QOŞULUN SÖZ ORDUMA.
(Bədahətən)

Ey dünyaya hökm edənlər,
Qalxıb yüksək kürsülərdən,
Mənəm -mənəm deyənlər.
Dinləyin bu sözlərimi,
Mənim sözüm sizədir.
Təəssüf bu gün haqla nahaqq,
Bərabər, göz-gözədir.

Neçə ildir torpaqların ,
Qalıb düşmən əlində?
Əzbər olub Qarabağın,
Adı düşmən dilində.
Söylə mənə nə etmisən?
Getmisənmi Şuşaya,
Ürəyindən köz qoparıb,
Yaymısanmı dünyaya?

Şəhidlərin al qanını,
Anaların fəryadını,
Basmısanmı bağrına?
Yetim qalan körpələrin,
Gözlərindən axan yaşı,
Qatmısanmı ağrına?
Gecə-gündüz düşünərək,
Olmusanmı yuxusuz?
Bircə günlük dərd çəkərək,
Qalmısanmı ac-susuz?

Bir anlıq dur, bir mənə bax,
Bir də ki, söz orduma.
O, ordu ki, səndən fərqli,
Hər gün gedir yurduma.
Əlimdəki silaha bax,
Tuşlanıbdır düşmənə,
Gecə gündüz keşik çəkib,
Xidmət edir vətənə.
Bir anlıq yum gözlərini,
Xəyalıma qonaq ol.
Qorxma, mənim xəyalım da,
Millətimə açır qol.

Qoy aparsın xəyallarım,
Səni qeyrət elinə.
Koroğlunun qılıncını,
Kəmər etsin belinə.
Bir az seyr et bu aləmi,
Bir azca da sən düşün.
Torpaqları işğal olan,
Millət məgər beləmi?
Orda varmı “Şou biznes”?
Ya da ki, kef məclisi,
Qulağını dəlirmi heç,
İgidlərin nərəsi.

İndi gör ki, kimdir igid,
Kimdir öndə gedənlər.
Əlindəki silahıyla,
Düşmənlərdən hesab çəkib,
Bağrını qan edənlər.
Amma nə bir kürsü istər,
Nə də ki, bir vəzifə.
Əlimdəki silahımla,
Ucalıram hər dəfə.
Amma ki, nə vəzifəyə,
Nə də ki bir kürsüyə.
Qoymaram ki, yaltaqlığa,
Qürurum boyun əyə.

Öz ordumla, silahımla,
Ucalıram Tanrıya.
Bacardıqca səs salıram,
Bax mən bütün dünyaya.
Ey gözləri ac erməni,
Torpaq doyurmaz ki, səni.
Onu bil ki, bir gün ancaq,
Boğa-boğa doyuracaq,
Anaların ah-naləsi,
Gəlinlərin fəryad səsi.
Körpələrin göz yaşları,
Göy üzündən yerə enən,
Haqq -ədalət savaşları.

Bax hazır ol, uzaq deyil,
Gələcəkdir o günlər.
Dünya bizi dinləməsə,
O zaman Tanrı dinlər.
Ey kürsülər, vəzifələr,
Həvəsində olanlar,
Bir-birinin saç-başını,
Vəzifəyçün yolanlar.
İndi gəlin siz qoşulun,
Mənim bu söz orduma.
Yüksələrsən sən ürəklə,
Xidmət etsən yurduma.



Müəllif. Metanet Duyğulu.
27.02.2020.
www.kafiye.net