DEYİRDİN QOCALMIŞAM

Deyirdin qocalmışam inanmırdım sözünə,
Sanırdım qoyduğumtək səni görəcəyəm mən.
Bu gün rəsmini gördüm inanmadım gözümə…
Üzündə barmaqlıqlar, dustağı sən, bir də mən.

Talayıb məsafələr, saçlarına dən düşüb,
Saqqalının ağına, qaşların həmdəm düşüb,
Deyirsən ümidinə duman düşüb, çən düşüb,
Qovuşmaq diləyirəm məbəddə mən, pir də mən.

Eh…Istəmirəm görəm, qürurumtək əzilən,
Qübarı düyün-düyün boğazına düzülən,
Köksünə həsrət olub, damla-damla süzülən,
Ağlama gözlərində, yağış da mən, dürr də mən.

Arzular sonsuz ümman min əsir uzaqdadır ,
Bizimsə vağzalımız illərdir soraqdadır,
Ayrılıq da köç salıb, uyuyub, sınaqdadır.
De yenə qalmışammı gizlədiyin sirr də mən?

Aygün Abbas.
www.kafiye.net