XƏYALLARIN ƏSİRİ.(povest) SON.


Otağı səliqəyə salan Sona ağ xalatını geyinib yerinə əyləşdi.Xəstələrin qəbulu bir saatdan sonra başlayacaqdı.Simuzərgilin qəbulu isə günorta saatlarına qeyd olunmuşdu.Ananın səhər tezdən tələsik hazırlaşmaması üçün Sona həmin saatı daha məqsədəuyğun hesab edirdi.
Qızın narahatlığı Əfruzun gözündən yayınmırdı.Tez-tez yerindən qalxıb pəncərəyə yaxınlaşması, klinikanın həyətinə boylanması,diqqətinin dağınıqlığı gözündən yayınmırdı.
Sona dərmanları gözdən keçirmək bəhanəsilə növbəti dəfə pəncərəyə yaxınlaşdıqda həkim:
-Sona, – dedi, – bir hadisə baş verməyib ki? Nədən narahatsan?
-Heç, – qız özünü itirdi, – narahat deyiləm.Simuzər ananın…
-Simuzər xanımın qəbuluna hələ vaxt var, – həkim gülümsədi, – bu, səni niyə narahat edir ki?De görüm…
-Mən Tahirə görə narahatam, – Sona özü də hiss etmədən həkimin sözünü kəsdi, – O, çox tərsdir.Gözlənilmədən qərarını dəyişə bilər.Dəyişdisə…
-Qərarını dəyişməsi ilə nə dəyişəcək? Bu klinika olmasın, başqası olsun.Əsas olan xəstənin düzgün müalicəsidir.Buna görə həyəcanlamağa dəyməz.
-Bir də ki…, – qızın üzünə xəfif qızartı gəldi, – Tahir…mənim bu klinikada, sizinlə bərabər, bir otaqda işlədiyimdən xəbərsizdir.Mən…mən ona özüm haqda hər şeyi danışmışam, tək bundan savayı.
-Niyə?
-Çünki…xəbəri necə qarşılayacağından ehtiyatlanırdım.İndi də…
-Sona, hadisələri qabaqlama, yaxşımı?, – Əfruz gülümsədi, – işin həmişə yaxşı tərəfini düşün.Burada elə bir qəbahət yoxdur.Əksinə,onlar üçün sürpriz olacaq.Sənin Tahirin, – qızın gözlərinə baxdı, – səni bu qiyafədə də, iş başında da görəcək…
“Sənin Tahirin…, – qız özlüyündə təkrarladı, – mənimmi?, – sual dolu nəzərlərlə həkimə baxdı.Bu, həqiqətən belə idimi? Əfruz niyə bu qənaətə gəlmişdi? Bununla nə demək istəyirdi?”.
-İndi isə, – həkimin səsinə fikirdən ayrıldı, – növbədəki xəstəmizi dəvəti et, darıxma, – astadan pıçıldadı, – hər şey yaxşı olacaq.
Əfruzun sözlərindən az da olsa toxtaqlıq tapan Sona fikrini cəmləyib, xəstəni otağa dəvət etdi.Başını işlə qatmağa çalışdı.Günorta saatlarına qədər həkimlə bu barədə heç bir söhbətləri olmadı.
Nahar fasiləsinə az qalırdı.Əl telefonuna gələn zəng Sonanı yenidən həyəcanlandırdı.Yerindən qalxıb cəld pəncərəyə yaxınlaşdı.Tahir anası ilə bərabər klinikanın həyətində idi.Ürəyi sürətlə vurmağa başladı:
-Alo!, – dedi.
-Sona, – Tahirin səsi eşidildi, – biz klinikadayıq.Sən hardasan?, -ətrafa boylandı, – gözümə dəymirsən.
-E…mən, – gözucu Əfruza baxdı, – mən…
-De ki, sən də buradasan, indi onlara yaxınlaşacaqsan, – həkim pıçıldadı.
-Hə…gözləyin, indi sizə yaxınlaşacağam.
Tahir maşının qapısını açıb,anasının əlindən tudu.Düşməyə kömək etdi.Aramla klinikanın giriş qapısına tərəf getməyə başladılar.Tahirin gözü Sonanı axtarırdı.
Çox keçmədi ki,ağ xalatlı, ağ papaqlı, səliqəli görkəmdə bir xanımın onlara tərəf gəldiyini gördü.Əvvəlcə diqqət etməsə də, məsafə yaxınlaşdıqca heyrətdən donub qaldı.Bu, o idi ! Sona idi !İlahi, bu geyim ona necə yaraşırdı! Bəmbəyaz su sonası idi sanki…
-Balama qurban, – Simuzər onu görcək dilləndi, – ağ xalatlı balama!.
Sona onlara yaxınlaşan kimi ilk olaraq ananı qucaqlayıb öpdü,daha sonra Tahirlə salamlaşdı.Birlikdə klinikanın ikinci mərtəbəsinə qalxdılar.
Ananın müayinəsi çox çəkmədi.Əfruz onun səhhətindəki irəliləyişdən məmnun olaraq, müalicənin sonrakı mərhələsinə başladı.Sonanın nəzarəti altında Simuzər lazım olan bütün laborator müayinələrdən və prosedurlardan keçdi.
Əfruz, anasını dəhlizdə gözləyən Tahiri otağa çağırdı:
-Ananızın səhhətində ciddi bir şey yoxdur, – dedi, – bəzi müayinələrin cavabı sabah bəlli olacaqsa da, artıq xəstəliyin ümumi mənzərəsi aydındır.Müalicəmizin növbəti mərhələsi də müsbət nəticə versə, Simuzər xanım çox yaxın vaxtlarda şəfa tapacaq.Müalicə ilə paralel xəstənin dincliyi və təmiz havada gəzintisi də çox vacibdir.
Eşitdiklərindən körpə uşaq kimi sevinən Tahir nə deyəcəyini bilmədi.Minnətdarlıq etmək üçün yaxına gəldi.Qəhərini boğub:
-Çox sağ olun, həkim, – dedi, – bu sözlərinizlə bizə həyat verdiniz.Sayənizdə anam indi özünü yaxşı hiss edir.Bundan sonra da dediklərinizə əməl olunacaq.Təki…təki anam yaşasın.Sizə minnətdarıq həkim!
-Bu, hər bir həkimin borcudur, – Əfruz gözlərini qarşısındakı sənədlərdən çəkmədən cavab verdi, -adını həkim qoyan hər bir kəs xəstəsinin sağlamlığına cavabdehdir.
-Təşəkkür edirəm sizə, – Tahir astadan dilləndi,-anasının qolundan tutub otaqdan çıxdı.
Dəhlizdə bir neçə addım getmişdilər ki:
-Ana,gözlə, – dedi.
Yenidən otağa qayıdıb Əfruz xanıma yaxınlaşdı:
-Həkim, …ötən dəfəki səbrsizliyimə görə…
-Ötən dəfə ötdü,getdi, – həkim gülümsədi, – biz, insanları anlamasaq işləyə bilmərik.Narahat olmayın, mən hər şeyi unutmuşam.Ananızın qeydinə qalın.Könlünü xoş edib, ömrünü uzatmağa çalışın,- Sonaya baxdı, – tibb bacımız da sağ olsun.Öz şəfqəti ilə neçə-neçə xəstələrimizə şəfa verib.Klinikamızın ən nüfuzlu işçilərindəndir.
-Elədir, – Tahir minnətdarlıqla Sonaya baxdı, – əməyi keçən hər kəs sağ olsun.
-Gedin, – Əfruz mehribanlıqla dilləndi, – ananızı çox gözlətməyin, – Sonaya baxdı, – tibb bacımız da anaya kömək etsə, yaxşı olar.
Qız qəfil təklifdən özünü itirdi.
-Nahar fasiləmiz başlayır, – həkim onu vəziyyətdən çıxarmağa çalışdı, – kifayət qədər vaxt var.
Sona onları ta darvazaya qədər ötürüb geri qayıtdı.Simasındakı məmnunluq Əfruzun gözündən yayınmadı.Qız mənən dinclik tapmışdı.Çöhrəsinə sakit, rahat bir ifadə gəlmişdi.
Nahar zamanı heç nə olmayıbmış kimi,nə Əfruz, nə də Sona söhbətin üstünə gəlmədilər.
Klinikanın yeməkxanasından çıxıb otaqlarına qalxarkən Sonanın əl telefonuna zəng gəldi:
-Sona!
-Eşidirəm Tahir.
-Hər şeyə görə çox sağ ol, Sona!
-Dəyməz Tahir.
-Səni…səni sevirəm, Sona! Çox, lap çox sevirəm!, – sözünə ara verdi, – bəzən…insan üz-üzə, göz-gözə deyə bilmədiklərini…amma mən…mən bunları sənə …sənin gözlərinə baxa-baxa da deyəcəyəm.Əgər…əgər icazə versən.
-Tahir…, – qızın gözləri doldu, – Tahir, -səsi titrədi, – bilsən…bir bilsən…o sözləri necə gözləmişəm…
-Mənim mələyim!, – Tahir də kövrəldi, – uğur mələyim!Sən ömrümə, həyatıma xoş gəldin!Biz birlikdə xoşbəxt olacağıq!Mən buna inanıram! Varlığım qədər inanıram!Həyat bizə yaşatdığı acıları indi də ovutmağa çalışır.Bizim sevgimiz o qüvvəyə qadirdir.Bütün səddləri, maneələri dəf edərək səadətə qovuşacağıq.
-İnanıram, -Sona yanağına süzülən damlaları əli ilə sildi, – mən buna çox inanıram.
-İnan.İnan, əzizim.
Söhbəti bitirib ətrafa nəzər salan Sona gözləri ilə Əfruzu axtardı.Onu yanında görməyincə hər şeyi anladı.Həkim telefon danışığına mane olmamaq üçün sakitcə oradan uzaqlaşmışdı.
İş gününün sonu yaxınlaşırdı.Sona da, Əfruz da gərgin işdən sonra evə getməyə hazırlaşırdılar.Sonanın telefonu zəng çaldı.
-Alo.
-Sona, iş saatın bitirmi?
-Hə.Evə getməyə hazırlaşıram, Tahir.
-Lap yaxşı.Səni klinikanın həyətində gözləyirəm.
-Yaxşı, – qız udqundu, – indi gəilrəm,- həkimə baxdı.
Əfruz gülümsəyib,başı ilə “get”işarəsini verdi.
Qız sağollaşaraq çantasını götürüb otaqdan çıxdı.Pillələri sürətlə düşüb klinikanın həyətinə endi.Ətrafa göz gəzdirdi.Baxışları Tahiri axtardı…Həyət bomboş idi.Tahir gözünə dəymirdi…
Kənarda çox zövqlü, dəbli geyimdə, saçları səliqə ilə vurulmuş,ucaboy, enlikürək, yaraşıqlı bir kişi əlində iri bir gül çələngi o tərəf- bu tərəfə var- gəl edirdi.
Sonanın gözləri güldü.Bəli, o, yanılmırdı.Bu…bu, Tahir idi!
Qız özündən biixtiyar ona tərəf qaçdı.Tahir də ona tərəf irəliləməyə başladı.İndi onlar heç kimi, heç nəyi görmürdülər.Sevgi səmasında qanad çalan bir cüt göyərçin kimi qayğısız idilər.İndi yer də , göy də onların idi…Bütün kainat onların sevgi təntənəsinə şahidlik edirdi elə bil…
Tahir əlindəki gül dəstəsini məhəbbətlə Sonaya təqdim etdi.Qız sanki bütün dünyanı ağuşuna almışdı.
Özündən biixtiyar başını qaldırıb otaqlarının pəncərəsinə baxdı.
Əfruz xoşbəxtliyə sevincini nümayiş etdirərək,gülümsəyib onlara əl edirdi.
Tahir Sonanın titrəyən əllərindən tutub:
-Gedək, Sona, – dedi.
-Haraya?, – qız gülümsədi.
-Anamızdan xeyir-dua almağa.O,bu günü illərlə gözləyib.Gedək, gedək əzizim.
Sona Əfruza əl edib,maşına mindi.
Avtomobil enli,geniş yola çıxdı.Bu yol onları səadətə, xoşbəxtliyə aparırdı.Maşın tələsmədən, aramla irəliləyirdi…



SON



Govher Rustamova
www.kafiye.net