HƏSƏD. (roman) 99



Sevilgil nahar yeməyini yenicə bitirmişdilər ki, qapının zəngi çalındı.
Gələn Xavər idi. Söz verdiyi kimi Zəhranı darıxmağa qoymur, hər gün bir saatlıq da olsa, ona baş çəkirdi.Zəhra da ona çox bağlanmışdı, gəlişini səbrsizliklə gözləyirdi. Yeməyi də həmişəkindən artıq bişirirdi ki, qonağı gələndə ona layiqli süfrə açsın. Öz hazırladığı təamlardan, şirniyyatlardan pay gətirən Xavər isə onun xətrinə dəymir, açdığı süfrəyə məmnuniyyətlə qonaq olurdu.
Görüşüb mətbəxə keçən Xavər Sevilin yır- yığışını görüb təəssüflə:
-Ayyy, bir gör, – dedi, – naharınıza gecikdim deyəsən.Sizinçün məxsusi hazırladığım yeməkləri vaxtında çatdıra bilmədim.
-Çanınız sağ olsun, – Zəhra gülümsədi, – bu dəfə də siz bizim süfrəmizin qonağı olun.
Aclığı olmasa da, Xavər Zəhranın sözünü yerə salmadı.Gülümsəyib masa arxasına əyləşdi.
Anaların şirin söhbət etdiklərini görən Sevil otağına keçmək üçün hər ikisindən icazə aldı:
-Etiraz etmirsinizsə, mən otağımda bəzi işlərimi qaydaya salım.
-Buyur qızım, – Xavər dilləndi, – mən də çox yubanmayacağam.Axşam qonaqlarım olacaq. Əgər istəsəniz, siz də buyura bilərsiniz.
Sonuncu cümləni bir qədər ehtiyatla deməsindən hiss olunurdu ki, qonaqları…
-Bacım Zivərgil olacaq, – sözünə davam etdi, -Məncə…
-Bizə görə narahat olmayın, – Zəhra onu çətin vəziyyətdən qurtarmaq istədi, – biz axşam gəzintisinə çıxmaq istəyirik.Çoxdandır qızlarımla birlikdə gəzintiyə çıxmıram.Arzu da işdən gəlsin, dənizkənarı bulvara gedəcəyik.
Xavər onu yaxşı anlayırdı. Özü də belə bir vəziyyətə düşsəydi, bəlkə də…nə edəcəyini bilməzdi. Amma ailələrin bir- birinə qarşı mehribanlığının bir yolu da Zivərin daxilindəki kini əritmək, Zəhraya və qızlarına olan münasibətini köklü dəyişmək idi. Lakin necə?
Hər şey zərgər dəqiqliyi ilə ölçülüb- biçilməli, ən xırda ehtiyatsızlığa belə yol veriməməliydi.Zəhranın mülayimliyi, səbri, ağıllı düşüncəsi ilə bu işi yoluna qoymaq nə qədər asan idisə, məkrli, ədalı, tündxasiyyət bacısı ilə bir o qədər çətin idi.Xavər həqiqətən qəliz sual qarşısında qalmışdı.
Sevilin mətbəxdən çıxdığını görüb bir qədər ürəkləndi:
-Bilirsiniz Zəhra…biz analar övladlarımızın xatirinə …
-Sizi anlayıram, – Zəhra əli ilə süfrənin kənarını sığalladı, – bala üçün canımızı da fəda edərik.Həyatda onlar üçün yaşamırıqmı?
-Elədir.Təki onlar xoşbəxt olsun!
-Amin, bacı , amin!
Sevil otağının qapısını bağlayıb, acıqla kresloya əyləşdi.” Bacımgil olacaq…Çox lazımdır bizə sənin Zivər bacın!, -dodağını çeynədi, – guya vəziyyəti bilmir.Sənin bacınkimilər biz yoxsulları həzm edə bilmir! Belələrindən adama ancaq ziyan gələr!”.
Əsəbiliklə yerindən qalxıb, otaqda var –gəll etdi, pəncərəyə yaxınlaşdı.Özündən biixtiyar qarşı tərəfdəki binalara baxdı. Gözü…Azadın işarə etdiyi binaya sataşdı. Həmin o binaya…O binaya ki, sakini Azad idi.
“Aman Allah!, – düşündü, -bu ki…bu ki…, – gözləri sevincdən doldu, – biz ki, səninlə lap yaxındayıq, Azad!Sən…sən indi bu mənzillərin hansındasan?Səni necə görüm Azad?Sən də məni düşünürsənmi? Görməyə can atırsanmı? Hiss edirəm…mənə biganə deyilsən, amma…sən də mənim qədər…”.
-Ayy, bacım nə düşünür belə?, -Arzunun səsi onu fikirdən ayırdı, -mane olmadım ki?
-Yox, – Sevil gülümsəməyə çalışdı, – nə tez gəldin?
-Hə, – Arzu da gülümsədi, – bu gün axşam sizi maraqlı bir gəzintiyə aparmaq fikrim var, – pəncərənin kənarında dayanan bacısını qucaqladı, – sən nəyə baxırsan?
-Evlərə, binalara, mənzillərə…, – Sevil yenidən Azadın yaşadığı binaya tərəf baxdı, – bilirsən…hərdən düşünürəm…kənardan kibrit qutusuna bənzəyən bu evlərin hərəsində bir həyat var.Bir – birinə bənzəməyən bir həyat…
-Maraqlıdır, – Arzu heyrətini gizlətmədi, -bacımın romantik duyğuları dilə gəlib, – aha, davam et.
-Yox, bu romantika deyil, həqiqətdir, -Sevil astadan dilləndi, -hərəsinin öz dünyası…öz aləmi…
-Mmm…, – Arzu sınayıcı nəzərlərlə bacısını süzdü, – deyəsən maraqlı söhbət var axı.Hə?Bəlkə…bəlkə mənə deyəcəklərin var?
-Bilmirəm.Amma…
-Sevil…biz bacıyıq.
-Ciddi bir şey yoxdur.Sadəcə…
-Sevil…
-Bilirsən…
-De.Həyəcanlandırma məni.
-Arzu…
-Qızlar, gəlin Xavər xanımla görüşün! Nə qədər təkid etsəm də tələsir, getmək istəyir, – Zəhranın səsi gəldi.
-Hə, üzrlü hesab edin, – Xavər dilləndi, – sabah sizinlə daha çox vaxt keçirəcəyəm.İndi isə getməliyəm.Yenə də düşünün, axşam qonağımız olsanız sevinərik.
Qızlar otaqdan çıxıb Xavəri hörmətlə yola saldılar.
Arzu da əynini dəyişib, əl-üzünü yudu.Bacısına görə keçirdiyi narahatlığı anasına bildirməmək üçün ehmalca otağa kecib qapını bağladı:
-Hə , Sevil, – astadan dilləndi, -de görüm nə olub?
-Ay qız, heç nə olmayıb, – Sevil gülümsədi, – bacını tanımırsan?
-Tanıyıram.Özü də yaxşı tanıyıram. Sözlü adama oxşayır.
-Bilirsən, Arzu, – Sevil ciddi görkəm aldı, – səndən heç nəyi gizlətməyəcəyəm.Dinləməyə hazırsansa…
-Əlbəttə hazıram. Buyur.
-Sakitləş, – Sevil güldü, – pis heç nə eşitməyəcəksən.Mən…olduğu kimi danışım, sən bir yol göstər, yaxşımı?
-Dinləyirəm.
Sevil son günlərdə olanları tam təfsilatı ilə bacısına danışdı. Doğrudur,öz hissləri ilə bağlı bəzi məqamların üzərindən ötüb keçsə də, Arzu hər şeyi yaxşı dərk edirdi.Bacısı danışdıqca, üzündən- gözündən saçan sevgi işığını duymaq o qədər də çətin deyidi.Sevilin ürəyinə məhəbbət toxumu düşmüşdü və anbaan cücərməkdə idi.Onu dinlədikcə, özünün də yaşadığı eyni hissləri xatırlayır, arabir xəfif gülümsəyirdi.
Qızların gizli pıç-pıçı ananın nəzərindən yayınmırdı. Amma müdaxilə etmək üçün də bir səbəb tapa bilmirdi.
Birdən Xavərin dəvətini xatırladı. Hə, əlbəttə…
-Qızlar, – deyib, qapını tıqqıldatdı.
-Gəl ana, – Arzu heç nə olmayıbmış kimi səsləndi.
-Qızlar, Xavər xanımın təklfinə necə baxırsınız , hə?
-Necə baxacağıq?, – Sevilin siması dəyişdi, – Mən o qadını görmək istəmirəm!Sən də kəsə cavab verəydin gərək. Bizi özündən qat-qat aşağı təbəqədə görən biri ilə üz-üzə gəlmək nə qədər…
-Anladım.., – Arzu dilləndi, -bayaq Çingiz dedi ki…
-Onlar ad günündə olanları yaxşı gördülər və bildilər! Yenidən, heç nə olmayıbmış kimi onlarla necə görüşək? Növbəti dəfə aşağılanmağımızı gözləyəkmi?Əslində…Xavər xanım bu təklifi heç etməməliydi.
-Xavər xanım münasibəti düzəltmək istəyir qızım. Onu da başa düşmək olar. Nə qədər olmaya, doğma bacısıdır.
-Doğma bacısı da , ona hörmət qoyub, qonaqları ilə o cür rəftar etməməliydi.
-Sakitləşin, – Arzu söhbətə qarışdı, – gəlin bu məsələnin həllini zamanın ixtiyarına verək.Olan oldu, keçən keçdi. Bizi onlarla üz- üzə gəlməyə heç kim məcbur etmir.Məqsəd yalnız mehriban münasibət qurmaqdır.Xavər xanım buna çalışır.
-Hə,elədir, – Zəhra razılaşdı, -gəlin mübahisə etməyək. Arzu doğru deyir, zaman özü hər şeyi yoluna qoyacaq.



ARDI VAR.


Govher Rustamova
www.kafiye.net