KİMDİR GÜNAHKAR?

Bu dünyadan, giley -güzar edənlər,
Deyin, kimdir səbəb vəhşətə vaya?
Bir-birini mal-mülk üçün didənlər,
Bizmi günahkarıq, yoxsa ki, dünya?

Tanrı dünya adlı kürə göndərib,
Min bir nazı-nemət, gözəllik verib.
Olmuşuqsa əgər vətəndə qərib,
Bizmi günahkarıq, yoxsa ki, dünya?

Biri-birimizə düşmən olmağa,
Qardaşı xor görüb gözün oymağa.
Yaxşının yerinə yaman qoymağa,
Bizmi günahkarıq yoxsa ki, dünya?

Silahlar kəşf edib, evlər yıxırsaq,
Fəryada, laqeyid durub baxırsaq.
İblisə əl verib, şeytan olursaq,
Bizmi günahkarıq, yoxsa ki, dünya?

Yaltaqca, yaxşıya yaman deməyə,
Yetimin, məzlumun haqqın yeməyə.
Alışıq deyilsək halal əməyə,
Bizmi günahkarıq yoxsa ki, dünya?

Yurdlar xarabazar, viran olursa,
Günahsız körpələr yetim qalırsa.
İnsanlar, insanın canın alırsa,
Bizmi günahkarıq yoxsa ki, dünya?

Zamanla ar gedib, namus itibsə,
Güllərin yerində, tikan bitibsə.
Qiyami-qiyamət gəlib yetibsə,
Bizmi günahkarıq, yoxsa ki, dünya?

Çoxdur bu dünyaya gəlib gedənlər,
Hər qarış torpağın viran edənlər.
Dünyadan-dünyaya giley edənlər,
Bizmi günahkarıq yoxsa ki, dünya?



Müəllif.M.Duyğulu.
26.12.2019.
www.kafiye.net