Sakit savaş – 5

Yeməyimi bitirdikdən sonra ofisianta əlimlə işarə elədim ki, hesabı gətirsin. O, hesabı gətirənə qədər tualetə getdim. Güzgünün qarşısında simama diqqətlə baxdıqdan sonra, məni ağlamaq tutdu. Yaxşı ki məndən başqa heç kim yoxuydu. Gözlərimin qarası yayılmasın deyə ikinci barmağımı alt kipriyimin altına apardım ki, göz yaşım barmağımı islatsın. Dodağıma, yanağıma su vurdum, öz-özümə danışırdım.
– Şeytan məni yoldan çıxardır. Mən nə iş görürəm?
İlkin dəqiqələrdə Etibardan qisas almaq üçün tanımadığım kişiylə yatmağa hazırıydım. Bacım haqlıydı, xəyanətim ortaya çıxsaydı, Etibar kimi dilim qolum uzunluğunda olmayacaqdı, əksinə, dili gödək olacaqdım. Baxmayaraq ki, kağız üstündə olsa da, həqiqətdə mən kişisiz qadın sayılırdım. Amma yox, qisasımı almalıydım. Boynuma alım ki, sakit yoxa çıxsam, məni elə özümkülər pozğun qadın çıxaracaq. Yox, uşaq kimi davranmamalı, əsl siyasətçi kimi hərəkət etməliydim. Addımlarımı ehtiyatla atmalı, başda ərciyəzim olmaqla, yaxın qan qohumlarıma od qoymalıydım. Çünki arada mənim həm də sağlamlığım təhlükədədir və bu heç kimin vecinə deyildi. Nə qədər ki, qəzəbimdən qızmışam, Etibara layiqli xəyanəti etməliydim. Elə xəyanət ki, sübut da eləsinlər, amma mənim təmiz qadın olmağımla bağlı şübhələri də olsun. Bu bir az qəlizdi. Deyəsən, adam özünü elə pis günlərdə tanıyır. Şəxsən ağlıma gəlməzdi, ərdə ola-ola yad kişinin üzünə gülümsəməyim. İlk addımı atmışdım, yataq mənim üçün çətin olmazdı. Şəhvətli qadınam, bir halda ki, arada iyrəndiyim kişiyə qarşı bədənim həmişə öz hərarətini saxlayır, başqasına qarşı niyə soyuq olmalıdır?
Şeytani düşüncələrlə dodaqlarıma qırmızı pomadamdan sürtüb yerimə qayıtdım. Ofisiant mənə yaxınlaşdı, başıyla qarşımdakı kişini işarə elədi: – Ödənilib.
Sonra hesab kitabçasını qarşıma qoyub getdi. Kitabçanın arasında kişinin vizitkası vardı. Vizitkanı çantama qoyub, adama gülümsədim, hesabı ödədiyi üçün başımla təşəkkürümü bildirdim. Əlimlə ona zəng edəcəyimi işarə etdim, beləliklə, yad kişini ümidləndirdim. Restorandan çıxıb qarşıda dayanan taksilərin birinə yaxınlaşdım. İstəmirdim çıxdıqdan sonra mənə yaxınlaşsın. Taksiyə mindikdən sonra onu qapının ağzında gördüm. Barmaqlarımı tərpədərək sağollaşdım.
Evə girən kimi hamama keçdim, paltarımı soyunub paltaryuyan maşınına atdım, ilıq suyun altında içimdəki zəhəri, uğursuzluğumu, bədbinliyimi ruhumdan tökənə qədər ağladım, sonra dincəldim. Hamam xələtində qonaq otağına gəldim. Yatmaq istəyirəm, yuxum gəlmir. Yuxu gətirmək üçün fərqli üsullarım vardı. Bunu kişisiz qaldığım gecələrdə kəşf eləmişdim. Gecələr cüt yatağımın tək adamı olmaq, qisas üçün çağırışıydı. Googlda porno saytların birinə girdim, sonra stulda oturdum. Başqalarının çılpaq bədəninə baxmaq mənə nə zövq verirdi, nə də şəhvətə gətirirdi. Onların səsi məni mən olmaqdan çıxardırdı. Gözlərimi yumanda öz fantaziyalarım mənə bəsiydi. Fantaziyamdakı kişi nə Etibarıydı, nə də bugün üz verdiyim kişi… Bir dəfə yuxu görmüşdüm, tanımadığım kişiylə sevişirdim. Yaraşıqlı deyildi, çirkin də demək olmazdı. Amma məni özünə sıxan güclü qollarını yuxudan sonra da hiss eləmişdim. Ərim məni onun kimi kürəyimin sümüklərini şaqqıldadacaq qədər ürəkdən sıxmamışdı. O gündən fantaziyalarımın şəhvət hissəsində o kişi vardı. Gözlərimi yumdum, yenə o kişi, şəhvətli səslərin sədasında yuxuya getmişdim.
Bir saatdan çox olardı oturduğum yerdə yatmışdım. Qəfildən qadın qışqırığına diksindim. Etibar divanda oturmuşdu, ayağını ayağının üstünə aşırmışdı. Özümü yığışdırdım. Çılpaq sinəmi, sağ ağayımı xələtimin altında gizlətdim. Bir az utanmışdım. Utanmağımdan çox, stulda yatdığımdan boynumun quruduğunu hiss elətdirdim. Əlimlə boynumu ovuşdura-ovuşdura ayağa qalxdım.
– Məndə deyirəm bu mənsiz necə dözür? Məlum oldu.

Xəyanətimdə də belə tutulsam, vəssalam, həyasızlıq edib qanımı özlərinə halal edəcəklər. O, ayağa qalxdı, asta addımlarla mənə yaxınlaşdı.
– İnadkarlıq eləmə. Kişilər dünyaya bölüşdürülmək üçün gəlib.

İkinci cümləni deməsəydi, saçlarıma toxunanda ola bilərdi ki, təslim olum, şəhvətimi öldürən adi kişi kimi baxım. Amma yox, sonsuzluğumu xatırlatdı.
– Deməli, problem uşağımızın olmamağı deyil, hə?
– Guya uşağı olan kişilər gəzmir? Sən mənim arvadımsan. Namusumsan. Əmim qızısan. Bizimki belə gətirib. Xoşbəxt olmağa məcburuq.
Qəfildən güldüm. Gülüşüm onun danışığı qədər həyasızıydı. Dəqiq bilirəm divarın o üzündə qonşu da gülüşümü eşitdi.
– Tarixi-Nadiri yarıyacan oxumuşam, belə cümlə rastıma çıxmayıb.
Əlini əlimlə itələyib divanda oturdum. Gülərək gözüm dolmuşdu. Onu yaxşıca söymək istəyirdim
– Ay…Ay əmioğlu, biz bədbəxt olmağa məhkumuq. Amma mən bu işi belə qoymayacam.
– Neyniyəcəksən?
– Başa düşmürsən ki, ölürəm? Hamınız özünüzü düşünürsüz.
– Yaşayaq da. Məni özünə yaxın buraxmırsan, amma bütün günü başqa kişilərin şeyinə baxırsan. Mən dərdimi kimə deyim, ay Allah?!
Rəhmətlik nənəm yadıma düşdü. O da əsəbləşəndə əlləriylə dizlərini döyərdi. Etibarın fərqi oydu ki, yöndəmsiz dırnaqlarıyla üzünü cırıb iz qoymurdu. Bu hərəkəti kişiyə yaraşdırmırdım, bəlkə də etdiyi hərəkət qışqırmağıma səbəb oldu.
– Sevirsən ki, yatasan?
– Fərqi nədi? Ehtirasım var.
– Ona ehtiras demirlər. De ki, sənə toxunanda gözümün qabağına o gəlir. De ki, sənlə olmaq üçün özümü zorlayıram. Allah hamınızı öldürsün. Səni də, atamı da, əmimi də, hamınızı öldürsün. Adınıza tüpürüm. Adınıza görə imkan vermirsiz, adam balası kimi yaşayım.
Üzümü tutub hönkürtüylə ağlamağa başladım. Təbii ağlamağım həmişəki kimi Etibarın vecinə deyildi. Məni hədələdi, yenə də alçaltdı. Bizim aramızdan pərdə bugünkü qədər götürülməmişdi. Mən ona səsimi yüksəltməmişdim, o da açıq-aşkar özünü belə gülməli vəziyyətə salmamışdı.
– Tfuu…Öl canın çıxsın. Bundan sonra yalvarsan da sənə toxunmaram. Nəymişsən az sən? Boşanmağı ağlından çıxart, beynimlə oynama. Bilirsən nə var? Yaxşı eləyirəm. Başqa arvadlar necə, sən də elə. Elə bil xəyanət eliyən tək mənəm. Ərlərindən xəyanət görən bütün arvadlar sənin kimi eləsəydi, ölkədə ailə qalmazdı ki. Hamısı boşanardı. O arvadlardan çox bilirsən?Bəlkə atan anana xəyanət eləməyib? Bəlkə atam anama? Şəxsən özüm neçə dəfə atam qadınla yolnan gedəndə görmüşəm. Anam yanımda…Necə əsəblərimə toxundun e.
Cavab verib növbəti dəfə alçalmağımın şahidi olmamaq üçün susdum. Sadəcə susdum. İçimdəki qisas alovuna benzin töküb notebooku stolun üstündən götürüb evdən çıxdı. Ayaqlarımı aralayıb yerə bir nöqtəyə baxdım, baxdım… Hirslə pəncərəyə yaxınlaşıb açdım. Etibar maşına minmişdi. Qışqırmaq istəyirdim ki, qapı döyüldü. Etibar maşını xodlaşımdı. Xələtimə yenidən əl gəzdirdim, bir əlimlə sinəmi bağladım, qapının arxasında bədənimi gizlətdim, qapını açdım.
Gənc oğlan əlində reklam vərəqləri mənə baxırdı. Daha doğrusu, tam qurumamış saçlarıma.
– Üzr istəyirəm, deyəsən, vaxtsız gəldim.

Başa düşmürdü ki, tam vaxtında gəlim. Artıq Etibarın gecə gəlməyəcəyinə əminiydim….

Ardı var…

Şefaqet Cevanşirzade
www.kafiye.net