SEVİRƏM

Necədə gözəldi bu yaz səhəri,
Al günəş qızdırır kəndi, şəhəri,
Qurudur gözlərdən silir qəhəri,
Könüldə gül açan yazı sevirəm.

Hava da ətirli, bahar qoxuyur,
Çəmənlər çiçəkdən xalı toxuyur,
Qaratoyuq dinir, bülbül oxuyur,
Könüldə dil açan yazı sevirəm.

Hayana baxırsan bir başqa füsun,
Ürəyi fəth edir təravət, ofsun,
Üfüqdən uzadıb haləsin, qövsün,
Könülə əl açan yazı sevirəm.

Dolanıb dağları, çayı, meşəni,
Oyadıb nərgizi, tər bənövşəni,
İlaxır günündən alıb rişəni,
Ömürə il açan yazı sevirəm!

Təvəkkül Goruslu. 04.05.2020
www.kafiye.net