HƏSƏD(roman) 98



Sevil bir söz demədi.Başını qaldırıb bir də Azadın gözlərinə baxdı.Orada öz əksini gördü.”Ahh…elə sona qədər bu gözlərin dərinliyində qala bilsəydim…bir ömür boyu səninlə bax beləcə, yanaşı addımlaya, səsini dinləyə, qəlbinə hakim kəsilə bilsəydim…”düşündü. Astadan:”Salamat qalın”, – deyib ayrıldı.
Binaya tərəf irəlilədikcə Azadın hələ də onun arxasınca dayanıb baxdığını bütün varlığı ilə hiss edirdi.O baxışların təsirindən müvazinətini itirə biləcəyindən , hətta büdrəyəcəyindən belə ehtiyat edirdi.
Vücudundan gizli bir üşütmə keçdi.Fikirləri, düşüncələri o qədər qarışıq idi ki, onları yerbəyer etmək üçün zaman,məkan arayırdı.Yeganə çıxış yolu evə tez yetişib,otağında xəyaları ilə tənha, başbaşa qalmaq idi.
Zəhra qızının gəlişini səbrsizliklə gözləyirdi.Son günlər kefsizliyinin səbəbini də özlüyündə başqa cür yozurdu.Düşünürdü ki, Sevil yəqin , məcburiyyət qarşısında qalıb qiyabi oxumağa qərar verib.Maddi ehtiyac ucbatından tələbə yoldaşlarından ayrılmalı olub. İndi də onun xiffətini çəkir…Yazıq ana bu məqamda da özünü günahlandırırdı.” Gərək razı olmayaydım, – düşünürdü, -birtəhər dolanardıq…Uşaq indi həm oxumalı, həm də işləməli olacaq.Əlbəttə…fikir çəkməyib, neyləsin?
Qapının zəngi onu fikirdən ayırdı.Sevili qarşılamaq üçün tələsik dəhlizə keçdi.Çöhrəsinə süni də olsa, təbəssüm verməyə çalışdı.
Sevil indi daha fikirli idi. Anası ilə ağızucu salamlaşıb otağa keçdi.Qapını ehmalca bağlayıb səliqə ilə yığılmış çarpayısının kənarına əyləşdi. Otaqdakı səssizlik ruhuna dinclik gətirdi.İndi onun məhz bu sükuta böyük ehtiyacı vardı.Əhvalı eynən , güclü fırtınadan sonrakı sakitliyə bənzəyirdi.Təlatümsüz, sakit, dalğasız bir dənizi xatırladırdı.
-Qızım, – Zəhranın səsi gəldi, – otağa gələ bilərəmmi?
-H…Hə…gəl, gəl , ana, – özünü ələ aimağa çalışdı.
Zəhra otağa keçən kimi, qızını bağrına basdı:
-Başına dönüm Sevil, nə olub sənə? Niyə bikefsən? Səni belə görəndə dünyam alt –üst olur!Özümü danlayıram, – kövrəldi, – bilirəm…bilirəm, tələbə dostlarından ayrılmaq sənə ağır gəlir.Nə qədər olmaya, isinişmişdin, üzün- gözün öyrəşmişdi.Tələbəlik həyatı yaşayırdın.Ailədəki vəziyyət səni bu addımı atmağa məcbur etdi…Amma nə qədər gec deyil, qərarını dəyişə bilərsən qızım.
-Niyə ki?,- Sevil gülümsəyib anasını qucaqladı, – qərarım qətidir və məni bu addımı atmağa heç kim məcbur etmir, öz istəyimdir, – gözləri güldü, – indi bu, mənə hava və su kimi lazımdır.İnan mənə…çox lazımdır…
-Nə deyirəm, – Zəhra çaşqınlıqla qızına baxdı, -elə isə, bəs niyə…
-Narahat olma, – qız anasının nə deyəcəyini yaxşı anlayırdı, – mən artıq balaca, şıltaq Sevil deyiləm.Böyümüşəm ana, böyümüşəm…
-Şükürlər olsun!, – ana əlini göyə qaldırdı, – təki ciddi bir səbəb olmasın. Səni fikirli görəndə özümə yer tapa bilmirəm.Şıltaq olsan da, mənim əziz balamsan, ayağına bir daşın belə toxunmasına razı olmaram.
-Dedim ki, narahat olma, – Sevil güldü, -məni də çox aciz bilmə.De görüm, nə bişirmisən hə?
-Mmm…,bir bilsən hələ, – Zəhranın çöhrəsi güldü, -qalx, gəl əl – üzünü yu, birlikdə nahar edək.
-Yaxşı, -Sevil razılaşdı, -süfrə hazır olana qədər mənə vaxt ver.Hava çox istidir, azca rahatlayım, gəlirəm.
Ana sevincək otaqdan çıxdı.Can –başla nahar süfrəsi hazırlamağa başladı.
Sevil nə düşündüsə gülümsədi.Anasına dediyi sözləri xatırladı:”İndi bu, mənə hava və su kimi lazımdır…”.Hə, lazımdır…özü də çox.Aman Allah! İnana bilmirəm…Azad…Azad qiyabi şöbədə müəllimlik edəcək!Demək…demək ki…
-Qızım, hər şey hazırdır, gəl, – Zəhra qapını tıqqıldatdı, -soyutmayaq.
-Gəlirəm ana, – Sevil cəld əynini dəyişib otaqdan çıxdı.
Əl- üzünə su çəkib masa arxasına əyləşdi.İllər idi ki, anasının əli ilə hazırlanmış yeməklərdən məhrum olmuşdu.
Yeməkdən bir qaşıq dadıb gülümsədi:
-O! Ana əlinin duzu başqadır!B əh- bəh!Yeməyin dadı da, ətri də adamı bihuş edir!
-Elədir, qızım…, – Zəhranın gözləri yol çəkdi, -ananın əvəzi yoxdur.Həyatda hər şeyi tapıb yoluna qoymaq olur…anadan başqa.
Sevil anasını dərhal anladı.Zəhra da ailə qurduqdan sonra ana nəfəsinə həsrət qalmışdı, ən ağır vaxtlarında belə ana- bacı qayğısı görməmişdi…
Azad baxışları ilə Sevili ta binanın girişinə qədər müşayiət etdikdən sonra asta addımlarla öz yaşadığı binaya tərəf getməyə başladı.Hadisələrin sürətli gedişi onu da bir qədər çaşbaş salmışdı.Vaxtilə kəlmə kəsməyə ürək etmədiyi halda, indi bəyəndiyi qızla yanaşı addımlayır, söhbət edir, hətta qonşuluğunda yaşayırdı.Heç vaxt möcüzələrə inanmayan Azadın, onların mövcudluğuna olan şübhəsi getdikcə azalmağa başlayırdı.Sevilin ürəyinə yol tapmaq üçün hər şeyə hazır idi. Bu qız onun məhz illərlə xəyalında yaşatdığı, həyatında görmək istədiyi qız idi. Təkəbbürü də, ciddiliyi də, ötkəmliyi də çox xoşuna gəlirdi.
Azad hələ ali məktəbə daxil olduğu illərdə xalası qızının ona meylli olduğunu hiss edirdi. Qız hələ orta məktəbdə oxuduğundan, buna bir o qədər də əhəmiyyət vermirdi.Özlüyündə “ Hələ uşaqdır, illər ötdükcə fikri dəyişəcək”deyib, məsələnin ciddiliyinə varmırdı.Əslində ona qarşı elə bir hissi də yox idi. Onu özünə kiçik bacı bilirdi.
İllər ötdü, qız da orta məktəbi bitirib, ali məktəbə daxil oldu. Lakin heç nə dəyişmədi, əksinə, qızın Azada olan mehri daha da gücləndi. Bu, onu narahat etməyə başlasa da, heç kimlə bölüşə bilmir, çıxış yolu tapmaqda çətinlik çəkirdi.
Sevili isə gördüyü ilk dəfədən bəyənmişdi.Ona tez-tez göz qoyur, oturuşuna- duruşuna, davranışına nəzarət edirdi.Qız hər barədə onun xoşuna gəlirdi.Hər gün onu heç olmasa bircə dəfə də olsa,görmək istəyilə evdən çıxırdı.Elə onu görməkdən ötrü də müəllimlərinin institutda qalıb işləmək təklifini qəbul etmişdi.Budur, tale onları burda, qonşuluqda rastlaşdırmışdı.
-Azad!, – səsə ayaq saxladı, -Azad!
Xalası qızı idi:
-Azad, xoş gördük!
-Salam Solmaz, – Azad könülsüz cavab verdi.
-İndi deyəcəksən ki, bu xalaqızı niyə evlərində oturmur, – Solmaz onun lap yaxınlığına gəldi, – neyləyim, anam dadlı nəsə bişirəndə, boğazımdan getmir.Gözümün qarşısına siz gəlirsiniz. Xalan qoğal bişirirdi, dedim isti- isti çatdırım sizə, – gülümsədi, – bilirəm onları çox xoşlayırsan.
-H…Hə…çox sağ ol Solmaz. Sən həqiqətən çox diqqətli, qayğıkeş qızsan.
-Niyə fikirlisən? Bir şey olmayıb ki?
-Yox, – heç bir şey olmayıb…hava istidir.
-Hə, – qız onunla yanaşı addımlamağa başladı, – gedək.
Zümrüd Solmazın tez- tez gəlişinə adət etmişdi. Bacısı qızını həqiqətən öz balalarından ayırmırdı.İstiqanlılığına görə isə onu məxsusi olaraq digər bacı balalarından seçirdi. Qızın Azada qarşı münasibətini də hiss edir, ürəyində buna çox sevinirdi.Nə vaxtsa bu barədə oğlu ilə danışacağını özlüyündə götür- qoy edirdi.
İndi onları birlikdə görəndə eyni açıldı. Xəyallarının nə vaxtsa həyata keçəcəyinə ümidi artdı.Gözəl bilirdi, Solmaz ona yaxşı gəlin olacaqdı.
Azadın fikri isə tamam başqa yerdə idi. Sevili yenidən harada, necə görəcəyi, onunla nələr danışacağı barədə düşünürdü.Yaxşı ki, heç olmasa, qonşuluqda idilər, yoxsa…yoxsa qış sessiyasına qədər səbri çatmazdı. Qiyabi şöbədə dərslər yalnız qış və yay aylarında keçirildiyindən müəyyən təzadlar yaranmışdı.Nə etməli?
Bəlkə…bəlkə bu barədə evdə söz salmağın zamanı yetişib?Amma…necə? Əvvəlcə Sevilin razılığı olmalıdır axı…
Eyvana çıxdı. Diqqətlə qarşıdakı yeni tikiliyə tərəf baxdı.İndi o mənzillərin hansındasa, Sevil yaşayırdı.Çılğın, şıltaq, ötkəm Sevil…Bu qız onu getdikcə daha çox ovsunlayırdı.Qəlbinə, düşüncələrinə hakim kəsilirdi.
-Hə, çayları süzmüşəm Azad, – Solmaz da eyvana çıxdı, – istəyirsən gətirim elə burada iç.Xalanın qoğallarının dadına bax.
-Yox, – Azad içəri keçdi, – zəhmət çəkmə.Otaqda birlikdə içərik.
Əhvalındakı süstlük açıq- aşkar hiss olunsa da, nə Solmaz, nə də Zümrüd üstünü vurmurdı.




ARDI VAR.




Govher Rustamova
www.kafiye.net