Günəşin batdığı yerdən


Sözün başladığı yerdən başlayır həyatın canlılığı. Elə buna görə də sözü sözə qoşub içimizdəki olğunluğu ifadə edirik. Söhbət bir şairin şeirindən və ya bitkin misralarından gedir…
Qafar Şövqinin şeirləri, ədəbiyyatda ayrıcalıq təşkil edir.



Günəşin batdığı yerdən üzümüz qarə çıxıb,
Daşın altında qalan sirrimiz aşkarə çıxıb.

Qaranlığı şair günaha, başı aşağılığa bənzədir. Seirdə hər zaman bir fikrin tamlığı önəmli olduğu kimi, obrazı, sujeti, üslubu öz yerində olmalıdır. Satira şeirləri Baba Pünhanın satirasında alındığından da şirin, Qafar Şövqinin misralarında lokonikliklə yanaşı, məzəli, duzlu, şirin və şaxəli gedişlər onun istedadının dərinliyindən xəbər verir. Bu iki misra insanı ta uşaqlığa aparır. Yadıma gəlir ki, evcik oynayanda əlimizdə olan dəyərli bir şeyi böyük daş tapıb onun altına yerləşdirərdik sonra onun üstündən var gücümüzlə aşağı basıb həmin şeyin varlığını tamlığı ilə itirirdik. Sirrin özü də gizli bir şeydir. Daş həm də orda bir sirrin həm ağırlığını, həm də saxladıldığına işarə edir. Onun aşkara çıxması o dərinliyi itirir. Bir də burda bir uzun zaman kəsimi rol oynayır. Bəlli olmayan uzun illərin daş altında qalmışlığı üzə çıxıb.

Elə bir yarəmiz olsaydı, nə qəm vardı, həkim,
Qəmə bax, yarəmizin üstünə də yarə çıxıb.

Deməli, aşkar olan bir sirrin fəsadı böyük olub. O bir yara açmayıb. Burda yara həm maddi can, həm də ruh anlamında şaxəli olmaqdan əlavə sağalmaz dərinliyə işləyib. Hələ burda şair dərdini həkimə, cəmiyyətə anladır. Ən önəmli olan hissəsi isə dərdi fərd olaraq özündən anlatmır, cəmi topluma yənləndirir. Hələki aşkarlanan sirrin nə olduğu haqqında söhbət getmir. Bu fikri hər tərəfə çəkmək olar.

Ərəb ov vaxtı bizim quşlara çox zülm elədi,
Quşumuz indi ərəb tutmağa bulvarə çıxıb.

Şairlərin şeirlərini üç yöndən təhlil etməklə daxilə varmaq olur. Bir: sujet xətti, iki: misra-misra, üç: söz-söz. Qafarın şeirləri hər üç qanuna sığışır. Yuxarıdakı misralara sujet xətti ilə baxsaq saxlı günah və sirr turistləşir. Bununla aclıq ehtiyac üzləşir. Canın rahatlıq tapdığı bir məkanın yataqda və cibdə rahatlıq tapmağı altıncı misralarda ailə modelindən yüngül həyat tərzinə qədər enir və davam edir. Bu səfalət bir çoxlarının adını və tərzini dəyişir.

Ya elə sözdə təmizliymizi iman bilirik,
Ya da vicdanımızın rəngidi paltarə çıxıb.

Təmizliyin sözdə yaşanması, fəsadlara və saxtalıqlara yollar açdığı zaman yaraların üstündən yeni yaralar çıxmasına səbəb olur, nəticədə bir cəmiyyətin fərdlərinin düşüncə və yaşam atributları dəyişir. Burda iki yol qoyur, elə vicdanın bitməsi də sözdə olan imanın davamıdır. Maraqlı məqam isə, vicdanın rənginin olması ilə yanaşı üzə deyil də, geyimə çıxması, görüntü yaradır. Bədənin əsil cizgilərini gizlədir. Yəni insanın əslini gözəlliyini, təmizliyini, murdarlığını, xainliyini bir sözlə görünən hər nə varsa hamısının üstünü örtür, “vicdanın rəngi” yenilikdir. Geyimə çıxması isə, ayrıca bir mühazirə mövzusudur. Bir bu misra üzərində saatlara danışmaq olar.

Qulağımdan yapışan zirvələrin qorxusudur,
Ayağımdan yapışan yalvara-yalvarə çıxıb.

Mənəvi dünyası sehirli olan kimsə, elə daxilindəki zirvədə böyüklüyündə olar. Burda şairi qorxudan höhrətin iyrənc üzüdür. Onun özünə məxsus zirvəsinə çoxu çıxmaq istəyir. Bu şair böyüklüyüdür.

Moşunu sorsan əgər, Şövqi, səninçün taparam,
Vəli, xoşbəxtliyi bilməm aradan harə çıxıb?

Şeirin qəribə gedişi var. İlk misralarında mənəvi saxlı sirrin aşkara çıxması ilə mənəviyyat dəyər insanlıq vicdan hamısı dəyişdi. Və fərdi olaraq olar deyil toplun olaraq. Sonra şeirin içində görüntüdən əlavə bir görünməyən ucalığın olduğu özünü tamamladı. Axırıncı misrada isə itirilən hər şeyin bir filmdəki obrazı ilə axtarışına getirildi. “Bəxt üzüyü”də Moşu bilir xoş günlərin harda olduğunu. Əslində Qafar da bilir. Çünki, şeirin içindəki görüntüdən əlavə görünməyən zirvə elə şairin və onun kimi o yerləri seyr edən insanların qazancıdır. Bununla şeir həyatın filmini insanların mənfi və müsbət rolda oyunçu olduqlarını ancaq yaşamla ölçüyə gətirir…

Gəl ay ürəyi isti,
Əlləri soyuq qadın.
Gəl günəşin yerinə,
Gündoğar bir ölkədə
Sənə bir gün ağlayım.
Gəl sənin timsalında
Dünyanı qucaqlayım.

Nədənsə xitab şeirlərini sevirəm. Burda subyektiv fikir də yaza bilərəm. Şairlərin çoxu qadına şeir yazıb. Tofiq Bayramın şeirində “Qadın ürəyi” nə xeyli sayda gözəl sözlər deyilib. Qadının xoşbəxtlik və bədbəxtlik nümunəsi olduğu şeir boyu qadının kiçik varlıq olmadığını çatdırır. Burda isə qadının əlinin bir əldə isinməyə ehtiyacı olduğu, əlləri isindikdə isə ürəyinin istisini hiss edə bilinəcək dəyər yatır. Qadınların çoxunun ürəyi isti, əli soyuqdur. Günəş həyat yaşam dirilik simvoludur, qadın da…Heç bir şairin şeirində belə möhtərəm söz görmədim.

Gəl sənin timsalında
Dünyanı qucaqlayım.

Onda səhər açılacaq, onda təbiət yaşıllanacaq, onda bütün heyvanlar çütlənəcək. Onda hər çiçəyin bir ləçəyi başqa bir rəngə çalacaq. Sular, dənizlər, okianlar aramlanaraq… Səni səndə bütövləşdirəcək. İstilikdə əriyib bişəcəksən.

Qafar Şövqinin fərqli şeir mövzuları var. Misal üçün “Fahişənin gözləri”.

Elə məsum gözlərin var,
Bilirəm ki, ürəyin hər şeyi aşkar bilir,
Adam sənə toxunmağı günah bilir, ar bilir.
Sən palçıqlı yollara göydən necə düşmüsən?
Bəlkə, ildırım vurub incə qanadlarından.

Burda, bəlkələr, nəticəyə baxmır səbəb axtarır. Qadını zərifliyini, gözəlliyini, cazibəliyini təsvir edib, bəşəri düşüncələrin səbəbinə varır. Şairin özəl baxışlarındakı buludlarda ancaq yağış olar, bəlkə də qanadını yandırıb külə döndərən ildırımdır. Yoxsa, qətiyyən təmizlikdən beləcə palçıqlı yollara düşən metofora daşımazdı özündə. Suallar məsum gözlərin dərinliyindəki ağrılara ünvanlanıb. Fahişə qadınlar kəsici yöndəmsiz qoxuyurlar, amma şair burda o yöndəmsizliklərin içərisində məsumiyyəti tapıb təəssüflənir. Suallarının cavabını verəcək bəlkəri təbiət hadisələrinə bağlayır, ona bir haqq tanıyır.

Buludlar saman çöpü…
Səhər-səhər yapışmısan,
Gecə-gecə düşmüsən.
Buludun saman çöpü olması yenilikdir. Şeir başdan-başa ağrıdır. Onunla yanaşı aşağılanmır.
Çörək pulu dalıyca
Küçə-küçə düşmüsən,
“Həyat bir nərdivandır”, sən sadəcə düşmüsən.

Zaman-zaman utanmısan, sıxılmısan,
gözəlçə,
İndi də bizi yandır,
Həm utan, həm utandır.
Nə qədər ki utanmağa zaman var…

Bir insan dramının ən pik nöqtəsi utandırmaqdır. Fahişəlik seçilməmiş və sürüklənmiş bir oyun olmaqla, bir insan, bir insana bunu etməzdi..
Görək bizə qoşulub nə qədər utanan var?
Sınaq belə başlayıb,
Görmüsən ki, yıxılmağa aman var, yıxılmısan,
gözəlçə.
Bu şeir misralara bölünmür, bütövlükdə oxuması gərək. Utanan üzlərin azalması şairin ciddiyyətindən qaçmır. Həm də az bir şeyin təsdiqinə yəqinlik ehtiyacı duyur. Burda onu yıxılmağa meyilli olduğuna görə hesaba çəkir. Bir göəlin gözəlçəyə dönməsi onun qiymətini aşağı salır. Yenə də bir hadisənin alt qatında gizlilik sirrin faciəsi gün öldürür.

Danış, ay vətən qızı,
Bilim qəriblik nədir.
Bu vətəndə varlığın qəribdisə,
Bu vətəndə yoxluğun qəribədir.

Bəzən elə şeirlər var ki, o özü danışır. Bəzən susmaqla danışır. Misralar danışanda baxışlar susur. Ağrılar cəmiyyətə hücum çəkəndə kimsə, kimi isə günahlandırır. Dünya ədəbiyyatına nəzər salanda mifik və ya romanlarda qadın günah çeşməsi kimi qələmə verilir. Burda isə kişilərə ünvanlanmış ox, sonrakı misralarda özünü göstərəcək.

Görkəmin də maraqlıdır,
Dilində namusunun
“Ən son model söyüşü”.
Vaxt olub ki, deyinmisən:
“Çətindir bu ölkədə
Qadın yarananlara,
Qadın olmamaq işi”.

Burda bir qadının qadın hissindən məhrum olması, bir hissin qadınlıqla bağı qırıldığı məqam şairin qələmində rənglidi. İntim münasibətin monoton yaşamı, misraların ruh halını ruhsuzluğa daşıyır.

Eşitdiyin ən incə söz:
“Uzan, ay səni, vəhşi…”
Xəyalında hər dəfə
Ertələnən tövbənin
Utancı bardaş qurub,
Ruhunda bir insanın ilahilik dönüşü.


Gözlərinə baxanlar
Çıxır bəndəliyindən,
Bu baxışlar adamı
Qovur, didərgin salır,
Evindən-eşiyindən.
Bilirəm, göy qadını…
Gözlərindən görürəm,
İçində yorğunluq var.
Kişi qəhbəliyindən…
Oğraş-oğraş baxanlara
Süzdürürsən gözünü,
Çatırsan qaşlarını.
Bəlkə də, qısqanırsan
Sənət yoldaşlarını.

Elə baxma, mən ölüm,
Denən:” Sabahın xeyir” ,
Sabah olsun, xeyir gəlsin,
şər ölsün.
Elə bax ki, xəcalətdən
Bütün kişilər ölsün.

“Elə bax ki, xəcalətdən, Bütün kişilər ölsün.” Bəlkə, bütün kişilər ölsə bu qədər çirkinliklər də ölər. Bir göy qadını yerlərlə bir olmazdı.

Süpür yol qırağında qalan qədəmlərini,
Yığ ağlını başına, yığış isti ocaqda,
Ər evində yerin var.
Doğmaların ordadır,
Burda özgələrin var.
Elə məsum gözlərin var, gözəlçə…


Qadın hər kim olursa, olsun, Qafar Şövqinin şeirlərində məqamı dəyərlidir. Elə mənim fikirlərimi də onun nikbinliyi özünə cəlb edib.. Şeirdə həyatı anladan fikirlər səbəbə və nəticəyə görə dəyişir. Bəzi şeirlər kimi, nəticəyə köklənməyib.

Deyirlər, anasız qız
Kobud olar, bərk olar.
Ögey anadan gələn
Bütün əmrlər ona
Xahiş olar, ərk olar.
Hamıdan bezər, bezər,
Özünə dözər, dözər…
Dünyanın hər yerində
Anasının ruhunu
Gözləri gəzər, amma
Dabanları çirk olar.

Əlləri də qabar olar. Qeyd edim ki, davamlı mütaliənin bəhrəsi, Qafar Şövqinin şeirlərini artıq, özünə məxsus uğurlu xəttini yaradıb. Bu şeirlər də bəs edir ki, onun mətnləri haqqında yüksək fikirlər söylənilsin… Beləliklə qaranlıqları aydınladan şeirlər, əbədi yaşarlıq qazanır və qazandırır…