Qorxusu olmur, qağa

Mükəmməl sarılmışam, qələm kimi yarağa,
Bəzən sərhədlər aşıb, çox çıxıram qırağa,
Yazdığım səbəb olur, billəm böyük marağa,
Təəccüb etmədim heç, aldığım bir sorağa,
İslanmışın yağışdan, qorxusu olmur, qağa.

Bu bir ömür yoludur, gah eniş, gah yoxuşdur,
Kimisinə fəlakət, kimisinə naxışdır,
Mənimsə öz mövqeyim, tamam başqa baxışdır,
“Ho” var dağdan endirər, “ho” var qaldırar dağa,
İslanmışın yağışdan, qorxusu olmur, qağa.

Şeirimdə çox incə, məqamlara toxundum,
Çoxları tərəfindən, vərəqləndim, oxundum,
Hisslərə məlhəm oldum, dönüb gülə qoxundum,
Təbimi susdurmadı, gələn hədə-qadağa,
İslanmışın yağışdan, qorxusu olmur, qağa.

Yaratdılar nahaqdan, ətrafımda qalmaqal,
Artı yalançı “dostlar”, eləcə də qeylü – qal,
Bəzisi məhrəm bilib, etdi mənə ərzi-hal,
Baxdım, gözü burnundan, görmür azca uzağa,
İslanmışın yağışdan, qorxusu olmur, qağa.

Tutmuş idim ürəkdə, gözəl bir niyyət deyim,
Boş yerə çəkmişəmmiş, bəlkə əziyyət deyim,
Nəsihət deyim buna, yoxsa vəsiyyət deyim?..
Birin özün yeyəndə, birini ver sadağa,
İslanmışın yağışdan, qorxusu olmur, qağa.

Çingizəm, axtarıram…Ucuz ölüm qəhətdi,
Xeyli zaman gözlədim, dözüb saxladım həddi,
Gəl, dilinə sahib ol, çünki sümüksüz ətdi,
Quş dimdiyindən düşür, əksər halda duzağa,
İslanmışın yağışdan, qorxusu olmur, qağa.



Çingiz Kürdəmirli.
www.kafiye.net