Sakit savaş – 2

Səkinin kənarında gəzirəm, gözlərim işıqforu gözləməyə hövsələsi çatmayan insanların tələskənliyini müşahidə edir. Maşının içindəki sürücülərin dodaqlarını oxumağı zamanla öyrənmişəm.Onsuzda yönlü söz çıxmır ağızlarından. Qırmızını gözləməyən piyadanı haqlı söyən sürücü olmağı mən də istəyərdim. Piyada, sürücü fərqi yoxdur, hamının üzündə mənim simamdan seçilməyən ümidsizlik vardı. Deyəsən, onlar da mənim kimi sevgisiziydi. Niyə bilmirəm, bircə küçəyə çıxanda qarabəxt olmadığımı düşünürdüm. Mənim məsələm əslində qarabəxtsizliyimdə deyildi, valideyinlərimizin bizim üçün yazdığı ədalətsizlikdəydi. Etibar zamanında demişdi, məni sevmir, sevib ailə qurmaq istəyir. Kaş dediyi kimi dediyini əməl etməyi bacaran kişi olardı. İndi nə o, bədbəxt olardı, nə də mən. Bədbəxtliyimizdə də fərq vardı. O, yalnız mənimlə bədbəxtiydi, mən onla, ya da onsuz bədbəxtiydim. Yaxşı ki uşağımız olmadı, ədalətli olmaq lazımdırsa, mənim uşaqlığımda olan problemlərə görə hamilə qala bilməmişəm. Axırıncı dəfə nə vaxt yaşamışıq, onu da xatırlamıram, özümü qız uşağı kimi hiss edəcək qədər aylar keçib üstündən. Xəyanətini bildiyim gündən yox, düzü, üzümə “Neynim, səni yox, onu sevirəm” dediyi gündən özümə yaxın buraxmadım. Etibara da yazığım gəlirdi.
Özümü maşının altına atmağı gözümün qabağına gətirirəm, ancaq ürəyim gəlmir. Çünki sürücünün Etibar kimi evindəkinə əzab verib-verməyəcəyini dəqiq bilmirəm. Bilsəydim,vallah, atardım, mənim də canım qurtarardı, onun evindəkinin də. Nəinki ərim üçün, məni ona kəndir edənlərə də ən yırtıcı qadın olmaq istəyirəm. Dilimin ucundakı əqrəb zəhəri qədər təhlükəli sözləri deməyə adam axtarıram. Dünyanın ən günahkar adamını. Tanıdıqlarımın ikisi məndən böyük – atalar, ikisinin vuran əli var- qardaşlarımdır. Vicdanla danışmaq lazımdırsa, Etibarın qadın döyməklə arası yoxdur, o tərbiyəsizliyin yiyəsi deyil. O, adamı səbrlə diri-diri basdırmağı bacaranlardandır. Tapdım, sancaraq zəhərimi ürəyinə boşaldacağım uyğun namizəd Etibardır. İş yerinə aparan iki küçə geridəydim.
Addımlarımı sürətləndirdim, hikkəli qadınlar kimi addım atmağım yəqin mənlə üzbəüz gələn adamların diqqətindən yayınmamışdı ki, gözlərini gözlərimə zilləmişdilər. Mənsə böyük olmayan nazik, balaca dodaqlarımı bir-birinə kipləşdirmişdim.
Alqı-satqınım qarısında dayandım, dodaqlarımı bir az aralayıb dərindən nəfəs aldım. Əzəldən düzgün nəfəs almağı bacarmamışam. Toppuşluğuma səbəb olanlardan biridə tək burunla nəfəs almağı bacarmamağımdır. Özüm-özümə düşmənəm.
Nə isə…”Azad insan cəsarətli insandır” düşüncəsiylə qapını açıb içəri girdim. Etibar əlində telefon mesajlaşırdı, deyəsən, getməyə hazırlaşırdı. Məni görəndə tutuldu. Çünki iki ildən sonra ilk dəfəydi iş yerinə gəlirdim.
– Canan.
– Deyəsən, gedirdin.
– Yemək yeyəcəkdim.
– Nahara çox var, axı?!
– Arvadım səhərlər yeməyimi qabağıma qoymayanda, nahara qədər iki dəfə yeməyim də normaldı.

Etibar hər cəhətdən yanımda həm günahkar, həm də güclüydü. Bizim cəmiyyətdə Etibar kimiləri nəticədə həmişə haqlı olub. Düşündüm ki, gəlmişəmsə məşuqəsinin səhvini də gözünə soxub bir az rahatlaşım.
– Söhbət eləmək istəyirəm. Belə evdə danışa bilmirik.
Etibarın üzündən mənim gəlişimdən razı qalmadığı açıq-aşkar hiss olunurdu. Məncə, o, sarışınıyla kef çəkməyə gedirdi, mane oldum. Amma yumşaq tərzdə soruşdu.
– Nə danışaq?
Onun başqasının həyatına rəng qatıb, mənim həyatımda boz rəngdə qalması, məni inandırmışdı ki, mən nəinki Etibarsız, ümumiyyətlə, həyatda kişisiz yaşasam da, əl dəyməsə, könlünə kişi düşməyəcək qadınam. Kənardan ailə görünsək də, əslində, biz daxildən çox əxlaqsız ailəydik. Bəli, bəli, bizi bir-birimizə bağlayan ancaq ehtirasdır. Qəribədir, ortada sevgi yoxdur, amma ehtiras var. Ona qarşı şəhvətim indi də var, niyə bilmirəm. Əvvəlcədən yazdığım kimi qürurum imkan vermir əli əlimə dəysin. İstər-istəməz özümü pula çıxan fahişə kimi hiss edə bilərəm, qadın kimi qalsın bir kənara, özümə insan kimi hörmətim qalmaz.
– Niyə susdun? Görək o nədir ki, evdə danışa bilmirik, burda danışırıq.
– Boşanmaq istəyirəm.
Etibar təəccüblənmədi, gec-tez belə bir addım gözləyirdi məndən. Əksinə, dodağı bir az kinayəylə qaçdı. Heç əhvalını da korlamadı.
– Ağlını başına yığ, əmim qızısan. Səni boşaya bilmərəm. Bizim boşanmağımız iki qardaşın düşmənçiliyi deməkdir. Qadınsan, belə şeyləri başa düzməzsən.


Ardı var….

Şefaqet Cavanşirzade
www.kafiye.net