SÜRÜNƏN KÖLGƏ… 5



Nərgiz mənən o qədər yorğun və məyus idi ki, xalası ilə mübahisə etməyə nə halı vardı , nə də həvəsi.İlk uğursuzluğu onu elə sarsıtmışdı ki,hər şey gözündən düşmüş, dəyərini itirmişdi.
Beləcə bir neçə gün ötdü.Qız nə çölə-bayıra çıxır, nə kiminləsə kəlmə kəsir, nə də xalasının təsəlliverici sözlərini dinləyirdi.Bütün bunların fövqündə isə kəndə qayıtmaq barədə də düşünmürdü.Həmişə hamının qarşısında başı dik, vüqarlı, ədalı gəzən bu qız qürurunu bir kimsənin yanında sındırmaq istəmirdi.Təkəbbürü ona hər barədə qalib gəlirdi.O baxımdan da Ruqiyyənin təklifi ilə razılaşmalı olurdu.Xalası elə inandırıcı vədlər verirdi ki,Nərgiz növbəti il mütləq şəkildə Ali məktəbə qəbul olacağına artıq özü də inanmağa başlayırdı.
Axşamüstü işdən həmişəkindən bir qədər gec qayıdan Ruqiyyə yaxşı əhvalla gəlmişdi.Ayaqqabılarını çıxarmamış Nərgizi sevindirməyə tələsdi:
-Yolüstü danışıq məntəqəsinə də baş çəkdim.Yaxşı ki, adam çox deyildi.Rayonla məni tez caladılar, – evə keçdi, – ata-ananla danışdım.Səsimi eşidib elə kövrəldilər ki…Sənin Ali məktəbə qəbul olunduğunu elə inandırıcı şəkildə xəbər verdim ki…yazıqlar sevindiklərindən bilmədilər neyləsinlər.Hətta bir anlığa özüm də öz dediklərimə inandım, – köks ötürdü, – Allah bu insafsızlara azca da olsa insaf versin.Üç-beş nəfər eləsini götürəndə ,bir nəfər də beləsini götürsünlər də…
Nərgiz xalasının sonuncu cümləsinə ürəkdən güldü.Qızın eyninin açıldığını görən Ruqiyyə həvəsləndi:
-Hə, elə oradan çıxıb evə tərəf gəlirdim ki, yolda Elman müəllimlə rastlaşdım.Ədəblə salam verdi, kefimi soruşdu.
-O kimdir?,- qız duruxdu.
-Sənə demişdim ki, qonşuluqda yaşayan musiqi müəllimi.Yaxşı hörməti var.
-Hə, nə bilim…, – qız stolun üstünü sahmana saldı, – acsan yəqin ki.
-Yemək gözləyər, – xalası çoxbilmiş görkəm aldı, pəncərədən ətrafa baxıb asta səslə davam etdi, – sənin barəndə də danışdım.
-Niyə pıçıldayırsan ki?,- qız güldü, – burada ki, bizdən başqa adam yoxdur.
-Ehh…, – Ruqiyyə səsini bir az da alçaltdı, – indi yerin də qulağı var, qız. Söz ağzından çıxmağını görür, bir də xəbər tutur ki…odur eyyy, məhəllənin o başındadır, – keçib əl- üzünü yudu, – hə, onu deyirdim axı,sənin barəndə ayaqüstü də olsa, danışdım.Vəziyyəti izah etdim.Əvvəl fikirləşdi, sonra nə düşündüsə, razılaşdı.Dediyinə görə, Rusiyanın hansısa şəhərində konsert vermək üçün dəvət alıb.İndi oraya hazırlaşır.Ayın sonlarında yola düşəcək, – Nərgizin hazırladığı yemək masasına əyləşdi, – belə başa düşdüm ki, orada çox yubanmayacaq.Gərək gözdə-qulaqda olum, qayıdan kimi, sənin məsələni həll etməyə başlayım.
-Məsələn necə?,- qız gülümsədi.
-Yenidən dərslərini öyrənməyə başlayarsan, həftəiçi də müəllimin yanına hazırlığa gedərsən.Nə qədər olmaya, musiqiçidir.Bizə xeyri dəyər.Qəbul məsələsinə də əli çatmamış olmaz.Bizdən nə gedir ki? Bütün imkanlardan istifadə etməliyik.
Nərgiz bir söz demədi.Hazırkı durumda bundan əlverişli çıxış yolu yox idi.
Günlər beləcə ötürdü.Nərgiz tədricən şəhər həyatına , yeni mühitə uyğunlaşmağa başlayırdı.Ata-anası, doğmaları, kəndi yadına düşdükcə kövrəlsə də,şəhər onu daha çox cəlb edirdi.Adamların fərqli danışıq tərzi,geyimi, davranışı ona daha cazibədar görünürdü.Odur ki, kəndə qayıtmaq fikrindən birdəfəlik yan keçirdi.
Bir neçə həftə keçmişdi.Ruqiyyə əlində iri bir bağlama qapıda göründü:
-Hə, kömək elə , – dedi, – bunlar sənə çatacaq.Atangilin sovqatıdır,- əlini çantasına apardı, – pul da göndəriblər, – içəri keçdi, – keçən dəfə nə qədər desəm də ki, heç nəyə ehtiyacımız yoxdur, yenə ürəkləri dözməyib, göndəriblər.
Nərgizin gözləri yaşardı.Bir səliqə ilə bükülmüş bağlamaya, bir də xalasına baxdı.Uşaq kimi hönkürməkdən özünü güclə saxladı.
Qızın könlünü almaq üçün Ruqiyyə tələsik bağlamanı açdı:
-Bir bax, – dedi, – səninçün yeni don, ayaqqabı, çanta alıblar.Daha niyə kövrəlirsən ki?
-Onları aldatdığımıza görə xəcalət çəkirəm, – qız başını aşağı saldı.
-Heç narahat olmaz, – Ruqiyyə onu ovundurmağa çalışdı, – acı xəbər verib, məyus etmək yaxşı olacaqdı ki? Qoy sevinsinlər.Biz isə burada daha cəld tərpənərik.Əlimizdən nə gəlirsə, gücümüz, imkanımız nəyə çatırsa , səni istəyinə çatdırmaq üçün çalışarıq.İndi isə hazırlaş, Elman müəllim qayıdıb gəlib.Evində bizi gözləyir .
-E…nə…necə…, – qız duruxdu.
-Gedək bir ordan- burdan söhbət salaq.Görək nə deyir.Səninlə dərslər keçməyə razılıq verir ya yox,- necə dedi, dayan görüm, – qadın nəyisə xatırlamağa çalışdı, – hə…yadıma düşdü, deyir görüm musiqi duyumu varmı?, – gülümsədi , -əyin- başını dəyiş bala, özünü sahmana sal.Evi çox da uzaq deyil, məhəllənin o başındadır.
Elman gənc olsa da, musiqi aləmində artıq tanınmağa başlayan , dost-tanış arasında nüfuza malik biri idi.Yaşına xas olmayan ağır-ağayanalığı, ciddiliyi, işinə məsuliyyətli yanaşması orta və daha yaşlı nəslin nümayəndələri içərisində də ona hörmət qazandırmışdı.
Ruqiyyə ilə Nərgizi xüsusi hörmət və mədəniyyətlə qarşılayıb, əyləşmək üçün yer göstərdi.
Ruqiyyə yaşda ondan çox böyük olduğuna görə ərkyana keçib iri divana əyləşsə də, Nərgiz sıxıla-sıxıla qapının ağzındakı şkafa söykəndi.
Çox keçmədi ki, Elman onları qəhvəyə qonaq etdi, masaya Rusiyadan gətirdiyi şirniyyatlardan düzdü.Ruqiyyə stol arxasında söhbət etdikcə, Nərgiz Elmanın mənzilinə göz gəzdirir, evin səliqə-sahmanına, zövqlü quruluşuna heyranlıqla tamaşa edirdi.
Ruqiyyə söhbəti çox uzatmayıb birbaşa mətləbə keçdi:
-Sizdən təvəqqem budur ki, – dedi, – bacımın balasına mümkün olan yardımı edəsiniz.Musiqiyə çox böyük həvəsi var.Özü də çalışqan qızdır, əməksevərdir.Çətinliklərdən qorxmur, iradəlidir.Sadəcə…özünüz bilirsiniz də…azacıq da olsa, təkan lazımdır.
-Anlayıram, – Elman yerindən qalxıb piano arxasına keçdi, – qapağını ehmalca qaldırdı,barmaqlarını ağ-qara dillərin üzərində gəzdirdi,- bura yaxınlaşın zəhmət olmasa.
Nərgiz çaşbaş qaldı.Ruqiyyə cəld qaş-gözü ilə Elmana yaxınlaşmasını işarə etdi.Qız astaca pianoya tərəf getdi.Müəllim sanki öz dünyasında idi.
Qızın yaxınlaşdığını görüb:
-Hə, – dedi, – əvvəlcə musiqi duyumunu müəyyənləşdirək.
Elmanın sorğu-sualları qarşısında əvvəlcə özünü itirən Nərgiz, sonradan onun başının razılıq işarələrindən ürəklənib daha dolğun cavablar verirdi.Bəzən Elmanı heyrətləndirir də.
-Çox yaxşı, – Elman piano arxasından qalxdı, – nəticə məni qane etdi, qızımız həqiqətən də çox bacarıqlıdır, – dedi, – inanmazdım ki, kənd yerində böyüyən bir qızda bu qədər incə, zərif musiqi duyumu ola bilər.
-Siz şəhərlilərdə kənd adamları haqqında qəribə fikir var, – Ruqiyyə gülərək
yerindən qalxdı, – kənd camaatının musiqisi də var, incəsənəti də, belə lap alimi də, professoru da.
-Razıyam, – Elman da güldü, – demək belə, – Nərgizə baxdı, – həftədə iki gün məşğələmiz olacaq.Bu, bir il müddətində lazımi bacarıqlara yiyələnmək üçün kifayət edəcək.Təbii ki, digər imtahanlara da cidd-cəhdlə hazırlaşmaq şərtilə.
-Allah köməyiniz olsun!, – Ruqiyyənin gözləri parıldadı, – bizi naümid qaytarmadınız.Biz də öz bacardığımızdan, gücümüz çatandan…
-Narahat olmayın, – Elman onun sözünü kəsdi, – tanışlığımız, mehriban qonşuluq münasibətimiz yetərlidir.Əlimdən gələn köməkliyi etməyə hazıram, təki nəticəsi yaxşı olsun.
Ruqiyyə təşəkkür etdi, hörmətlə sağollaşıb, şad –xürrəm Nərgizin qoluna girdi.Razılığını bildirib,çölə çıxdı.Qaranlıq idi.Çiskinləyirdi.Havanın sərinliyindən payızın qoxusu gəlməyə başlayırdı.
Hər ikisi islanıb üşüməməkdən ötrü qol-qola girib,iti addımlarla məhəllənin o biri başındakı evlərinə tərəf yollandılar.


ARDI VAR.



Goher Rustamova
www.kafiye.net