SON GÜNLƏR GÜNDƏMİ ZƏBT ETMİŞ NƏNƏLƏRİN ŞƏRƏFİNƏ .



Ucqar dağ kəndində yaşayan Züleyxa arvadın yaşı yetmişi ötürdü.
Əri Qasım kişi beş il olardı ki, dünyadan köçmüşdü.İki oğul böyüdüb ərsəyə çatdıran qarı indi köhnə daxmasında tək- tənha yaşayırdı.
Böyük oğlu Ələmdar Bakıda fəhləliklə məşğul idi.Ailəsini dolandırmaqdan ötrü ən ağır işlərə də etiriaz etmədən gedirdi.Maddi durumu çox ağır idi.
Kiçik oğlu Qafar isə işləmək adı ilə Rusiyaya üz tutsa da, sonradan rus qız ilə evlənib birdəfəlik orada məskunlaşmışdı.Anası, qardaşı yadına da düşmürdü.Nə bir məktub yazıb hal-əhval tutur, nə də zəng vurub dolanışıqları ilə maraqlanırdı.
Ana hər iki oğlunun xiffətini çəkirdi.Minbir əziyyətlə böyüdüb başa çatdırdığı balaları bu yaşında ona həyan olmaq əvəzinə, taleyin ümidinə qoyub tərk etmişdilər.
Vaxtilə at belində gəzən, qışın çovgununda, şaxtasında dizə qədər qara bata-bata su daşıyıb evinin hər işini görən bu qoçaq qadın indi çox əziyyət çəkirdi.Qüvvəsi get-gedə tükənirdi.Nə həyət – bacaya lazımınca baxa bilirdi, nə də özünün ən adi tələbatlarını ödəyə…Yaz- yay aylarında qismən də olsa kəndin səs- küyündən toxtaqlıq tapırdı. Qış isə onun üçün get-gedə faciəyə çevrilirdi. Hərənin evinə çəkilib, özünə başı qarışdığından kənddə qəribə bir səssizlik hökm sürürdü.Bu sükut onu yamanca darıxdırırdı.Yeganə ümidi qonşuluqda yaşayan Haqverdi və onun ailəsi idi.Vaxtilə Ələmdarla bir sinifdə oxuyan Haqverdi qarıya ara- sıra baş çəkir, dükan bazardan lazımi ərzaqları alır, rayon mərkəzinə yolu düşəndə təqaüdünü alıb onu sevindirməyə tələsirdi.Qarı yalnız bir düşüncə ilə yaşayırdı:” Allahım, ölüm haqdır.Səndən bir təvəqqem var , qurbanın olum,vaxtım çatanda canımı birdəfəlik al. Məni heç kimin ümidinə qoyma, yalvarıram sənə.Az ağrı, asan ölüm…”.
Bu axşam da Züleyxa arvad lal- kar adamlar kimi yenə səssiz- səmirsiz idi.Köhnə, bir tərəfi sınıq divanda oturub mürgüləyir, arabir gözünü açıb Haqverdinin verdiyi köhnə televizora baxır, yenidən xumarlanırdı.Sobada yandırdığı oduna da qənaət etmək məcburiyyətində idi.Qışın şaxtasında kimə ağız açacaqdı?
Dodaqlarının quruduğunu hiss edib, çay süzmək üçün yerindən dikəldi.Elə bu an gözü yenidən televizora sataşdı.Qaşlarını düyünləyib, gözlərini qıydı.Səliqəli, zövqlə geyinmiş yaraşıqlı bir kişi elə gözəl danışırdı ki, arvadın matı- qutu çəkilirdi.Çay içmək də yadından çıxmışdı. Arabır qalstukuna sığal çəkən həmin şəxs tezliklə onların kəndinə gələcəyinə, bütün problemlərini qısa vaxt ərzində həll edəcəyinə kişi kimi söz verirdi.Ara-sıra kövrəlirdi də…
Qarı yenidən divana çökdü:” Şükür kəramətinə ay Allah! Səsimi eşitdin!”.
Gecədən yağan qar aram vermirdi.Züleyxa arvad pəncərədən həyətinə baxır, köks ötürürdü.Qar onun hər işini əngəlləyirdi.
Darvaza məhkəm döyüldü.Arvad duruxub qaşlarını çatdı. Görəsən kim ola? Xeyirdimi?Bir həyətdəki qalın qara, bir də qapının ağzındakı nimdaş başmaqlarına baxdı.
Darvaza isə dayanamadan döyülürdü.
-Ay Züleyxa xala! , – Haqverdinin səsi idi, – aç da! Hardasan? Mənəm. Yanına qonaqların gəlib! Qorxma, aç!
-Hə? Nə ?, – qarı özünü itirdi, – Qonaq? Aman Allah! Balalarımdımı?
Züleyxa tələsik yun şalını çiyninə saldı.Başmaqlarını geyinib, qara bata- bata tələsik darvazaya tərəf getdi.
-Ay Züleyxa xala! Hardasan ay arvad! Aç qapını da! Dedim axı, qonağın var, – Haqverdi dil-boğaza qoymurdu.
-Gəldim,gəldim, – yun corabları qara batıb islanan Züleyxa xırıltılı səslə cavab verdi, – Hövsələn olsun da a bala! Nə olub, nə həşirdi?
Var gücünü toplayıb, darvazanın çəftəsini çəkən Züleyxa heyrətdən donub qaldı. Onu qara basırdı nədi? Axşam televizorda danışan kişi…
-Hə, Züleyxa xala,- Haqverdi həyatından çox razı adamlar kimi gülümsədi, – buyur, qonaqlarını qəbul et!
-Nə…qonaq…, – arvad özünü itirdi. Bir tanımadığı kişilərə, bir də yaş corablarının içində buzlamış ayaqlarına baxdı.
Gələnlərdən biri onu ərklə qucaqladı:
-Salam ay nənə!
Arvad onun qolları arasında çapaladı:
-Booyyy, bu nədi a bala!
Gənc onu yeniən köksünə sıxdı.Arvad ikinci dəfə də “ A bala!”çığırdı.
Üçüncü “ A bala”da ayaqları yerdən üzüldü. Qüvvətli qollar onu göz qırpımında həyətdən evə keçirib, ehmalca divana oturtdu:
-Xoş gördük ay nənə! Canım nənə! Gözüm nənə! , – yaraşıqlı kişi dilləndi, – narahat olma. Biz etibarlı insanlarıq. Bu gənc də sənin balan. Yaşlılara hörmət etmək bizim mənəvi və vətəndaşlıq borcumuzdur!Sənə qurban olaram ay nənə!
Yazıq arvadın nitqi tutulmuşdu. Maddım- maddım Haqverdinin üzünə baxırdı. Baxışlarıyla sanki ona “ Canın yansın , a Haxverdi , – deyirdi, ə, a bala , bu nə oyundu başıma açrsan?”
-Həəə, – Haqverdi irəli gəldi, – gözün aydın, Züleyxa xala! Bundan belə heç nəyin dərdini çəkməyəcəksən! Yağ içində böyrək kimi yaçayacaqsan! Bütün problemlərin həll olunacaq! Tək sənin yox haa, – fəxrlə qonaqlara baxdı, – bütün kəndin!Yollar çəkiləcək, evlərə qaz veriləcək, tənha qocaların evləri təmir olunacaq, hər ay ərzaqla təchiz olunacaqlar,yeni xəstəxana,məktəb, uşaq bağçası tikiləcək.Kimsəsizlərə hər cür yardım olunacaq!
-Nə yaxşı, a bala!, – arvadın gözləri doldu, – Allah ağzından eşitsin!
-Hələ bu harasıdır!, – kişi qarının buz kimi əllərini ovcuna aldı. Qırışlarına diqqətlə baxdı, – kövrəldi sanki, – əllərinə qurban ay nənə!Qoy bir bu əllərdən öpüm!
-Yox ay bala!, – nənə tərəddüd etdi, – əlimi niyə öpürsən?, – yenə Haqverdiyə baxdı.
-Öpəndə nolar ay arvad, – Haqverdi dilləndi, – o da sənin balan. Bir də ki, sən bununla fəxr etməlisən, bəli, bəli. Bir gör qapına kim gəlib! Zarafat deyil e ! Bu boyda kişi ayağına gəlib! Bunu hər adam etməz! Məllim bizim adamdı, – qımışdı, – dərd-sər adamıdı, hə vallah.İnsanlıq başqa şeydi.
-Nənə, – sən mənə inan, mənə güvən , gör həyatın necə dəyişir! Xoşbəxt günlərin qarşıdadı.
Arvad nə deyəcəyini bilmir, ara- sıra udqunurdu.
-Məllim bizim kəndimizin bütün problemlərini yoluna qoyacaq, – Haqverdi işgüzar görkəm aldı, – biz onu seçsək , tam xoşbəxt olacağıq!
-Məndən nə istəyirsiz, a bala, – Züleyxa güclə eşidiləcək səslə dilləndi.
-Sənin nəyin var ki, nə də istəyək?, – Haqverdi ucadan güldü.
Qonaqlar da bir-birinə baxıb qımışdılar.
-Sən bu kəndin ağbirçəyisən, – Haqverdi davam etdi, – bu adamlara inanıb səs verməlsən, vəssalam!
-Nə səs?Səs nədi?
-Nənə, canım nənə, gözüm nənə! , – kişi , qarıya nələrisə başa salmağa çalışan Haqverdini qabaqladı, – mən sizin kənddən namizədliyimi irəli sürmüşəm.Sən və başqa kənd adamları mənə səs verməlisiniz ki, mən də sizin bütün işlərinizi yoluna qoyum, – nənəni bağrına basdı, – mənim gözəl nənəm! Gül qoxuna qurban olum! Donmuş əlinin, ayağınn qadasın alım elə…
Yazıq arvadın gözləri doldu:
-Mən sənə qurban a bala! Səs nə olan şeydi ki, hay? Səsim də sənə qurban, evim- eşiyim də!
-Elə isə qoy səni bir də öpüm ay nənə!
Arvad necə çapaladısa, tər – su içində gözlərini açdı.Nəfəsi təntidi.Ürəyi sıxıldı:
-Ağız bu nəydi, booyy!Xəjələt oldum!Evin yıxılsın Haxverdi!, – ətrafa baxdı, – vay dədəm vay, yaxşı qutardım a bala! Yuxu görürəmmiş!, – ürəyi yerinə gəldi, – o dünyada nə cavab verəjəhdim?
Yerindən ehmalca qalxdı.Üzünün tərini yaylığına sildi.Dərindən nəfəs aldı.Pəncərədən həyətə boylandı.
Gecədən yağan qar dayanmaq bilmirdi.Həyətdə düz dizə qədər çıxmışdı.Qarı bir qara, bir də nimdaş başmaqlarına baxdı…
Elə bu vaxt darvaza möhkəm döyüldü!…..
-Ay Züleyxa xala! Züleyxa xala huuuyyyy!Aç darvazanı, mənəm, Haqverdi..




Govher Rustamova
www.kafiye.net