EY FƏLƏK

Ey fələk əlimdən alan illəri,
İndi istəyirəm geri ver daha.
Ömrümə səadət bəxş edən yeri,
Məndən ucuz alıb,satmısan baha.

Aldadıb almısan güllü baharı,
Yerinə qoymusan boranı, qarı.
İndi insaf eylə geri ver barı,
Artsın ümüdlərum nurlu sabaha.

Az qalıb, yaşıma olacaq əlli,
Əllidən sonrası hər kəsə bəlli.
Tutacam yaxandan mən iki əlli,
Şikayət edəcəm səndən Allaha.

Söylə kimsən axı, olmusan nəçi,
Xanmısan, qulmusan yoxsa pinəçi?
Məni öz ömrümə edib dilənçi,
Özünsə başımda dönmüsən şaha.

Ötən günlərimi gətirdin qara,
Vurdun ürəyimə sağalmaz yara.
İlləri həsrətli buraxdın yara,
Baxmadın nə aha, nə də günaha.

Ey fələk, geri ver ötən ömrümü,
Payızda şad eylə barı könlümü.
Dayandır zamanı, durdur dönümü,
Başdan başlmağa yol alım daha.

Müəllif. Metanet Duyğulu.
30.09.2019.
www.kafiye.net