Sakit savaş – 6

– Sizə nə lazımdır?
– Mən bizim şirkətin mallarını reklam edirəm. Televizor, tozsoran, soyudu….

Bu işdə yeni olduğu o dəqiqə hiss olunurdu. Əvvəllər də reklam üçün qapımızı döyənlər az deyildi. Amma onlar cütüydü, bu oğlanın tək gəlməsi mənə qəribə gəldi. Əvvəlcədən əzbərlədiyi şablon sözləri sonacan dinləməyə hövsələm çatmadığı üçün danışmağa imkan vermədim.
– Neçə yaşın var?
Oğlan sualıma təəccüblənmədi. Görünür məndən qabaq ondan yaşını soruşan çox olub.
– İyirmi
Yoox, iyirmi yaşında beyni hələ də ağ vərəq olan gənci qurban seçmək özü vicdansızlıq və əxlaqsızlıqdır. Özünü tapmayan, gələcəyi qabaqda olan bir gənci özümə öyrəşdirsəm, ikimiz üçün də problem olacaq. Mənə problem yaratmayan insan lazımdır. Yeri gələndə qisas məqsədiylə ona yaxınladığımı bilməli, mənə bu yolda dəstək olmalıdır. Yaxşı, hansı kişi axı kişiyə qarşı özünü alçaldar? İndi dəqiq bildiyim bir şey vardı, qarşımda dayanan gənc oğlan qurban olmaqdan azad olunmuşdu.
– Səni göndərən göndərib, neyləmək olar? Yanımda uşaqsan. Sənə pislik eləmək olmaz.
Gərgin olanda həddindən artıq dürüst olmağı sevirəm. Səmimiyyətim oğlanı təəccüləndirmişdi.
– Heç nə başa düşmədim.
Onun təəccübü mənə bir az əyləncəli gəlmişdi. Ona görə könlümdən zarafat eləmək keçdi.
– Fikir vermə. Evdə hər şey var, kişidən başqa.
Düzü, burda bir az özümü də, gənci də utandırdım.
– Başa düşürəm. İcazə verərdiz, mallarımızdan danışardım. Vaxtınızı çox almayacam. On dəqiqə bəsimdir.
– Danışmaq lazım deyil. Böyük fincan var? Yetimdoyuzduranlardan?

Gənc güldü, elə mən də sualıma güldüm. Evdə yetimdoyuzduran fincan nə qədər desən vardı. Sadəcə, görünür, işində təcrübəsiz olan gənci geri qaytarmaq istəməmişəm.
– Var.
– Onda mənə yetimdoyuzduran, bir də çaydan gətir. Toka taxılandır da yəqin.
– Bizdə ancaq odu.
– Yaxşı, sən gətirənə qədər paltarımı dəyişərəm.
– Yaxşı.

Saçlarımı qurulamağa ehtiyac olmadı. Oğlan gələnə qədər tələsik ev paltarımı geyindim, qulaqlarımın arxasına bacımın məşədi qaynanasının mənə bağışladığı, qızılgülün qoxusunu xatırladan ətirdən vurdum. Qapı döyüldü, açanda gənc əlində dediklərimi qonaq otağına apardı.
Koftamdan qara rezini çıxardıb saçlarımı yığdım, oğlandan cəld tərpənib çaydanı qutusundan çıxartdım. Danışmışrdı, bu işin peşəkarı olsaydı, dil-dil ötmüşdü.
– Yoxlasam, etiraz eləmərsən? Keyfiyyətli olub-olmadığını yoxlamaq istəyirəm.
– Əlbəttə, buyurun
Mətbəxə keçib çaydanı doldurdum, qonaq otağına qayıdıb toka taxdım.
– Xoşum gəlməsə qaytaracam.
– Narahat olmuyun. Yaxşı çıxmasa, qaytarın.
– Borcum nə qədərdi? – fincanı heç qutusundan çıxartmadım.
– Otuz manat.
– Çox deyil?
– Bizdə firma malıdır. İndiyə qədər narazı qalan olmayıb.

Yüz manat da olsaydı, gətirib verəcəkdim. Qazanan Etibarıydı. Pul qazanmaqda fərasətli kişiydi. Onun mənə rəhmi gəlmədiyi üçün, mən də onun əziyyətinə dırnaqarası baxırdım. Otuz manatı gəncə uzatdım.
– Buyur. Ümid edirəm, işlədiyin şirkətdə daha yaxşı yerlər tutarsan. Sağ ol.
– Təşəkkür edirəm.
Gəncin arxasınca baxdım, öz gəncliyim yada düşdü. Ata evindən ər evinə gələnə qədər necə xoşbəxt uşaqlığım, gəncliyim olub, İlahi!…
O, qapını açıb ayaq saxladı, mənə baxdı.
– Siz həm gözəlsiz, həm də çox mərhəmətlisiz.
– Nə deyim, çox sağ ol.

Əslində, o gənc özü də bilmədən özündən mənə özgüvən verib getmişdi, xəbəri yoxdu. Telefonuma zəng gəldi, lakin mən yerimdən tərpənmək istəmirdim. Ayaq üstə düşünürdüm. Sonra mesaj gəldi. Düşündüm ki, ya bacımdı, ya da anam. Ən çox danışdığım insan orta məktəbi bir oxuduğum rəfiqəmiydi. Yataq otağına keçib çantamdan telefonu götürdüm. Vatçapa yazan ərimin sevimli məşuqəsi sarışınıydı.
– Salam. Bu mesajı yazıb-yazmamaqda tərəddüd edirdim. Məncə, bunu sən də bilməlisən. Mən hamiləyəm. Etibar da bu uşağı istəyir. Deyir, boşana bilmərsiz. Mən sənin yerində olsaydım, özümə hörmət edərdim. Sağ ol.
Məşuqə indi qalib olduğuna əmindir, qızıl kuboku isə bətnindəki uşağıydı. İstədim yazam “bu ədəbiyyat cümlələrini hansı əsərdən götürmüsən?” yazmadım. Ona nəysə yazmaq özümə qarşı ən böyük hörmətsizlik olardı. Niyə yalan deyim, bir anlıq evi dağıtmaq, televizoru balkondan atmaq ürəyimdən keçdi. Gözümün qabağına da gətirdim. Yox, bu da mübarizə aparmaq üçün çıxış yolu deyildi. Gəncdən sonra sarışın da mənə güc vermişdi, daha dayanmaq lazım vaxtı deyildi. Hər şeyə bu gecədən başlayacaqdım…

Ardı var….

Şefaqet Vavanşirzade
www.kafiye.net