Elana
(təcnis)

Deyəsən yetişir dünyanın sonu,
Aqillər etmişdi bunu elan, a…
Reklam geyindirir hər şeyə donu,
Həyat uyğunlaşır indi elana.

Tərəqqinin düzü hansı, tərsi nə?
Təhsil, əxlaq, geyim…Hər şey tərsinə,
Həkimlər qoymadı qala tər sinə,
Tükəzbana heyrət edir Elana!

Qəlbimizdə “Gen”lə gələn qor uyar,
Şərəf ali hissdir, onu qoru, yar!
Vətən adlı mülkü o kəs qoruyar,
Onun üçün olsa əgər, el ana.

Çingiz, sözlə dolu qaynar qazansan,
Elə yaz ki, qazan hörmət, qazan san,
Məddahlıqla bu gün nəsə qazansan,
İnanma ki, zaman keçə, el ana!



26. 02. 2020.
Çingiz Kürdəmirli.
www.kafiye.net