ZAMAN SAATI

İnsan yaranan gündən,
Ölümünə tələsib.
Həyatın başı üstə,
Zamanın yeli əsib.
Gözümüz zillənibdir
Daim vuran saata.
Bilmirik ki, qənimdir,
Saniyələr həyata.
Doğulan gündən belə,
Tələsirik irəli,
Özümüz istəyirik,
Əssin zamanın yeli.

Evimizin bəzəyi,
Olubdur böyük saat,
Həm böyük, həm bəzəkli,
Olsun ki, vursun rahat.
Hələ qolumuzdakı,
Saatlardan xəbər yox,
Qızıl gümüşdən olsun,
Ki, göz alsın daha çox.
Gözlərimiz saatda,
Tələsirik harasa,
Götürür zaman bizi,
Gah toya gah da yasa.

Uşaq yorub zamanı,
Bir az böyümək istər.
Artar arzu diləyi,
Biri birindən betər.
Arzular da bağlıdır,
Zamanın saatına.
Bunun üçün çıxıbdır,
Göyün yeddi qatına.
İnsan bu arzularla ,
Çatmaq üçün hər ana,
Qurban verir ömrünü,
Saata və zamana.

Gözlərimiz zillənib,
Daim vuran saata.
Bilmirik ki, qənimdir,
Saniyələr həyata.
Zaman aparır bizi,
Gah sevinc gah da qəmə,
Beləcə oynadaraq,
Təhvil verir ölümə.
Ey insan gözəl yaşa,
Müvəqqətu həyatı,
Son mənzilə daşıyır,
Sizi zaman saatı.



Müəllif.Mətanət Duyğulu.
21.02.2019.
www.kafiye.net