Sakit savaş – 4.

Onunla mənasız danışığımızdan sonra evə getmək istəmirdim. Avtobusa minib hər küçədə qarşımıza çıxan restoranların birinə yaxın dayanacaqda düşdüm, restorana girdim. Sevdiyim yeməkləri bişirməyə həvəsim yoxuydu. Çoxdandı bişirdiyim yeməklər kartof və toyuğun döş ətinin qaynatması olurdu. Pəhriz saxlamırdım, həyat eşqim yoxuydu. On kilo atıb səksən kikoya düşmüşdüm. Etibarın axşam gec gəlməyinə öyrəncəli olduğumdan, nənələrimiz demişkən, ocaqdan qazan asmağın mənası yoxuydu. Restorana girdim, pəncərəsi küçəyə baxan tərəfdə oturdum. Danışmağa adam tapmayanda gözlərim insanların az qala bir-birinə dolaşan ayaqlarıyla təmas edirdi. Kaş mənim də ayaqlarımın məni aparacağı yer olardı. O zaman belə çarəsiz qalmazdım. Ofisiantın səsi məni fikirlərimdən ayırdı.
– Xoş gəlmisiz. Buyurun – menyunu mənə uzatdı. Menyuya ötəri nəzər saldım: – Balaca boşqabda mərci və qreçka. Mümkünsə, qreçk duzsuz olsun.
– İçməli nəysə olacaq?
– Adi soyuq olmayan su. Aa çoban salatı da gətirin.
– Baş üstə.
Ofisiant getdikdən sonra qarşı stolda bir kişinin gözlərini mənə zillədiyini gördüm. Çox güman mən restorana girəndən diqqətindən yayınmamışam. Özümü elə apardım, guya onun mənə baxdığını hiss eləmirəm. Yenə pəncərədən küçəyə baxdım. Vatçapımın mesaj səsini eşitdim. Mesaj yazan bacımıydı. Hal-əhval tutduqdan sonra şou-biznesdən xəbər verən jurnalistlər kimi həyəcan təbili çaldı.
– Şəkli qaynımacan hamı görüb. O qancıqda səndə olmayan nə var, axı? Papagil də boşanmağına razı deyil. Ən yaxşısı, özünə bir gün ağla.
Bacım sualı özü də bilmədən haqlı olaraq vermişdi. O qancıqda məndə olmayan uzun ayaqlar və düz qarın vardı. O, sarışınıydı, mən qaraşın, bir az da toppuş. Bəs yaxşı, bacımın qaynı sarışının dostluğunda nə gəzirdi? Şəkli paylaşanda ərimi işarələməmişdi. Düzü, mesajlaşmağı uzatmamağın dərdindən bu sualımı düşündüyüm kimi də tez unutdum. Bacımın özünə “gün ağla” cümləsi adamı daha çox düşündürürdü.
– Gün ağlayım, neynəyim? Özümə kişi tapım? – yazdım.
– Ortaya çıxsa, səni öldürərlər. Biabırçılıq olar – yazdı.
Əsəblərim yenə korlandı: – Onda bu oğraşı niyə öldürmürlər? – yazdım.
– Uşaq olsa, bəlkə düzələr.
Hər dəfə anamla bacıma alçalmağımı izah eliyəndə, niyə uşaq məsələsini ortaya atırlar, mənə çatmır. Onlar da məni özlərindən soyutmuşdular. Bacımla bir az da yazışmağa davam etsəydim, cinnət keçirib restoranı öz başıma uçurdub, başqa biabırçılıqlara yol aça bilərdim.
– Sonra yazışarıq, gələn var – yalandan yazdım.
Telefonumu çantama atdım, qarşımdakı kişiyə baxdım. Əslində, hələ də mənə baxıb-baxmamasını dəqiqləşdirirdim. Niyə, özüm də bilmirəm. Maraqlı göz quruluşu vardı. Ciddi baxışlarıyla gözümə baxırdı. Mən ona gülümsədim, o da gülümsəməyimdən cəsarət tapmışdı ki, gülümsədi. Gözümü ondan yayındıranda, yad kişinin sinəmə, dodaqlarıma, əndamıma gizlin baxması istər-istəməz məndə özümə qarşı inam hissimi hardasa yaratmışdı. Deməli, çirkin qadın deyildim, istədiyim kişini əldə edə bilərdim. Etibarı asanlıqla əldə edə bilməmişdim, böyük xeyir-duasıyla elçilikdən bir həftə sonra zifaf gecəmiz olmuşdu. O, məni rahat yatağına salmışdı. İndi də yadıma düşəndə, özümü ilk dəfə müştərisiylə tanış olduqdan bir saat sonra yatağa girən əxlaqsız qadın kimi hiss edirəm.
Daxilən keçirdiyim sarsıntıdan ağlımdan bəlkə şeytanın yadına düşməyəcək fikirlər keçirdi. Ofisiant dediklərimi gətirdi, stolun üstünə düzdü. Yemək yeyə-yeyə kişiyə gülümsəyirdim. Arada pəncərədən küçəyə baxırdım ki, məni sırtıq qadın hesab eləməsin. Həyəcan keçirirdim, qəfildən ona baxanda gözlərinin sinəmdə olduğunun fərqində oldum. ” Bütün kişilər eynidir” deyəndə yəqin nəzərdə tutulan birinci onların oğraş baxışlarıdır. Yaxşı bilirəm, mən ona hərdənbir yatmaq üçün lazımam. Guya o mənə daima lazımıydı? Qətiyyən!…Onu qisas almağım üçün ilki mərhələ hesab edirdim…

Ardı var…

Şefaqet Cavanşirzade
www.kafiye.net