HƏSƏD (roman) 94

Danışıldığı kimi səhər tezdən yük maşını Arzugilin əşyalarını Çingizin mənzilinə daşıdı.Şənbə günü olduğundan yerbəyer olmağa kifayət qədər vaxt və imkan vardı.Zəhra yeni şəraitə heç cür uyğunlaşa bilməsə də , Sevil çox məmnun idi.Nəhayət ki, onlar da kübar ailələr kimi təmtəraqlı evdə yaşayacaqdılar. İndi o, başqalarına deyil, başqaları ona həsəd aparacaqdı.Qaldı dəbli geyim- keçimə…onu da işləyib yoluna qoymaq olar.”Mən hər kəsdən seçilməliyəm…hər kəsdən.Üstünlüyümü hamıya sübut etməliyəm.Mən…mən…mən…”
Axşamüstü Xavər onlara baş çəkməyi qərara aldı.Zəhranın xasiyyətinə az –çox bələd olduğundan bir müddət sıxılacağını, xiffət edəcəyini bilirdi.O səbəbdən də yeni şəraitə uyğunlaşana qədər yanlarında olmağı vacib hesab edirdi.
Qızlar da, Zəhra da onun gəlişinə çox sevindilər.Xavər hər üçünü bağrına basıb öpdü.Gətirdiyi iri bağlamanı Arzuya verib, özü də onunla bərabər mətbəxə keçdi:
-Hə, – dedi, -şam yeməyimiz hazırdır,birlikdə süfrə açıb əyləşək, – səliqə ilə bükdüyü digər bağlamanı da masanın üzərinə qoydu, – hələ kişmişli piroqumuz da var. İndi bişib. Bunu da çay süfrəmiz üçün tələsik hazırladım.
-Vallah əziyyət çəkmisiniz, – Zəhra dil – ağız etməyə başladı, – Hər şey var, özümüz nə lazımdırsa , hazırlayacağıq.
Xavər gülümsəyib, deyilənlərə məhəl qoymadan gətirdiyi ərzaqları soyuducuya yerləşdirdi. Mətbəx avadanlıqlarından istifadə qaydalarını həm Zəhraya, həm də qızlara ətraflı izah etdi.
Birlikdə şam yeməyi yeyib, çay içdilər.Xeyli söhbət etdilər. Zəhranın da yavaş – yavaş eyni açılırdı.Mühitə, şəraitə uyğunlaşmağa başlayırdı.Qızının bu evdə xoşbəxt həyat sürəcəyinə böyük ümidlər bəsləyirdi.Təki hər şey düşündüyü kimi olaydı…Zivərdən bir xətər yetməyəydi.
Onun düşüncələri Xavərə gün kimi aydın idi, lakin o məsələnin üzərinə təkrar qayıtmaq istəmirdi.Zivərin xasiyyətindəki xoşagəlməzliklər onların ailə münasibətlərinə sirayət etməməliydi. İşin gedişatında Zəhra bunları özü görüb dərk edəcəkdi.
-Hə, – Xavər saata baxdı, – indi bizim kişilər də işdən gəlcəklər, mən gedim, -gülümsədi, – gedim deyəndə ki, qarşı evə keçim.Heç nə üçün məəttəl qalmayın, yaxşımı? Mən yaxınlıqdayam, nə lazım olsa, çəkinməyin, – ayağa qalxdı, – rahatlanın, – Zəhraya baxdı, – hər ikimiz evdarıq, birlikdə olsaq darıxmarıq.Axşamlar da ki, baş – başa verib dolanarıq.
Xavərin səmimiyyəti Zəhranın ürəyindəki buzlaşmış narahatlığı tədricən əridib yumşaldırdı.Çöhrəsində də, gözlərində də məmnun ifadə yaranırdı.
Arzugilin yaxınlığa gəlməsi hamıdan çox Çingizin ürəyindən idi. Sevimli Arzusu indi ona lap yaxın idi.İndi ondan tam arxayın ola bilərdi.” Təmirə təcili başlamaq lazımdır, – düşündü, – Mən Arzunu hər saat, hər an yanımda görmək istəyirəm.”
Şam yeməyindən sonra divanda dincini alırdı.Xavər də gəlib onun yanında əyləşdi.Boynunu qucaqlayıb üzündən öpdü:
-Balam çox yorulub deyəsən.
-Həmişəki kimi, – Çingiz də anasını öpdü, – qonşuların necədir?, – gözlərini qıydı, – rahatlanıblarmı?
-Hə, yaxşı oldu bala. Bilmirəm nə sirdirsə, mən onları həqiqətən çox istəyirəm.İnan ki, bəklə buraya köçməklərinə onlardan çox mən sevinirəm. Zəhra çox yaxşı qadındır. Çox zənginlərdən o, daha zəngindir.Mənəviyyatı safdır. Yazıq neyləsin ki, bəxti- taleyi belə gətirib…
-Sevili də şöbəmizə işə qəbul edəcəyəm. Qoy həm oxusun, həm də işləsin, – Çingiz yerindən dikəldi, – məncə o, bir qədər başqa xasiyyətlidir. Arzuya bənzəmir. Elə bil eyni ata- ananın övladları deyillər.
-Sonbeşikdir, yəqin çox əzizlənib.
-Ola bilər. Şöbədə gözümüzün qarşısında olması yaxşıdır. Qızlara qaynayıb- qarışar, cəmiyyət içində olar. Anaları da o sarıdan rahat olar.
-Ağıllı fikirdir, oğlum, – Xavərin gözləri güldü, – bunu yaxşı fikirləşmisən.
-Əslində bunu mən fikirləşməmişəm, Arzunun ideyasıdır. Amma pis fikir deyil.Qoy birlikdə çalışsınlar.
-Hə…vaxt gələr, tale onun da üzünə gülər.Gözəl – göyçək qızdır.Zəhra da balalarına baxıb sevinər.

Govher Rustamova
www.kafiye.net