HƏSƏD (roman)93

Sevilin həm oxumaq, həm də işləmək arzusu Zəhranı sevindirirdi. Demək ki, qızı artıq məsuliyyət hiss etməyə, həyatın tələblərini dərk etməyə başlamışdı.Xasiyyətindəki müsbət dəyişikliklər də ananın diqqətindən yayınmırdı.Get – gedə ürəyi az da olsa, təsəlli tapırdı.
İndi onu narahat edən başqa məsələ idi.Zivər xanım Arzugilin ailədaxili işlərinə müdaxilə etməyə başlasa, Arzunun işi çətin olacaqdı.Doğrudur, Çingiz tam sərbəst düşüncəli, həyata ayıq gözlə baxan bir insandır, amma…” Ehh…bu ” amma” lar…Sanki onlarsız yaşamaq olmur!, – düşündü, – Çingiz kişi xeylağıdır, başı şirkətin işlərinə qarışacaq, səhər gedib, axşam gələcək…Arzunun həyatı isə ailənin içində olacaq…Zivər …Hardan çıxdın qarşımıza…”, – dərindən köks ötürdü.
Ananın haqlı narahatlığını Sevil çox gözəl anlayırdı.Özü də Zivərin ciddi rəqib olduğunu yaxşı dərk edirdi.Lakin belə bir vəziyyətdə soyuqqanlı olmağı daha münasıb hesab edirdi.Zəhranın təlaşına təlaş qatmaq olmazdı.
Arzu şöbənin sənədlərini gözdən keçirir, hər birini təkrar- təkrar yoxlayıb qovluğa yığırdı.
Başını işlə qatmaq istəsə də, ad günü məclisindəki bəzi məqamlar fikrində davamlı olaraq dolanır, gözləri önündə kino lenti kimi canlanırdı.Ən sevincli anlarında həyatdan cürbəcür zərbələr almağa adət etmiş qız, növbəti zərbənin ağırlığını yaxşı anlayırdı.”Eh…Çingiz…Çingiz…, – düşündü, -kaş elə sən də bizim kimi kasıb biri olaydın…Uçuq bir daxmada baş – başa verib dolanaydıq…amma sərbəst olaydıq, bir kimsənin tənəsinə tuş gəlməyəydik.Heç kim bizə yuxarıdan aşağı baxmayaydı, şəxsiyyətimizə toxunmayaydı.Sənə olan sevgim sonsuzdur Çingiz…, – gözləri doldu, – sən…sən damarlarımda axan qanımsan, aldığım nəfəs qədər yaxınsan, əzizsən mənə Çingiz…, – udqundu, – amma…heç kim…heç kim nə özümü, nə də ailəmi aşağılaya bilməz.Sevgimdən də , hətta həyatımdan da keçərəm, lakin…buna yol vermərəm.Bir mahnıda deyildiyi kimi “ Sənə olan eşqimi, sənə də alçaltmaram!”.
Katıbənin səsi onu fikirdən ayırdı:
-Arzu xanım, sənədlər hazırdırsa, onlarla bərabər Çingiz müəllimin kabinetinə düşün zəhmət olmasa, günün ikinci yarısına kimi hər bir sənəd təsdiqlənməlidir.
-H…hə…,- Arzu özünü topladı, – müdirə çatdırın ki, sənədlər qaydasındadır. İndi gətirib təhvil verəcəyəm.
Çingiz otağında var – gəl edir, Arzunun gəlişini gözləyirdi.Əslində sənəd məsələsi bəhanə idi. Arzunun xasiyyətinə bələd olduğundan, onun hansı hisslər keçirdiyini hiss edir, həyəcanına son qoymaq istəyirdi.Amma nəyi hardan, necə başlayacağını özü də bilmirdi. Ən adi ehtiyatsızlıqdan qızın onsuz da sınıq ürəyini yenidən zədələmək istəmirdi. Büllur kimi təmiz, saf qəlbinə toxunmaqdan çəkinirdi.
Xalasını isə…qınayırdı.Öz şəxsi maraqlarını hamıdan, hər şeydən üstün tutan digərləri kimi…Belələri üçün həyat tamam başqa cilddə, başqa görkəmdə idi.
Keçib pəncərənin qarşısında dayandı.Gözləri önündə bir zamanlar Arzunun avtobus dayanacağına tələsdiyi məqamlar canlandı.Arzu…heç kimə bənzəməyən Arzu…
-Gəlmək olar?, – qızın səsi eşidildi.
-Ah…Arzu, – başını qapıya tərəf çevirdi, gülümsədi, – mənim Arzum! Gəl.
Qız ciddi görkəmdə qovluğu onun masasının üzərinə qoydu.
-Mənimlə başqa işiniz yoxdursa, gedə bilərəm?
-Yox, gedə bilməzsən, – Çingiz onun qarşısına keçdi, – səninlə söhbətim qısa olacaq.
-Buyur…buyurun…, – qızın ürəyi əsdi.
-Arzu, – qızın əllərini ovcuna alıb sıxdı, gözlərinə baxıb gülümsədi, – səni həyatımdan da artıq sevirəm! Buna əmin ol! Yadında da həmişəlik bir şeyi möhkəm saxla, həyatda heç kim, heç nə mənim bu sevgimə xələl gətirə, kölgə sala bilməz! Biz xoşbəxt olacağıq, eşidirsən, xoşbəxt olacağıq!
-Eşidirəm, – qız kövrəldi, – səndən bu sözləri eşitmək özü böyük xoşbəxtlikdir!
-Başqa heç bir şey haqda düşünmə.Söz verirsənmi?
-Hə, – qız pıçıldadı, əlləri titrədi, – söz verirəm.
-Afərin, – Arzunun nəm gözlərindən öpdü, – get əzizim.Sənə mane olmayım. İşdən sonra səni maraqlı bir gəzintiyə aparacağam.
Otaqdan sakitcə çıxan Arzu pillələri nə qədər cəld çıxmağa çalışsa da, ayaqları sözünə baxmırdı.Gah bir – birinə dolaşır, gah da taqətdən düşmüş kimi bir yerdə dayanıb dururdu.Səbəbini anlayırdı…Çingizlə olan söhbət həyatının ən müqəddəs anları idi.Onlardan ayrılmaq istəmidi. Əlində imkan olsaydı, bəlkə də zamanı dayanırardı bu anlarda…Çingizin dilindən qopan hər bir kəlməni həyatının ən zərif naxışları kimi hafizəsinə həkk edərdi.Ömrünün ən unudulmaz şüarına çevirərdi onları.”Ilahi, – düşündü,- görəsən həyatda sevib- sevilmək qədər mötəbər duyğular varmı? Canına can, ruhuna ruh verən birini xoşbəxt edib yaşatmaqdan möhtəşəm nəsə varmı?Həyat…həyat, sən doğrudan da çox qəribəsən…”.
Günün sonuna qədər Zəhra ilə Sevil evi tam boşaltmışdılar. Başqa yerə köçmək Zəhraya nə qədər ağır gəlirdisə, Sevilin bir o qədər ürəyindən idi.Düşünəndə ki, bu evdən canını qurtarıb,bər-bəzəkli, şəraitli , gözəl bir mənzildə yaşayacaq, sevincindən qanadlanıb uçmaq istəyirdi. Xəyalən özünü həmin evdə şahzadə kimi hiss edirdi.
İşdən sonra Çingizlə gəzintidən dönən Arzu evə gələndə heyrətləndi, gün ərzində anası ilə bacısı nə qədər iş görmüşdülər! Ev tanınmaz halda idi. Səhər Çingizin göstərişi ilə yük maşını evin ən gərəkli əşyalarını daşımağa gələcəkdi.
Qızının yüksək əhval – ruhiyyədə olduğunu görən Zəhra gülümsədi:
-İşlərin qaydasındadırmı qızım?
-Hə ana, hər şey qaydasındadır, – keçib köhnə oturacaqlardan birinə əyləşdi, – Sevilə də şad xəbərim var.
-Nə xəbər?-Sevili maraq aldı.
-Çingizlə danışdım bacı, – gözlləri güldü, – sənədlərini topla, yaxın günlərdə şöbəmizdə işə baçlayacaqsan.
-Dogrudan?-qız yerində atılıb- düşdü, – bu nə gözəl xəbər oldu! Çox sağ ol, bacı.
-Onu mənə yox, Çingizə demək lazımdır, – Arzu bacısını qucaqladı, – Hərdən mənə elə gəlir ki, həyat bizə gözəl günlər bəxş etməyə hazırlaşır, bunun üçün isə…Çingizi vasitəçi seçib…

ARDI VAR.

Govhar Rustamova
www.kafiye.net