MƏNİ


Sənsiz günlərim ay, ayım il keçir,
Həsrətin sürüyür dağlara məni.
Xəyalın gözümnən gəlib su içir,
Aparır ötüşən çağlara məni.

Hər gecə yuxular çəkilir ərşə,
Yox olur üzümdən təbəssüm, nəşə.
Deyəsən gözlərim tapıbdır peşə,
Tutur gizli-gizli ağlara məni.

Saçımı həsrətin yeli darayır,
Əllərim əlini gəzib arayır.
Mənə doğma gəlmir nə ev, nə bayır,
Sanki, gətirirlər “tığlara” məni.

Dərdlər qoşun çəkir, çalaraq cəngi,
Pozulur həyatın şadraq ahəngi.
Dəyişir dünyanın gözümdə rəngi,
Alır ağuşuna ağ-qara məni.

Artır saçlarımda bəm-bəyaz dənim,
Sanki heç gəncliyim olmamış mənim.
Gecələr ömrümə kəsilib qənim,
Sübhədək çəkirlər hey dara məni.

Sənsiz ürəyim də olur duyğulu,
Büsbütün oluram ruhumun qulu.
İp ilə çəkirəm getdiyin yolu,
Bəlkə tez götürə dildara məni.

Müəllif.M.Duyğulu.
11.01.2020.
www.kafiye.net