həyatın da qəribə işləri var ey…, – Nərgizə baxdı, – bu cür ağıllı- kamallı,mədəni,hörmət-izzətli bir adam indiyə kimi özünə bir gün ağlamayıb.
-Kim? Nə gün?, – qız sanki yuxudan ayıldı.
-Elmanı deyirəm də.Bu yaşa gəlib çatıb,ailə yox, oğul-uşaq yox…Məni qınama, – səsini yavaşıtdı, – bu oxumuşlar da belə bir cür olurlar ey…Elə bilirlər ki, dünyanı tutub duracaqlar, qocalıb əldən düşən vaxtları olmayacaq, – gözləri yol çəkdi, – insana ocaq lazımdı,övlad lazımdı…
-Yalnız oxumuşlar elə düşünürlərmi?, – Nərgiz ucadan güldü.
Onun eyhamını anlayan xalasının çöhrəsində acı təbəssüm yarandı:
-Mən də illərimi yelə verdim…İndi isə budur…Kiminçün yaşayırsan, nədən ötrü yaşayırsan…Gözəllik də əldən gedir, cavanlıq da.Qalırsan dörd divar arasında tək-tənha.
-Sən ki, tənha deyilsən, – Nərgiz xalasının könlünü almağa çalışdı, – bəs biz nəyik?
-Siz mənim əzizlərimsiniz, – qadın gülümsədi, – ailə, övlad isə başqa bir şeydir.Bax bu Elmana da bir başa salan lazımdır ki, bala, yaşın ötür, kimi gözləyirsən?O cür ev- eşik səndə,qazanc səndə, boy-buxun, yaraşıq səndə…istəsən lap nazir qızı alarsan.Kimi, nəyi gözləyirsən axı.
Xalasının son sözləri qızda qəribə bir hiss oyatdı.Daxilindən bu vaxta qədər ona məlum olmayan bir sızıltı keçdi.” İstəsən lap nazir qızı alarsan…, – özlüyündə təkrarladı, -hmm…maraqdlıdır, – düşündü, – xoşbəxtliyə yalnız nazir qızları layiqdirlərmi? Adi kənd qızlarının buna haqqı yoxmu?”.Tezcə də bu fikirləri özündən qovmağa çalışdı.Hətta söhbəti də dəyişmək istədi.Amma yox…Elmanla bağlı söhbət …
-Nə isə, – xalası yerindən qalxdı, – qonşunun sifarişi məni gözləyir.Donun xırda-para işləri qalıb, onları da bitirim, – Nərgizə baxıb gülümsədi, – sən də dincəl.Gələn həftədən yeni qüvvə ilə hazırlıqlarına başlayarsan.
-Hə, – qız da gülümsədi, – mən də oxuduğum kitabı bitirmək istəyirəm, sonra vaxtım olmayacaq.
Kitab oxumaq bəhanəsiylə yan otağa keçən qız yenə də özü hiss etmədən Elmanı xatırlamağa başladı.Düşüncələrinə, ürəyinə hakim kəsilən hansısa bir hiss onu rahat buraxmırdı,Elmanı təkrar-təkrar ona xatırladırdı.Bu hiss…heç nəyə bənzəməyən,bu günə qədər keçirmədiyi nə isə …müəmmalı bir hiss idi.
Günlər ötürdü.Həyat öz adi axarında idi.Ruqiyyə səhər tezdən işə yollanır,axşamlar isə qohum-qonşulardan, tanış-bilişdən götürdüyü sifarişləri tikib hazır qoyurdu.Ətrafda peşəkar dərzi kimi tanınan qadın işinə çox böyük məsuliyyətlə yanaşırdı.Qazancı da pis deyildi, Nərgizi oxutmaq üçün daha səylə çalışırdı.Bacısının ailəsini də bütün xərclərdən, pay-pürüşlərdən azad etmişdi.” Nərgizə görə narahat olmayın,- demişdi, – o, mənim balamdır.Kənd yerində qazanc çətin məsələdir, evinizdən ,uşaqlardan muğayat olun, Nərgizi isə özüm oxudacağam.”,- söyləmişdi.
Nərgiz də əvvəlki kimi sıxılmır, ara- sıra həyət-bacaya çıxır, yaxınlıqdakı mağazadan alış- veriş edir, ev- eşiyin səliqə- sahmanına baxır, xalası gələnə qədər bacardığı yeməklərdən də bişirirdi.Hətta məhəllədə dostlaşdığı qızlar da vardı.Bir sözlə, həyatı heç də pis deyildi.
Həftənin iki gününü isə…səbrsizliklə gözləyirdi.O günlər həyatının ən unudulmaz günləri idi.
Evdə tək qalarkən, xalasının tikdiyi növbənöv paltarları geyinib güzgünün qarşısında fırlanır, uzun qara saçlarını müxtəlif cür yığır,yaraşıqlı görkəmindən zövq alırdı.
Elmanın evinə yollanarkən isə, gözəlliyinə daha bir gözəllik də əlavə edirdi; xalasının əzizləyib qənatlə işlətdiyi bahalı ətirdən vurub evdən çıxır, əda ilə yeriyir,heç kimə əhəmiyyət vermirdi.
Müəllimin evində keçirdiyi zaman ömrünün ən mənalı anlarına çevrilmişdi.Həmin saatlarda o, özünü sehrli bir aləmdə hiss edirdi.Elmanın danışığı da,davranışı da, piano arxasındakı ifaları da,izahatları da…hamısı…qeyri-adi bir aləmə aparırdı onu.
Barmaqları pianonun dilləri üzərində gəzərkən, müəllimin düzəliş məqsədilə o barmaqlara toxunuşu da…ürəyini titrədirdi.O əllərdən süzülən hərarət qəlbinə yol alır,lap dərinlikdə özünə yuva qururdu.
Qızın istedadı, musiqiyə olan sonsuz sevgisi,həvəsi ,işgüzarlığı Elmanın diqqətindən yayınmırdı.Nərgiz həqiqətən də çox bacarıqlı qız idi.İnadkarlığı isə cazibəsinə daha bir cazibə qatırdı.Bütün bunların fövqündə…o,həm də çox gözəl idi.Ağ göyərçinlərə bənzəyən bəmbəyaz əlləri pianonun dillərində gəzərkən, gözlərini yumub musiqinin sehrinə düşərkən , özü də öz gözəlliyindən xəbərsiz idi.Yaradan bu qızdan heç nəyi əsirgəməmişdi.Bəyaz çöhrəsinə xüsusi yaraşıq verən çəhrayı yanaqları,qızılgül qönçəsini xatırladan al dodaqları..mükəmməl bir sənət əsəri idi sanki.
Günlər həftələri, həftələr ayları əvəz edirdi.Nərgiz yorulmadan çalışır,müəllimin tapşırıqlarını bacarıqla yerinə yetirir,məqsədinə doğru inamla gedirdi.
Xalasının çoxdan unudularaq evin bir küncündə qalmış pianosunu dilləndirərək ən çox sevdiyi melodiyaları ifa edərkən isə gözləri önünə yalnız bir nəfər…Elman gəlirdi.
Qız sanki həyatda onun üçün yaşayırdı,nəfəsini onunla alıb, onunla verirdi.Həyatın bütün şirinliyini və gözlliklərini onunla duyurdu.Bu kiçik varlıqda yaşamaq, yaratmaq, mövcudluğunu bütün cahana bəyan etmək həvəsi anbaan,günbəgün artırdı.
Kənardan səsizcə onu maşahidə edən Ruqiyyənin ürəyi fərəhlə döyünürdü.Bacısı balasının nə vaxtsa məşhur musiqiçi olacağına əminliyi saatbasaat artırdı.Peşəkar musiqiçilər kimi gözlərini yumub,incə barmaqları ilə pianonu dilləndirən zaman xalasının sevincdən gözləri yaşarır,çöhrəsinə məmnun bir ifadə gəlirdi.
Qadın doğru yolda olduqlarına tam əmin idi.Nərgizi məqsədinə çatdırmaq üçün əlindən gələni əsirgəməyəcək, bacısının da, ailəsinin də yanında başıuca gəzəcək,qürrələnəcəkdi.Böyük bacı kimi varlığını sübuta yetirəcəkdi.
Qış qapını kəsmişdi.Havalar getdikcə soyuyur,şaxtalar düşürdü.
Ruqiyyə Nərgizə isti geyimlər tikmiş,yaraşıqlı palto, uzunboğaz çəkmələr almışdı.
Onu hər cür qaygı ilə əhatə edərək əzizləyən qadın Elmanı da unutmurdu.Hərdən nəyisə bəhanə edib Nərgizlə ona hədiyyələr, evdə bişirdiyi şirniyyatlardan sovqatlar da göndərirdi.Müəllimin ciddi etirazlarına baxmayaraq, bunu da özünə borc bilirdi.
Kənd yolları buz bağladığından Nərgizin ailəsi ilə əlaqəsi hələlik telefon danışıqları vasitəsilə olurdu.İstirahət günləri xalası ilə bərabər yaxınlıqdakı danışıq məntəqəsinə yollanır,doğmaları ilə danışırdı.Soyuq aylarda bu baxımdan da çətinlik yaranmışdı.Bəzən xətlər artıq yükləndiyindən əlaqə ya yaranmır, ya xətt tez-tez kəsilir ,ya da səslər pis eşidilir, bir-birinə qarışırdı.
Qışın çətinliklərini təbii qəbul edən Nərgiz ruhdan düşmür,çalışqanlığına davam edir,həmişəki kimi Elmanın məşğələlərinə həvəslə gedirdi…
Bazar günü idi.Ruqiyyə adətən evdə olduğu günlərdə daha ləziz,daha fərqli yeməklər bişirirdi.Onları süfrəyə məhəbbətlə düzür,”Qadının evdə olduğu gərək hiss olunsun”, – deyirdi.
Bu gün də adəti üzrə Nərgizin çox sevdiyi yeməyi bişirmişdi.Qızın könlünü oxşamaq üçün qapını yavaşca tıqqıldadıb:
-Nərgiz,məşğulsanmı?, – soruşdu.
Səs gəlmədi.Qadın qızı bir də səslədi.Yenə də sakitlik…
Sükut onu narahat etdi.Ehmalca qapını açdı.


ARDI VAR.


Govher Rustamova
www.kfiye.net