Sakit savaş – 1
(Novella)

Soyuqluğum, əslində əsəblərimi sakitləşdirmək üçün tapdığım mənasız, heç bir işə yaramayan yöntəmiydi. Təsəvvür edin, halalca ərin var və sən özünü onun arvadı yox, məşuqəsi kimi hiss edirsən. Əminəm ki, mənimlə yatmaq üçün məşuqəsindən icazə alır, bir başında gəzdirdiyi qırx cür dilindən hansı sözlər dürr olub tökülür ki, ayda bir dəfə mənim də başıma sığal çəkə bilsin. Təbii, bunlar hamısı bəhanədir. O, biz iki qadını; mənim tərəfimdən başını sakitləşdirmək üçün, onun tərəfindən əylənmək üçün əməllicə barmağına dolamışdı. Zamanı gələndə, özünü iki ovun arxasınca eyni anda düşüb uduzmuş ovçu kimi hiss edəcək və üçüncü ovunu tapmaq üçün arada qalmış qurban kimi özünü bayraq edib, onun xəyanətinə bugün “kişidir, ona hər şey olar” deyənlərə səbəb göstərəcək. Kənardan baxanda isə, qurban mən özüməm. Onu gecələr özümün də sərhəddini bilmədiyim şəhvətimlə dəli etmək üçün aldığım açıq-saçıq gecə paltarlarını qayçıyla səbrlə kəsib doğramışdım, xəyanətin hirsi təpəmdə isti-isti, saçlarımı kəsmişdim, o,özünü çatdırmasaydı, üzqırxanla özümü keçəl də eləmişdim. Qaşlarımın bəxti saçlarım qədər gətirməmişdi. İndi-indi tüklənir və qaşıma baxanda elə bil qələm çəkilib. Gözlərimin üstünü, altını qaralamaq xoşuma gəldiyindən nazik qaşla, düzü , kənardan heç də yaxşı qadın kimi görünmürdüm. Ərimin məşuqəsinin yeganə rəqibi mənəm, halbuki, axmaq hələ də bilmir ki, mən ona çoxdan uduzmuşam. Mənim davam əmim oğlu Etibar – ərim və qan qohumlarımdır. Gecədən allı-güllü, 90% pambıqlı, qalın gecə paltarımı geyinmişdim, gözümü yumub bütün günü şəhəri tək gəzib ancaq salonda vaxtımı keçirəcəyimi xəyal etmişdim ki, bir il ərzində həyatımda baş verən hadisələri bir günlük də olsun unudum, alınmadı. Plan qurmaq mənə düşmür. Planlarıma nə qədər məsuliyyətlə yanaşıramsa, bir o qədər uduzuram..

Budur, səhər ilk işim instagrama girdim və qəsdən dostluq atdığım, arada zarafatla dediyim günümlə ərimin bir yerdə çəkdirdiyi şəklini səhifəsində gördüm.

Qadının məndə nömrəsi də varıydı, Etibarın telefonundan götürmüşdüm. Bilmirəm özümə yaraşdırmırdım, ya Etibarın qorxusundanmı, bircə dəfə də olsun onu yığmamışdım. Mənim də nömrəm onda varıydı. Bir-birimizi vatçapda izləyirdik, eləcə izləyirdik. İnanın, o məndən beş dəfə artıq cəsarətli qadındır. Məndən fərqli olaraq qorxusundan yox, bicliyindən yazmırdı mənə. Məni cırnatmaq üçün vatçapında Etibarla şəkillərini paylaşır, davada ilk addımımı atmağımı gözləyirdi. Yəqin ovunu əyilərək gizlənən şirlərə televizorda baxmısız. Bax, mən o qadını, ovunu parçalamaq üçün hazır vaxtı gözləyən şirə bənzədirdim. Mən ona nifrət eləməkdən o mənə nifrət edirdi. Kənardan mən onun sevdiyini əlindən almışdım, o mənim yox. Qadın haqlıydı, o, ərimi məndən çox sevirdi. Çox sevirdi yox, ümumiyyətlə, mən Etibarı iynənin ucu boyda da olsa sevmirdim. Biz sevərək ailə qurmamışdıq. Amma sosial şəbəkədə ilk dəfəydi şəkil paylaşdı, ərimi sevməsəm də qadınlıq qürurum vardı, istər-istəməz adamın heysiyyatına toxunurdu. Özümdən çıxmışdım, kontaktdan “məşuqə” yazdığım adın üstünə baş barmağımla toxunmaq istədim, dayandım.

Damarlarımdakı qanı əzablarla coşduran hirsim məni quduzlaşmış itə döndərmək yerinə, ağladırdı. Axı, qadınla danışa bilməyəcəkdim. Söyüşlərim də boğazımda düyün olub məni susduracaqdı, boğula bilərdim. Mənim kimi ümidləri hər yerdən kəsilmiş qadının indiki vəziyyətdə ancaq təmiz havaya ehtiyacı vardı. Gücüm ayağa qalxıb pəncərələri açmağa çatdı. Dərindən nəfəs almaq istəyirdim, ağlımda ancaq qisas almaq vardı. Bu qisas xəyanət olmamalıydı. Qüruru tapdalanmış, mənliyi alçalmış qadının xəyanətini ancaq insan iztirablarını barmaqlarının ucuna qədər yaşamış insan başa düşərdi. Başa düşərdi, haqq verməzdi. Çoxdandır başqa arzularımdan bir arşın çox arzuladığım qisas vardı ağlımda. Özümə yaraşdırmırdım. Özümdən başqa məni bu addımı atmağa vadar edən hər kəsə layiq bildiyim qisasıydı.

Ardı var…

Şefaqet Cavanşirzade
www.kafiye.net