Həsəd.(roman) 92.

Kamilə özü də bilmədən Rəfiqənin yarasının közünü qopardığına çox məyus oldu.Büruzə vermək istəməsə də, bu, gözlərindən açıq- aşkar oxunurdu.Hətta çox sevdiyi, valeh olduğu dənizə tərəf baxmaqdan da çəkinirdi sanki…Qarşısında ürəyi yaralı, küskün ana əyləşmişdi.Dənizdən küskün…Araya sükut çökdü.Kamilə dodağını çeynəyir, Rəfiqənin könlünü necə alacağı barədə düşünürdü.Bunları hiss edən Rəfiqə özü vəziyyəti tənzimləmək qərarına gəldi:
-Bu şəhər mənim çox xoşuma gəlir.Gəzdikcə, gördükcə heyran olursan.İnsanları da çox mehriban, qonaqpərvərdir.Hər yay harada dincəliriksə, dincələk, yoldaşım bizi bu şəhərə də istirahətə göndərir, – gülümsədi,- bir növ adət halını alıb.Hər dəfə də evə yeni təəssüratlarla qayıdırıq.
-Hə, – Kamilə də gülümsədi, – açığı bu şəhərdə ilk dəfədir ki, dincəlirəm, amma həqiqətən də, məndə çox gözəl təəssüratlar yaranıb,- əlini ehmalca Rəfiqənin əlinə toxundurdu, – nə xoş ki, o gün bizim evdə istirahətdən söz düşdü.Yoxsa mən çətin ki, evdən çıxaydım. Yoldaşım da, oğlanlarım da həmişə məni bu səbəbdən qınayırlar.Amma neyləyim, dörd kişini, ev- eşiyi qoyub istirahətə gedə bilmərəm axı, – gözlərini qıyıb qayıqda qayğısız üzən gənclərə tərəf baxdı, – indi heç olmasa, kişinin biri yanımdadır.
-Elədir , – Rəfiqə onun sözünü təsdiqlədi, – istirahətə gərək ailəliklə yollanasan, ürəyin evdə qalmaya.Di gəl ki…o da hər dəfə mümkün olmur, yoldaşım işi ilə əlaqədar artıq bir neçə ildir ki, məzuniyyət nə olduğunu bilmir.
-Hə, – Kamilə köks ötürdü, – bizdə də eyni vəziyyətdir.Neyləyək…necə deyərlər, işin yola gedəni…
Araya yenidən sükut çökdü.Əsllində hər iki ananın deyəcəyi, danışacağı çox söz vardı. Amma …heç biri ürək etmirdi, ehtiyatlanırdı.
-Rəfiqə xanım, – Kamilə sükutu pozdu, – deyirəm…bəlkə…, – qadının gözlərinə baxdı, -e…
-Buyurun, Kamilə xanım.
-Deyirəm, biz artıq doğmalaşmışıq…ailələlər bir – birinə yaxınlaşıb.Mən…sizi özümə bacı hesab edirəm.Nübarı da balam kimi sevirəm.Deyirəm, bəlkə rəsmiyyəti aradan qaldıraq.
-Bu lap əla olar!, – Rəfiqənin gözləri güldü, – əlbəttə qaldıraq.Mən də sizi…səni… ürəyimə , qəlbimə çox yaxın bilirəm, bacım.Allah bu mehribanlığımızı, səmimiyyətimizi əlimizdən almasın.
-Amin!, – Kamilə onun əlini sıxdı, – Amin, bacım.Allah balalarımızı da xoşbəxt eləsin. Ana üçün bundan önəmli nə ola bilər?!Onların səadəti elə bizim səadimizdir!
-Elədir, – Rəfiqə astadan dilləndi, -ananın canı balaya bağlıdır, – gülümsədi, – gənc idim, uşaqlar səs- səsə verib ağlayanda, mən də onlara qoşulurdum…Bir dəfə anamdan soruşdum ki, analar uşaqlarının qayğısından nə vaxt azad olurlar?Anam gülüb dedi, heç vaxt bala…Ananın bu dünyada canı, sonra da ruhu daim balası ilədir.İllər ötdükcə, anamın sözləri mənimçün təsdiqləndi…
-Hə, bacı…elədir…Analarımız bizimçün yanıblar, biz də öz övladlarımız üçün…Bir baxın, – başı ilə gənclərə tərəf işarə etdi, – görün necə qayğısız görünürlər.Sanki həyat yalnız onların ikisinə məxsusdur.Balalarımız birlikdə xoşbəxtdirlər, Rəfiqə!
Rəfiqə nə deyəcəyini bilmədi.Bunları hiss etmək əslində elə də çətin iş deyildi, lakin …qızının artıq böyüdüyünü, həyatını nə vaxtsa, kiminləsə bağlayacağını dərk etmək ağır gəlirdi ona…
-Səni anlayıram bacım, – Kamilə onu qucaqladı, – hadisələr bir qədər zamanı qabaqlayıb, – gülümsədi, – onlar bizim gözümüzdə hələ də körpədirlər…amma…ürəkləri…nə deyim…xeyirlisi bacım, xeyirlisi…
-Amin!, – Rəfiqə dilləndi, – insan doğrudan da övladının nə vaxt böyüdyünü hiss etmir.Elə bilir ki, hər yaşında körpədir, ömürlük yanında qalacaq…həyat…həyat isə…başqa şeyləri diqtə edir…
-Həyatın qanunu bu…Bizə isə, sadəcə razılaşmaq qalır, – gülümsədi, – qız anası olmaq daha çətindir deyəsən…
-Ana anadır, – Rəfiqə də gülümsədi.
Başları söhbətə elə qarışmışdı ki, Zaurla Nübarın qayıqdan düşüb onlara yaxınlaşdıqlarından belə xəbərləri olmamışdı.
-Analarımız nə şirin söhbət edirlər!-, Nübarın səsi hər ikisini xəyaldan ayırdı, – hətta qəhvə sifarış etmək də yadlarından çıxıb, -güldü, -heç bizi də görmürlər.
-Görürük, görürük, – Kamilə onu qucaqladı, – ananın fikri həmişə balasındadır, – Rəfiqəyə baxdı, – hətta sizin qayıqda necə məmnunluqla üzdüyünüz də gözümüzdən yayınmırdı.
-Elədir, Kamilə xala, – Nübar da onu qucaqladı, – qayıq gəzintisini çox sevirəm, – gözü anasının gözlərinə sataşdı.
O gözlərdə qəribə bir çaşqınlıq, narahatlıq vardı…
Diqqət cəlb etməmək üçün baxışlarını kənara çəkən Rəfiqə yerindən qalxdı:
-Hə, – dedi, – növbəti gəzintimizə yollanaq.Qəhvəni də elə orada içərik.

ARDI VAR.

Govher  Rustamova
www.kafiye.net