XEYİRƏ AÇILSIN SABAHLARIMIZ!


Bəsləyib qəlbində neçə arzu-kam,
Sabaha ümidlə boylanır insan.
Qüssəyə,kədərə verməyək aman
Allahdır arxamız, həm dayağımız,
Xeyirə açılsın sabahlarımız!

Günəş süasını səpib düzlərə,
Al rəngə boyanıb çəmən, dağ-dərə.
Bu nə gözəllikdir,bu nə mənzərə?!
Şəfəqdən pay alsın od-ocağımız,
Xeyirə açılsın sabahlarımız!

Çağlasın dağların gur şəlaləsi.
Dinsin tütək səsi, gəlsin ney səsi.
Bir başqa aləmdir şehi,jaləsi
Qəlbə şəfa verir buz bulağımız,
Xeyirə açılsın sabahlarımız!

Vətən torpağının hər çağı gözəl,
Bəhrəli bağçası,hər bağı gözəl,
Meşəsi,talası,hər dağı gözəl,
Gəlsin zirvələrdən xoş sorağımız,
Xeyirə açılsın sabahlarımız!



GÖVHƏR RÜSTƏMLİ.