A DAĞLAR, A DAĞLAR

Zirvələrdə gəzmişəm
Dənəvər qar yemişəm
Haqqında çox demişəm
A dağlar, a dağlar.

Hicrətdə yoxdu halım
Qəmli anır xəyalım
Ətrini kimdən alım
A dağlar, a dağlar.

Səsləyir gözəl çağın
Yemliyin, quzqulağın
İçməyə buz bulağın
A dağlar, a dağlar.

Elat binə düzürmü?
Göydə qartal süzürmü?
Qızıl balıq üzürmü?
A dağlar, a dağlar.

Qalıbmı körpüdə tağ?
Bar verirmi bağça – bağ?
Çalxayırmı nehrə yağ?
A dağlar, a dağlar.

Yad edib könül, kəndi
Xəyal atına mindi.
Qarşıma çıxdı Şindi
A dağlar, a dağlar

Yad gəlib oldu şərik.
Milləti etdi perik
Qalib tək görüşərik
A dağlar, a dağlar.


Mübariz Hüseyn Borçalı
www.kafiye.net