Qınamıram


Tellərimi oxşamadın,
Külək,səni qınamıram.
Gözlərimdə yaş qoymadın,
Ürək,səni qınamıram

Yaz yağışı-ümid payım,
Bu ümidə yox harayım.
Qələm yazıb, qələm sayıb,
Fələk,səni qınamıram.

Əlim boş oldu,güldülər,
Məni min yerə böldülər
Şeytanı Tanrı bildilər,
Mələk,səni qınamıram.

Var üstündə qan tökülür,
Kasıb koması sökülür
Bərəkət ərşə çəkilir,
Çörək,səni qınamıram.

Dünya mərdə məzar olur
Düz sözə divan qurulur
Zərbə arxadan vurulur,
Kürək,səni qınamıram.

Məndən xərc istəyir ölüm
Tək canımda minbir zülüm
Xəlbirlənib elim-günüm
Ələk,səni qlnamıram.

Bizdən vəfasızlıq gördün,
Tanrım,YERƏ bəla verdin
Sən də bizdən üz döndərdin,
Neynək,səni qınamıram


Tamara Rustamova Tenha Bulud
www.kafiye.net