Tanrım

Bir gün bütün çiçəklər solar…
Bir gün quşların göz yaşlarını siləcək çiçəklər bitər.
Tək insanlıq yox olar, Tanrım.
Sabahların qərib açılması
Gecəni öldürər.
Qan damlayar hansısa döşəməyə
Təmizlikdən.

Qan kusar divarlar, hər gün qusar…
Yoxluq içində gecələr
Tüstü tıxayar nəfəs yollarına.
Qaranlığın işığını söndürər adamcıq
Tutulmuş göy
Açmaz qaranlığı.
Bütün çiçəklər ağlayar,
Bütün çiçəklər
rəngsizləşər…
Yox ömrüm, qədəh- qədəh həzm olar.
Var ömrüm
Böyüyər…
Yaza bilmədiyim sözlərin içində itirər özünü.
Nə kəpənəklər uçar, nə də çiçəklər açılar gələn sabah.

Kim gülsə,
qatilin əl nişanı
qan sağılmış gözlərin içində qalar.
Şeirin başı ayağına çevrilər.
Mən, ölmədim, o gün, titrək- titrək ağlayar…

Sən də ağla, Tanrım,
Tanımadığım agrılarımı ağla,
Yadlığında ağla!
Ruhun qəhəri boğar sükutumu,
Tanrım!..

28.01. 2020. İstanbul.

Gülnarə İsrafil.
www.kafiye.net