SÜRÜNƏN KÖLGƏ… 3



Nərgiz sanki bir aləmdən tamam yad, məchul bir aləmə düşmüşdü.O aləmin heç bir hissəsində özünü görə bilmirdi.Oradan qaçıb canını qurtarmaq üçün çapalayır, yollar axtarırdı.Lakin suallar onu rahat buraxmırdı; Kim idi bu kişi? Onunla nə əlaqəsi vardı? Nədən onunla bu qədər kinayəli danışırdı?Ondan nəyin hesabını istəyirdi?Niyə onu hədələyirdi?
Diqqətini naməlum həmsöhbətinin son cümlələrinə cəmlədi:” İstədiyim…sənin həyatını cəhənnəmə döndərməkdir!Sən zülm çəkə-çəkə yaşayacaqsan.Mənə yaşatdıqlarının cavabını bu dünyada verəcəksən!Mənə!”.
Vücudundan gizilti keçdi.Şübhələrlə dolu gizli bir qorxu hissi ruhuna hakim kəsildi.Onu bu hala salan,zəng vurub hədələyən kəs…belə çıxır ki…tanış insandır.Məqsədi də qisasdır!
“Aman Allah!, – qadın yerində o tərəf- bu tərəfə çevrildi, – neyləmişəm axı? Bu adam məndən nəyin qisasını almaq istəyir? Dayan, dayan…gərək ki,”mənə yaşatdıqlarının” deyirdi.Hə, elə dedi, – yerindən dikəlib oturdu, – mən kimə nə yaşatmışam axı?Gərək…gərək söhbəti uzadaydım,bəlkə də belə olsaydı, nələrisə aydınlaşdırmaq olardı.İndi nə etməli? Polisə xəbər verməlimi?, – müstəntiqin vizit kartına baxdı,-bəlkə, əvvəlcə Raminlə bu barədə danışmalı?, – yastığı rahatlayıb kürəyini ona söykədi, – yox…növbəti zəngi gözləmək lazımdır.Onun kimliyini dəqiqləşdirməyənə kimi bu barədə heç kimə, heç nə demək olmaz.Kim bilir…bəlkə, həqiqətən də insan səhv edirdi, onu kiminləsə dəyişik salırdı? Hər şey ola bilər.Səbr etmək, məsələyə soyuq başla yanaşmaq lazımdır, – qəti qərar verdi.
Axşam Raminin gəlişinə sevinsə də,beynini çulğalayan xoşagəlməz telefon zənginin təəssüratlarından ayrıla bilmirdi.Üzündəki narahat ifadəni ərindən gizlətməyə çalışsa da, Ramin onun əhvalındakı qeyri –müəyyənliyi aydın hiss edirdi.Bunu Nərgizin xəstəxanadakı darıxdırıcı mühitə uyğunlaşa bilməməsi ilə əlaqələndirərək:
-Darıxma əzizim, – dedi, – lap az qalıb.Həkimlə danışmışam.İki gündən sonra səni evimizə aparacağam, – gülümsədi, – hərçənd ki…bir müddət işə getməyəcəksən…eybi yox, evdə dincəlib istirahət edərsən.
-Yaxşı, – Nərgiz də gülümsəməyə çalışdı, – nə düşündüsə…, – məni…məni buradan tez apar, eşidirsən, tez apar!, – əlləri əsdi, rəngi ağardı, – mən burda qala bilmirəm! Apar məni buradan! İndi, bu dəqiqə apar!
-Sakit ol, – Ramin onun gömgöy göyərmiş dodaqlarına, rəngi qaçmış simasına baxıb həyəcanlandı, – sakit ol əzizim.Lap az qalıb, azca səbr et, – buz kimi soyuq əllərini ovcuna alıb isitməyə çalışdı, – həyəcanlanma, xahiş edirəm, hər şey keçib gedəcək.Sən olanları tez bir zamanda unudacaqsan, inan mənə.Biz yenə əvvəlki kimi sakit, rahat həyatımızı yaşayacağıq.Dözümlü ol, mənim əzizim, – qadının başını köksünə sıxdı, – səni heç vaxt tənha buraxmayacağam, həmişə yanında olacağam.Sənə bir kimsə xətər yetirə bilməz.Söz verirəm.
Nərgiz başını ərinin köksünə bir qədər də möhkəm sıxıb ucadan hönkürdü.Ramin onun vücudunun yarpaq kimi əsdiyini görüb, əllərini ipək kimi yumşaq tellərində gəzdirdi:
-Azca döz, Nərgiz, – dedi, – hələ çox zəifsən.Çox qan itirmisən.Hələlik burada, həkim nəzarəti altında olmağın məsləhətdir.Ürəyindən , könlündən nə keçirsə, yerinə yetirməyə hazıram, təki sən darıxma.Yaxşımı?Bizim qarşıda hələ o qədər gözəl günlərimiz var ki…Sənə bütün ağrı- acılarını unutduracağam.Birlikdə səyahətə, gəzintilərə çıxacağıq.
-Yaxşı, – Nərgiz köks ötürüb göz yaşlarını sildi, – səninlə o qədər rahatam ki…qınama məni, bu otaqda tək, kimsəsiz qaldıqda…
-Tək niyə olursan?, – Ramin onun sözünü kəsdi, – xəstəxana adamla doludur.İkicə gün səbr et, hər şey yoluna düşəcək.
Bu axşam Ramin xəstəxanada həmişəkindən çox oturdu,getməyə tələsmədi.Nərgizi sarsıntılardan kənarlaşdırmaqdan ötrü cürbəcür söhbətlər , zarafatlar edib başını qatdı.
Bir qədər sakitləşib təsəlli tapan Nərgiz gecə saatlarında onu arxayınlıqla yola saldı.İşığı söndürüb yuxulamağa çalışdı.Yenicə yuxuya gedirdi ki…telefon zəng çaldı.
Qadın hövlnak yerindən atıldı.Qaranlıqda əlini atıb telefonun düyməsini basdı:
-Alo!
-Yatırsan, eləmi? – kinayəli səs eşidildi, – rahat yatırsanmı?
-Kimsiz?, – Nərgiz acıqla cavab verdi, – məndən nə istəyirsiniz?Niyə zəng vurub narahat edirsiniz? Aha…anlayıram.Yəqin ki…şikayət ərizəmi geri götürməyi tələb edəcəksiniz.
-Narahat edirəm? , – kişi güldü, – bu günə qədər çox rahat idinmi? Gecələri çox rahat yatırdınmı?Vicdanınla…təkbətək qaldığın necə,olubmu? Nə zamansa ona hesabat vermisənmi?
-Anlamıram!, – qadın əsəbiləşdi, – kimsiz axı?Mənim vicdanımın sizə nə dəxli?Sizi tanımıram, tanımaq da istəmirəm!Əl çəkin məndən!
-Tanımaq istəmirsən, bilirəm, – səs təmkinini pozmadı, – amma tanımaq məcburiyyətindəsən.
-Mən müstəntiqlə günü sabah əlaqə saxlayıb hər şeyi ona danışacağam.
-Bu, sənin marağında deyil.
-Niyə?
-Çünki…qaranlıq keçmişin sənə mane olacaq.
-Hansı keçmişim? Mənim heç bir keçmişim olmayıb!Heç kimin qarşısında gözükölgəli deyiləm!
-Səhvin var.Sən vicdanın qarşısında gözükölgəlisən, – kişi sözünə ara verdi, – məni heç vaxt polislə hədələmə!Həyatda elə ləkələr var ki, onları heç nə ilə yumaq mümkün deyil…
-Nə ləkə?, – qadın hövsələdən çıxdı, – bəlkə aydın danışasınız, hə? Əgər kiminsə qarşısnda hansısa günah sahibiyəmsə…
-Özün necə?, – cavab gəldi, – özünü heç günah sahibi kimi hiss etmirsənmi?Bəlkə…yaxşı düşünəsən? Vaxtın kifayət qədərdir, -araya sükut çökdü, – keçmişini vərəqlə…bəlkə nələrisə xatırlayasan.
-Keçmişimdə nə var ki?
-Bilirsən, – səninlə nə vaxtsa rastlaşağımı qarşıma məqsəd qoymuşdum.Hətta səni yaşatmayacağıma da qərar vermişdim.Fikrimdə səninlə çox dialoqlar qururdum…deyiləsi sözlərim çox idi…amma indi…nədənsə…
-Açıq danışın , xahiş edirəm, – Nərgiz onu yola gətirməyə çalışdı, – mənə nifrətinizin səbəbi nədir axı?

Danışığımızdan belə qənaətə gəldim ki…bu illər ərzində vicdanın oyanmayıb, əksinə, onu yuxuya verməyə çalışmısan.Sənə yazığım gəlir!
-Məni üzməyin nə olar, – qadın astadan dilləndi, – günahımı deyin.Əgər doğrudan da…
-Səni günahınla baş- başa buraxıram.Onunla tanış olmaq istəyirsənsə,orta məktəbi bitirdiyin illərdən sonrakı həyatını yadına sal.İpucu da verə bilərəm.Xalan Ruqiyyəni, qonşusu…
-Dayanın! Siz…
-Qorxma, Elman deyiləm, – səs güldü, – o, artıq həyatda yoxdur.
-Aman Allah!
-Bax, həfizən yeniləndi.İndi isə gecən xeyrə qalsın.Yata bilcəksənsə, şirin yuxular!
-Gözləyin…, – qadın özünü itirdi, – getməyin, xahiş edirəm, – gözləri doldu.
-Düşün…yaxşı-yaxşı düşün!
Telefon qapandı.Deyəsən…Nərgizə nələrsə aydın olmağa başlayırdı.



ARDI VAR.



Gövher Rustamova
www.kafiye.net