Uzaqlarda Ümid Var


Mən, istəyirəm ki,
Bütün buludlar da mənim kimi ölsün!
Fəsillər dəyişməsin.
Quşlar yuvasına çəkilməsin.
Otlar xısınlaşmasın.
Yer üzündəki bütün qaranlıq pərdələr götürülsün.
Mən, istəyirəm anamın isti əlləri
yaralarımı oxşasın.
Mən, istəyirəm ki, sular utansın
Torpaq iyrəndiyim hər şeyi içinə çəkib yox eləsin.
Bütün dünya, kainat, qalaktikalar dursun.
Ulduzların parçaları parçalarımı birləşdirsin.
Mən, rəngləri itirmişəm.
Mən, cəsarətsizəm,
Anam mənə cəsarət öyrətsəydi,
Bütün təcavüz olunan qızların haqqını geri alardım.
İnsanlara həyat öyrədən insan,
Yaşanan heç bir şeyi geri qaytara bilməyəcəyini anlayır və susur.
Bütün pisliklər, təmiz və ağıllı insanların başına gəlir.
Mən ağıllı insanlara insansızlıq öyrətmək istəyirəm.
İçindəki gülüşü çarmıxa çəkəni
Çarmıxa çəkildiyini gözlərimlə görmək,
Qanımdan çiçəklər bitməsini gördüyüm gün yaşadığım günün Rənglənəcəyinə əminliyim var.
Bir daş olsam…
Yer kürəsi boğazlayıb canımı.
Uzaqlarda bir ümid var deyirlər
Məkansiz və zamansız…

29.01 2020. İstanbul.


Gülnarə İsrafil.
www.kafiye.net