SƏSSİZ FƏRYAD Povestindən

Məhtabın toyu günü yazdığı şeir.

Hər tərəf bəyaza bürünmüşdü o gün.Məhtabın ürəyinin dərinliyindən göylərə ucalan səssiz fəryadı yalnız, ürəyi olanları yandırıb yaxırdı. Ağ gəlinlik bir alov parçası olaraq, onun bədənini və ruhunu elə yandırırdı ki, bir anlığa onu soyunub atmaq, və izssiz bir yerlərə qaçıb sığınmaq istəyirdi.Amma yenə də kimsə duyuq düşməsin deyə, gülümsəyir, özünü xoşbəxt kimi göstərirdi. O, sevmədiyi bir insanın evinə gəlin köçəcəkdi. Hələ də “ağ atlı oğlan”nağılına inanan Məhtab, Vüsalı həmin o, ağ atın belində gələcəyini və məhz bu gün hər kəsin gözü önündə onu da atının tərkinə alıb uzaqlaşacağını ümüd edirdi.Ürəyindən isə süzülən bu misralar idi.

Qəlbimin fəryadı çatır göylərə,
Mələklər toy günü tutur yasımı.
Alıb əllərinə ağ gəlinliyi,
Geydirir əynimə qəm libasımı.

Elə bir haldayam, təkcə dərdimi,
Bilərək, çiçəklər boynunu bükür.
Qap-qara buludlar çöküb üstümə,
Mənimlə bərabər göz yaşı tökür.

Üzümdə parlayan saxta gülüşlə,
Bu gün hər kəs məni xoşbəxtəm sanır.
Məhəbbət elə bir dağ çəkib mənə.
Yarası bitmədən göynəyib yanır.

Bu gündən ayrı bir həyat başlayır,
Adını qoyuram müqəddəs yalan.
Sevgi nağıllarım tərk edir məni,
Daha gəlməyəcək ağ atlı oğlan.

Bir zərrə ümüdlə, axtarır yenə,
Ağ örpək altından onu gözlərim.
Gəlməsə, bəlkə də bir ömür boyu,
Bir mən olacağam bir də dizlərim.

Bu misralar onun dilində deyil, səssiz-səssiz fəryad edən ürəyində səsləndi ki, onun da acısı bir damla yaş olub, kipriyinin ucundan süzülüb, Məhtabın solğun yanağında dayandı.
Bu bir damla göz yaşı nələr danışmırdı, nələri ifadə etmirdi ilahi. Qapıda səslənən vağzalı səsi, onun qulaqlarında matəm təbili çalırdı. Məhtab həmin gün, ürəyinin dərinliklərində dəfn etdiyi sevgisini ağlayırdı.



Müəllif.Metanet Duyğulu.
www.kafiye.net