QALIB

Mənim dərd çəkməyə nə canım qalıb,
Daha nə dözümüm, amanım qalıb,
Ötübdür ömrümün gözəl çağları,
Açacaq sabaha gümanım qalıb!

Ay mənə dost deyib Salam verənlər,
Bu fani dünyada çiçək dərənlər,
Gəlin halallaşaq ərlər-ərənlər,
Daha azdır ömrüm,zamanım qalıb!

Çəkdim can ağrısın canımda bəsdir,
Görmədim bir kəsi yanımda bəsdir,
Bal-şəkər dolanır qanımda bəsdir,
Solğun çiçəklər tək,samanım qalıb!

Bəlkə də bu şerim vida sözümdür,
Bu Vətən,bu torpaq ağlar gözümdür,
Kül olan Xocalı mənim özümdür,
Yağıya ahlarım-amanım qalıb!

Paralanmış Vətən öldürür məni,
Yadlara, yağıya güldürür məni,
Həyatın özündən sildirir məni,
Ruhum tək sızlayan kamanım qalıb!

Sıldırım qayalar,zirvəli dağlar,
Könlüm həsrət çəkib,sizinçün ağlar,
Qəmli şerim ilə doldu varaqlar,
Gəlinlik donu tək dumanım qalıb!

Adımı çəkərsiz ağlar sözümdə,
Arayıb taparsız Şirvan düzündə
Qəvvas tək üzməyə dərya üzündə,
Hələ çox göllərim,ümmanım qalıb!

Qardaşdan-bacidan ayrı düşmüşəm,
Qalmışam aranda,odda bişmisəm,
Bu qara bəxtimdən elə küsmüşəm,
İnləyən,sızlayan bir canım qalıb!

Solmazam,taqətim tükənib daha,
Təbib çarə etmir, dərmanlar baha,
Açarsa gözümü nurlu sabaha,
Təkcə bir Allaha gümanım qalıb!


Solmaz Şirvanlı
29-02-2020
www.kafiye.net