Bu gecə yuxuda gördüm ki,Şuşanın işğal günü Cıdır düzündə yallı gedən Paşinyana deyirəm:

Bətən andım olubdu

Mən bu yurdun,bu torpağın oğluyam,
Bir dad məni,gör nə dadım olubdu?
Saf ilqarım,məhəbbətim,saf eşqim,
Şərəfim,şöhrətim,adım olubdu!

Anam doğub,can versə də canından,
Balam deyib,qan versə də qanından,
Gözüm açıb,ilk gördüyüm anımdan
Məkkəm bilib,VƏTƏN andım olubdu!

Yaşamışam min illərdi mən mətin,
Ağ üzümə yardı tərim,zəhmətim,
Məclislərdə sazım,sözüm,söhbətim,
Meydanda qılıncım,atım olubdu!

Min tor sərib,min-bir tələ qur da ki,
Min çal,oyna,durub yüz-yüz vur da ki,
Nə edərsən,yağı,bu mən Bozqurda ki,
Zəncir qıran bir inadım olubdu!

Bir dağam ki,qarsız olmaz zirvəsi,
Bir bağam ki,solmaz gülü,həvəsi,
Mən Oğuz nəvəsi,Qorqud nəvəsi,
Yerlər evim,göylər çatım olubdu!

Qəvi yağı,nə zalımlıq,qatılıq?
Bu el-oba,bu yurd olmaz satılıq,
Məzahirəm,bir BÜTÖVLÜK,AZADLIQ
Doğulandan mur-muradım olubdu!

Məzahir İsgəndər

P.S. Və…Və kaş bu sözləri yuxuda deyil,üz-üzə,göz-gözə deyə biləydim ona!
09.10.2019

www.kafiye.net