HƏSƏD.(roman) 95

Bazar ertəsi Sevil sənədlərini qaydaya salmaq üçün ilk növbədə dekanlığa üz tutdu. Qiyabi şöbəyə keçirilməsi barədə ərizə yazıb müdriyyətə təqdim etdi.Sənədləri bir neçə günə hazır olacaqdı. Özününsə səbri çatmırdı. Tezliklə işə düzəlib qürrələnmək, başını dik tutub gəzmək, yaşıdlarına acıq vermək istəyirdi. Zarafat deyil axı, böyük bir şirkətdə çalışacaq, yaxşı məvacib alacaqdı.Hə, əlbəttə, hamı ona həsəd aparacaq.Yerişinə, duruşuna, geyim – geçiminə qibtə ilə baxacaq.Hələ bilsələr ki, şirkət rəhbərliyinin qohumu, müdir müavininin doğma bacısıdır,həəə…bax onda lap …
-Sevil!-, kimsə onu arxadan səslədi, – salam Sevil.
Qız biixtiyar arxaya çevrildi.Qrup yoldaşı Səmayə idi.
-Salam Sevil, – Səmayə bir qədər də yaxına gəldi, – səni görməyimə şadam, – yaxınlaşıb üzündən öpdü, – sənədlərimi hazırlayıram. Bəs səndən nə əcəb?
-Hmm-, Sevil qaşlarını qaldırdı, – elə…elə mən də sənədlərimi hazırlayıram.
-Siz də harayasa köçürsünüz?
-E…haraya…necə haraya…
-Biirsən , – qız Sevilin qoluna girdi, – Atamın işləri ilə əlaqədar biz başqa şəhərə köçməli olduq. Təhsilimi orada davam etdiməli olacağam.Düzdür, düşünəndə bir az kövrəlirəm…nə qədər olmaya doğma şəhərimdir, qohumlardan, dostlardan uzaq düşəcəyik, – kövrəldi, -qrup yoldaşlarıma, müəllimlərimə də elə öyrəşmişdim ki…
-Ay qız!, – Sevil onun qolundan çıxdı, – balaca uşaqsan elə bil…Qrup yoldaşlarıma, müəllimlrimə, – onu təqlid etdi, – yox bir!İnsanın günü harda xoş keçirsə, elə ora da vətənidir.Kimlərlə xoş keçirsə, elə onlar da doğmalarıdır,- Səmayənin heyrətinə məhəl qoymadan davam etdi, – Şəxsən mən…hissiyyata qapılan insanları sevmirəm!
Səmayə pərtliyini büruzə verməsə də, gözləri doldu.İncik baxışlarını kənara çevirdi.
-Hə…, – Sevil mövzunu dəyişmək qərarına gəldi, – qaldı köçmək məsələsinə…bəli, biz də köçdük…özü də yeni mənzilə!Dəbdəbəli, gözəl bir mənzilə!, – gözuçu Səmayəyə baxdı, – hamının həsrət çəkdiyi, həsəd apardığı bir mənzilə!Biz orada şahzadə kimi dolanırıq.Əsl şahzadələr kimi!
-Bəs tətil vaxtı niyə buradasan?
-Mmm…mən də sənədlərimi hazırlayıram…iri, nüfuzlu bir şirkətdən iş təklifi almışam, – əzilib- büzüldü, – xeyli- götür – qoy etdim…nəhayət razılığımı verdim.Hərçənd ki…bizim heç bir maddı sıxıntımız yoxdur…, – qaşlarını yenidən qaldırdı, – sözlərini yerə salmaq istəmədim.Sənədlərimi qiyabi şöbəyə təqdim etdim.
-Xeyirli olsun, – Səmayənin gözləri güldü, – bəlkə də belə yaxşıdır, – saatına baxdı, – məni bağışla, -atam maşında məni gözləyir, gedəcəyimiz yerlər var.Yoxsa səninlə doyunca söhbət edərdim.
-Gedək!, – Sevil qətiyyətlə cavab verdi, – mən də işlərimi bitirdim, bir neçə gün gözləməli olacağam.Digər sənədlərimi də hazırlamalıyam.
Birlikdə institutun binasından çıxdılar.Səmayə onunla öpüşüb-görüşüb tələsik maşına tərəf qaçdı.Əyləşib, pəncərədən ona əl etdi.
Sevil yola düşən maşının arxasınca xeyli baxıb “Hm…, – düşündü, – Eybi yox…vaxt gələcək, mən də belə bahalı maşında gəzəcəyəm.Özü də…özü də, şəxsən özüm sürəcəyəm! Hamınızın yanınızdan yel kimi ötəcəyəm! Həsəddən bağrınız çatlayacaq!”.
Yayın son günləri olsa da, havalar çox isti keçirdi. Artıq günortaya yaxın idi. Günəşin istisi getdikcə artırdı.
Sevil iri magistral yolu keçib, həmişəki kimi parka tərəf addımladı. Ağacların kölgəsi düşən, nisbətən sərin bir yerdə, skamyalardan birinə əyləşdi.Bayaq Səmayə ilə aralarında olan söhbəti ürəyində təhlil etməyə başladı.”Dünyanın işi qəribədir, -düşündü, – arzusunda olana yetirmir, istəməyənə verir…O cür bazburutlu, vəzifəli atanın bahalı avtomobilinə minir, başqa şəhərə köçür…yenə narazıdır, az qalır ağlaya…Eh…ədalətsiz dünya!”.
Gözlərini yumdu. Xəyalında atasız yaşadığı uşaqlığı, məktəb həyatı canlandı…Küskünlüyü, hamıdan kənara çəkilib …
-Bağışlayın, yanınızda əyləşmək olar?, – qalın səs onu xəyallardan ayırdı, – icazə verərsinizmi?
Qız cəld gözünü açdı.Başının üstündə hündürboy, yaraşıqlı bir oğlan dayanmışdı.Sevil özünü itirdi:
-E…e…başa düşmədim…
-Deyirəm yanınızda əyləşmək olarmı?
-E…niyə, başqa skamya yoxdurmu?
-Var, – oğlan gülümsədi, – amma…mən burada əyləşmək üçün icazə istədim.
Sevil diqqətlə onun gülərüz çöhrəsinə, zövqlü geyiminə, qamətinə baxdı. Gənc çox gözəgəlimli idi.Mədəni, alicənab olduğu da məlum idi.Lakin…
Sevil skamyadan qalxıb iti baxışlarını düz onun gözlərinə zillədi:
-Buyurun, əyləşin!Bu boyda parkda əyləşib dincəlmək üçün başınıza yer qəhətdirsə…buyurun!
-Elə demək istəmədim, – oğlan mülayim səslə dilləndi, – sadəcə…diqqətimi cəlb etdiniz…belə gözəl bir qız…özü də tək-tənha…gözlərini yumub, xəyala dalıb…nə bilim…maraqlı gəldi mənə…
-Maragınızı başqa yerdə axtarın! , – Sevil yenidən onun gözlərinə baxdı, – ünvanı səhv gəlmisiniz!
-Ola bilər, – gənc təmkinini pozmadı, – amma…açığını deyim ki…çılğınlığınız sizə yaraşır.
Sevil bir söz deməyib, oradan uzaqlaşdı.Dayanacağa qədər iti addımlarla, başını yerdən qaldırmadan addımlamağa başladı.
Nədənsə ürəyi…sürətlə vururdu.Nəfəsi təntiyirdi…
Avtobus yaxınlaşan kimi minmək üçün addımlarını yeyinlətdi.
-Adım Azaddır!, – arxadan yenə həmin səs eşidildi.
Qızın ürəyi daha sürətlə döyünməyə başladı.Hər çırpıntı qulaqlarında eşidilirdi.
Özünü ələ alıb arxaya çevrildi:
-Mən…məncə sizdən adınızı soruşan olmadı!
-Hə, – Azad güldü, – təəssüf ki, olmadı.
-Elə isə…yolunuzla gedin!
-Yaxşı, – oğlan gülümsədi, – başlayım yolumla getməyə…buyurun, siz qalxıb əyləşin, mən də ardınızdan eyni avtobusa minməli olacağam.
Sevil bir söz deməyib avtobusa mindi. Ön oturaqcaqlardan birinə əyləşdi.Azad da pillələrlə qalxdı, onun yanından sakit ötüb, arxa oturacaqlardan birinə oturdu.
Avtobus yerindən tərpəndi.Qızın həyəcanı getdikcə daha da artırdı. Fikrində bir- birini əvəz edən sonsuz sayda sualların əlində aciz qalmıışdı.
“ Görəsən kimdir axı bu? Məni niyə izləyir? Niyə eyni avtobusa mindi? Məqsədi nədir? Aman Allah!”.

ARDI VAR

Gövher Rustamova
www.kafiye.net