HƏSƏD.(roman). 91

Nübargilin xarici dövlətdəki istirahəti çox gözəl keçirdi.Zaur da anası ilə birlikdə onlara qonşu otaqda yerləşdirilmişdi.
Hər səhər otelin yeməkxanasında birlikdə səhər yeməyi yedikdən sonra gəzintilərə yollanırdılar.Şəhərin qeyri – adi gözəlliyi, səliqə-sahmanı, ab-havası, mülayim, xoşxasiyyət insanları onları elə ilk gündən valeh etmişdi.Özlərini yad yerdə, qəriblikdəki kimi hiss etmirdilər.
Bu gün də adəti üzrə Nübar erkən oyanmışdı.Yerindən qalxıb barmaqlarının ucunda pəncərəyə yaxınlaşdı, jalüzləri ehmalca qaldırdı.Otağa yayılan günəş şüaları Rəfiqənin çarpayısına tuşlandı,gözlərini qamaşdırdı.Ana gözlərini açıb təəccüblə otağa nəzər saldı:
-Səhər nə tez açıldı, elə bil indi yuxuya getmişdim…
-Hə, tənbəllərə eşq olsun!,-Nübar ucadan güldü,-bir az da yubansaq, səhər yeməyinə gecikəcəyik,- qaçıb anasının qucağına atıldı,- dünənki gəzintimiz yorub səni,amma etiraf et ki, hədsiz zövq almısan.
-Hə qızım, -Rəfiqə yerindən dikəldi, – bu şəhəri gəzdikcə gəzmək istəyirsən.Adam heç yorğunluq da hiss etmir.Hələ…-,gözlərini qıydı,-Kamiləgilin də bizə qoşulmaqları lap yerinə düşdü.Qəribliyi hiss etmirik,gör qısa müddətdə onlarla necə doğmalaşdıq.
Söhbətin hansı məcraya yönəldiyini hiss edən Nübarın yanaqları allandı:
-Qonaqlar arasında həmvətənlər çoxdur,onlar da olmasa,kimlərləsə dostlaşacaqdıq.
-Hə…,- Rəfiqə çarpayısından qalxdı,-hazırlaşaq qızım,yuyunub yeməkxanaya düşək.
Çox keçmədi ki,ana-bala səliqə-sahmanla yeməkxanaya keçdilər.Zaurla anası da orada idi.Yemək masasına əyləşsələr də,süfrə üzərinə zövqlə düzülmüş təamların heç birinə toxunmurdular.Rəfiqəgilin gəlişini gözləyirdilər.
Zaurun gözü qapıda idi.Yeməkxanaya daxil olan saysız- hesabsız insanların içərisində yalnız birini arayırdı…Nübarını…ona həyatı qədər əziz , hava , su kimi gərək olan Nübarını…
Ana ürəyi bunları yaxşı duyur,hiss edir, gözəl anlayırdı.Oğlunun belə erkən yaşda sevdaya düşməsinə bir o qədər haqq qazandırmasa da,Nübarın və ailəsinin əsilzadəliyi, yüksək mədəniyyəti,əxlaqlı davranışı onu da ovsunlamışdı.Belə bir ailə ilə qohum olmaq , Nübar kimi gəlinə sahib olmaq onun da ürəyindən idi.
Masaya gülər üzlə yaxınlaşan Rəfiqə hörmətlə salamlaşıb oturacaqlardan birinə əyləşdi.Digər oturacağa əyləşən Nübar, üzbəüz oturan Zaura baxdı.Baxışlar qarşı- qarşıya idi…Sevgi dolu,hərarət dolu baxışlar…həyat eşqi ilə qaynayan ,alovu ilə bu iki qəlbi yandırıb yaxan baxışlar…
Heç bir şey hiss etmirmiş kimi davranan, mehriban söhbət edən analar isə dünənki gəzintilərinin təəssüratlarını bölüşür, bugünkü istirahətləri barədə planlar qururdular.Öz aləmlərində olan gənclərinsə onları heç dinləmədiklərini də yaxşı hiss edirdilər.Belə məqamlarda baxışlarını bir-birindən gizlətməyə çalışır, özlərini nə iləsə məşğul kimi göstərirdilər.
-Mənim bir təklifim var,-Kamilə dilləndi,-gəlin bu gün dəniz gəzintisinə yollanaq,-oğluna da,Nübara da çay süzdü,- gənclər qayıqla gəzərlər, biz də sahildən onları seyr edərik, təmiz havada münasib bir yerdə qəhvə içib söhbət edərik, – hə…necə təklifdir?,-Rəfiqəyə baxdı, – nahar yeməyimizi də başqa bir məkanda edərik.
-Lap yaxşı,-Rəfiqə gülümsədi,-bu günümüzü də dəniz sahilində keçirərik, mən razı.
Qərarlaşdırdıqları kimi də oldu.Nübarla Zaur qayıq gəzintisinə yollandı, analarsa sahildən onları seyr etməyə başladılar.
Qadınlar kölgəlikdə münasib bir yerdə əyləşdilər.Kamilə gün eynəyini gözündən çıxardı,şlyapasını da başından götürüb qucağına qoydu:
-Dəniz havasını çox sevirəm,-gülümsədi,-elə dənizin özünü də…saatlarla oturub baxaram ona.
-Eləmi,-Rəfiqə təəccüblə ona baxdı,-qayıqda ki yer vardı,siz də uşaqlarla bərabər gəzintiyə çıxa bilərdiniz,-fikrə getdi,-açığını deyim ki…mən dənizi …bir o qədər də sevmirəm…
-Doğrudan?-,Kamilə təəccübləndi,-elə bilirdim…onu hamı sevir.
-Əvvəllər hə…mən də sevirdim…amma indi…onunla bağlı çox acı xatirələrim var,-gözləri doldu.Özünü ələ almağa çalışdı,-nə isə…kefinizi pozmayın.
Gözlərini qıyıb qayıqda qayğıısız üzən gənclərə baxdı.Gülümsəməyə çalışdı.Baxışlarını Kamiləyə tərəf yönəltdikdə isə onun sual dolu gözləri ilə qarşılaşdı.
-Nə deyim…Siz qəlbimə yaxın insansınız…Nübar…mənim…tək övladım deyildi.Onlar əkiz idilər,-udqundu,-Novxanıda böyük bağ sahəmiz vardı.Hər il yay mövsümündə oraya köçürdük.Qohumlar da ətrafımıza yığışardı.Demək olar ki, hər günümüz qonaqlı-qaralı olurdu.Bağ sanki iri qazan kimi qaynayırdı,-sözünə ara verdi,-həmin gün də…çoxlu qonaqlarımız vardı…istirahət günü idi.Axşamüstü qonaqlar dəniz sahilinə getmək fikrinə düşdülər…,-qəhərləndi,-külək qalxmışdı,getdikcə də güclənirdi.Yoldaşım belə havada dənizin qorxulu olduğunu yaxşı bilirdi,amma qonaqların da sözünü yerə salmaq istəmirdi.Nə isə…Bir neçə maşın adamla dənizə yollandıq.Mən…mən övladlarıma qarşı çox diqqətli olduğum halda…körpəmin gözdən yayınıb dənizə necə girdiyini indiyə qədər anlaya bilmirəm…,-göz yaşları yanaqlarına süzüldü,-dəniz göz qırpımında balamı uddu…
-Aman Allah!,-Kamilənin nitqi tutuldu,-özünüzü ələ alın,xahiş edirəm…
-Darıxmayın,-Rəfiqə özünü toparladı,- həmin gün…aləm bir-birinə dəydi.Fəryadımız ərşə qalxdı.Faydası olmadı…Dəniz balamızı bizə üç gündən sonra qaytardı.
-İlahi!, -Kamilə çaşbaş qalmışdı,-bağışlayın siz Allahımız.Bilsəydim…
-Narahat olmayın,-Rəfiqə gözlərini sildi,-sizlik bir iş yoxdur.İstirahətə gəlmisiniz,-sözünə ara verdi,-həmin yay bağ evimizin qapısı bağlandı…birdəfəlik…indiyə qədər də açılmır.Mən…o körpəmin ətrini də Nübardan alıram.Nübar məni yaşadan yeganə qüvvədir.

Ardı var.

Govher Rustamova
www.kafiye.net