BİR GÜN BU DÜNYADAN KÖÇƏSİ OLSAM

Bir gün bu dünyadan köçəsi olsam,
Arxamca deməyin, yazıq, ya nakam.
Sevən ürəklərdə əbədi qalsam,
Bilin ki, dünyadan almışam ta kam.

Olsa da yollarım, daş, çınqıl, qaya,
Sevgi yollarında baxın öndəyəm.
Nə yaxşı gəlmişəm mən bu dünyaya,
Müqəddəs bir eşqin zirvəsindəyəm.

Bir eşqi arxamda qoyub gedərsəm,
Qoymayın gözünü, kor eyləsin qəm.
Özüm bu dünyadan köç də eyləsəm,
Ona ürəyimi qoyacam həmdəm.

Əgər vətən deyil,qürbətdə ölsəm,
Çalınsın məzarım üstə “şikəstə”.
Cənnətə vararam canımı versəm,
Sevdiyim insanın qolları üstə.

Bir gün bu dünyadan köçəsi olsam,
Oxunsun, yazılan, hər gün, hər anım.
Sevən ürəklərə cığırı salsam,
Dolansın dünyanı sevgi dastanım.



16.04.2020

Metânet Duygulu
www.kafiye.net