HƏSƏD. (roman) 97



Yanılmamışdı.Qarşısında dayanan şuxqamətli, gülərüz Azad idi.İri, dərin gözləri yenə gülümsəyirdi. Baxışlarında ciddiliklə yanaşı mülayimlik də vardı.O baxışlar Sevili maqnit kimi özünə çəkirdi.Qız ciddi- cəhdlə gözlərini kənara çəkib etinasız görünməyə çalışsa da,ürəyi ilə bacarmırdı. Hansısa qeyri – adi biir cazibə qüvvəsi ona mane olurdu.O gözlərin, baxışların daha dərinliyinə nüfuz edib, onları oxumağa çalışırdı.Hissləri və düşüncələri bir – biri ilə çarpışırdı.
-Məni yenidən burada görəcəyinizə inanmırdınız, eləmi?, – Azad bu dəfə icazə gözləmədən skamyanın kənarına əyləşdi,- əslində mən də sizinlə rastlaşacağıma bir o qədər də…
-Məni niyə izləyirsiniz?, – qız qətiyyətlə onun gözlərinə baxdı, -sizi tanımıram, yenidən görməyə də ehtiyac duymuram.Burada sadəcə dincəlirəm.
-Aydındır, – Azad da ciddi görkəm aldı, – özümü tanıda bilərəm, – yerini bir az da rahatladı, – biz eyni institutda təhsil alırıq, daha doğrusu, alırdıq.Sizi tez- tez görürdüm, – sözünə ara verdi, -Mən bu il təhsilimi sona vurdum.Fərqlənmə diplomu ilə.Hərçənd ki, özümün başqa planlarım vardı…amma müəllimlərimin təkidi ilə institutda qalmalı oldum. Doğrudur, məvacibim o qədər də çox olmayacaq, hər halda başlanğıc üçün pis deyil məncə, – o ki qaldı sizi izləmək məsələsinə, elə deyil. Belə şeylər mənim xasiyyətimə çox yaddır.
-Lap yaxşı, – Sevil yerindən qalxdı, – sizə uğurlar!
-Təşəkkür edirəm.Sizə də həmçinin, – Azad təmkinini pozmadı, – qismət olarsa, yenə rastlaşarıq.
“Qismət olarsa”…Olacaqmı görəsən?Görəsən…bu, sonuncu görüş deyil ki?Qismət, tale indi ona nələr hazırlayır?, – özündən biixtiyar Azadın gözlərinə baxdı, – bu baxışlarla rastlaşmaq varmı qismətində?
Araya sükut çökdü. İndi baxışlar danışırdı…Lal- dinməz…səssizcə…
-Adətən siz bu parka rəfiqənizlə gəllirdiniz, – Azad da yerindən qalxdı, – amma nədənsə indi…
-Rəfiqəm yay tətilini başqa ölkədə keçirir.İstirahətdədir, – Sevil tələsik cavab verdi.
Demək, Azad onun Nübarla yaxın rəfiqə olduğundan da xəbərdardır…Həə…” Görəsən, daha nələrdən xəbəri var?” daxilində gizli bir narahatlıq baş qaldırdı.
Fikirli halda dayanacağa tərəf getməyə başladı.
-Yayın sonuna az qalıb,- Azad onunla yanaşı addıımladı, – yəqin ki, rəfiqəniz yaxın günlərdə istirahətdən qayıdar. Yenidən birlikdə olarsınız. Darıxmayın.
-H…Hə…Bəli…, – qız nə deyəcəyini bilmədi, yaman yerdə yaxalanmışdı.
Necə deyəydi ki…öz səhvi ucbatından ən yaxın, sevimli rəfiqəsini itirmişdi…bəlkə də…ömürlük , birdəfəlik …
-Açığını deyim ki, – Azad yenidən söhbətə başladı, – ləyaqətli, etibarlı insanlar çox azdır.Bəzən ürək qızdırdığın, etibar edib yaxınına buraxdığın adamlardan elə qeyri – səmimi , nalayiq davranışlar görürsən ki…
“ Aman Allah!, – qızın boğazı qurudu, – O, nə demək istəyir görəsən? Nübarla aralarında olanlardan xəbəri varmı? Nəyə işarə edir?”.
-Mən sizin dostluğunuza yaxşı mənada həmişə həsəd aparırdım, -Azad sözünə davam etdi, – dərslərimiz yanaşı otaqlarda keçirildiyindən dəhlizdə sizinlə tez- tez rastlaşırdım.Rəfiqənizin münasibətindən hiss edirdim ki…
-Biz orta məktəbdə də eyni sinifdə oxumuşuq.
-Doğrudanmı?, – Azad təəccübünü gizlətmədi, – deyirəm axı…az müddətdə belə bir istilik, mehribanlıq…
-Dayanacağa çatdıq.
-Hə, – Azad gülümsədi, – söhbətimiz maraqlı olduğundan vaxtın ötdüyünü də hiss etmədik.
-Salamat qalın, – Sevilin səsi titrədi, – avtobus yaxınlaşır…mən…mən…getməliyəm.
“ Getməliyəm, Azad…getməliyəm…səni bir də nə vaxtsa görəcəyimə ümidim çox azdır, çox…neyləyim?Həyat məni sıxmağa davam edir.İztirablarımdan zövq alır.Artıq gücüm tükənib, qüvvəm qalmayıb.Kaş…kaş heç səni görməyəydim, tanımayaydım. İndi…indi sən də mənə bir dərd olacaqsan.Fikirlərimə, xəyallarıma hakim kəsiləcəksən.Yuxusuz gecələrimin səbəbkarına çevriləcəksən…”.
-Yaxşı yol!, – Azadın səsi onu fikirdən ayırdı, – adınızı bilmədim amma…
-Adımı bilməyinizin elə bir mənası yoxdur, – Sevil astadan dilləndi.
-Olsun!, – Azad güldü, – demək…demək məchul xanım.Riyaziyyatçıların işi elə məchullardır.Bir məchul da siz olun.
Sevil bir söz deməyib avtobusa yaxınlaşdı.Pillələri qalxıb oturacağa əyləşdi.Yerini rahatlayıb gözucu pəncərəyə tərəf baxdı. Onu sonuncu dəfə görmək istəyini daxilində boğa bilmirdi.Sayılı saniyələr də indi onun qəsdinə durmuşdu.Taleyin hökmü ilə…onları ayıracaqdı.
İlk baxışda Azad gözünə dəymədi. Həyəcanlandı. Aman Allah! O, hara yoxa çıxdı?
Diqqətlə bir də baxdı…Bir də boylandı…Yox idi…Azad yox idi!
Avtobus yerindən tərpəndi. Bütün ümidlərini, arzularını geridə qoyub yola düzəldi.
Həyat gözlərində bomboş boşaldı, mənasızlaşdı.Bütün varlığı süstəldi.Qəhərdən sanki boğulmağa başladı. Qürurunun qurbanına çevrildiyi üçün özünü qınadı.
Həyat gözlərində yenidən boz rəng aldı. Pəncərədən ilk dəfə görürmüş kimi seyr etdiyi saysız- hesabsız binalar , köşklər, ağaclar sanki talesizliyinə şahidlik edirdi.Ətrafında ona təsəlli verəcək heç bir şey yox idi.
Evin yaxınlığındakı dayanacaqda könülsüz düşüb , sakit –sakit addımlayırdı.
Öz çarəsizliyinə özü də açıyırdı.Başını yerdən qaldırmadan addımlayırdı. İndi o, heç kimi nə görmək, nə də eşitmək istəmirdi. Təkcə…təkcə birindən savayı…Onunla saatlarla üz- üzə , göz- gözə oturub doyunca söhbət edərdi. Dərdlərini bölüşərdi, məsləhətlərini dinləyərdi…Ehhh…Böyüklər doğru deyirlərmiş ki, qismət insanın öz əlindədir, gərək qaçırmayasan.Əldən verdinsə…bir də çətin…
-Sevil!, – səsə diksindi, -Sevil!
Qulaqlarına inanmadı. Həmin səs! Aman Allah, onu qara basır nədir?Yox, yox! Bu, o deyil! O, Sevilin adını da bilmir!Bəs…
-Sevil!, – səs bir az da yaxınlaşdı.
Arxaya çevrilməyə ürək etmədi, birdən o, olmasa?Axı…yox , səs həmin səsdir! Azadın səsi!
Addımlarını bir az da yavaşıtdı.Qüvvəsini toplayıb arxaya döndü.Azad gülümsəyərək ona baxırdı.
-Bəs deyirdiniz, məni izləmirsiniz?, – qız ürəkləndi.
-Əlbəttə izləmirəm, – demişdim axı, bu mənim xasiyyətimə yad bir şeydir.
-Elə isə…burada, bu məkanda nə işiniz var?, – Sevil özünü qəzəbli göstərməyə çalışdı.
-Neyləyim ki…mən də bu dayanacaqda düşməyə məcburam?, – qarşıdakı beşmərtbəli binanı göstərdi, – evim buradadır, – gülümsədi, -vəziyyət bunu tələb edir.
-Vəziyyət daha nəyi tələb edir?, – Sevil eşitdiyinə sevinsə də büruzə vermədi.
İnanılmaz idi! Azad onun lap yaxınlığında yaşayırmış!
-Hələ ki…
-Adımı haradan bilirsiniz?
-Dedim axı…riyaziyyatçıların işi məchulları tapmaqdır. Mən də öz məchulumu …,-Sevilin gözlərinə baxdı, – bilirsiniz, həyatda təsadüfi heç nə yoxdur.Məncə, bu da taleyin, qismətin bir işidir…
Sevilin daxilindən səs gəldi ” Ağıllı ol, Sevil! Qismətini əlindən vermə! Bu, sənin taleyindir! Ona arxa çevirmə!”.
Qızın sanki nitqi tutuldu.
-Sevil, – Azad mülayim səslə dilləndi, – sən həmişə diqqətimi çəkmisən. Ciddiliyin, qətiyyətin xoşuma gəlib. Mən belə insanlara daha çox üstünlük verirəm.Yüngüllüyü sevmirəm, – sözünə ara verdi, – qrup yoldaşlarından adını öyrənsəm də, yaxınlaşmağa cürət etməmişəm.Məni acılayacağından ehtiyat etmişəm.Amma…
-Nə amma?
-Sənin kafedraya gəlişinə sevinsəm də, sonradan qiyabi şöbəyə keçməyin barədə ərizəni görüb təəccübləndim.Yaxınlaşıb söhbət etmək qərarına gəldim.
-Hə, – Sevil özünü ələ aldı, – vəziyyət bunu tələb edir, siz demişkən…işləmək fikrim var. İri bir şirkətdən təklif almışam. Hərçənd ki, ailəmizin buna ehtiyacı yoxdur…
-Aydındır…
-Təhsilimi qiyabi davam etdirəcəyəm. İndi isə məni bağışlayın…getməliyəm…
-Yaxşı, -Azad razılaşdı, – ümidvaram ki, bu, son görüşümüz deyil. Həm qonşuyuq, həm də…
-Həm də…nə?
-Öz kafedramızda, qiyabi şöbədə dərs deyəcəyəm. Demək…, – gözləri güldü, – demək, qismət hələ ki, mənim tərəfimdədir.Yaxşı , yubanma. Sağ ol, salamat qal. Görüşmək ümidilə.


ARDI VAR.


Govher Rutamova
www.kafiye.net