AĞLAYAN XATİRƏLƏR

Qəlbim göylər kimi aydın olsa da,
Gecələr gecə tək qaralmağım var.
Hər bahar qəlbimdə güllər açsa da,
Payızda yarpaq tək saralmağım var.

Dağların qarı tək soyuyub sinəm,
Donmuşam bir daha çətin isinəm.
Elə bil bulud da, yağış da mənəm,
Çayların suyu tək durulmağım var.

Həyatım küləyə, yelə bənzəyir,
Dağlardan kükrəyən selə bənzəyir,
Qönçəsi çatlamış gülə bənzəyir,
Taleyə-qədərə qırılmağım var.

Eşqim uca idi, hər şeydən uca,
Sevgimi qorudum ömür boyunca,
Sarıla bilmədim ona doyunca-
Təkcə xatirəyə sarılmağım var.

Bilmirəm həyatda yoxam, ya varam,
Baxdıqca geriyə sızlayır yaram.
Qəlbimi heç bir vaxt bağışlamaram-
Ən çox da özümə daralmağım var.

Səadət Rzayeva QƏRİB
www.kafiye.net