KÖNLÜNÜ ALIM

Elə zəmanəyə gəlib çıxdıq ki,
Klassik sevgidən yoxdur əlamət.
Çoxları inanmır, bir də baxdıq ki,
Kərəmdə qalmayıb daha kəramət!

Pula aşiq olub para sevənlər,
Sərvətdən, dövlətdən doymayır axı.
Bu qəlbi çöplüklər, ruhu şüvənlər,
İnsanı sevməyə qoymayır axı!

Problem o qədər artıb , çoxalıb,
Hərənin içində bir eşq ağlayır!
Çörək düşünməkdən könül yuxalıb,
Susqun ürəklərdə nisgil çağlayır!

Sevmək də , sevda də varlıya məxsus,
Kasıba sevirsə dəli deyirlər!
“Eşq demə”, “dillənmə”, söyləsələr “sus”,
Yazıq binəvalar “bəli” deyirlər!

Sən məndən incimə gülüm, əzizim,
Mən hərdən sevgidən işə düşürəm!
Gərəkdir mətanət, gərəkdir dözüm,
İşdə qaynayıram, eşqdə bişirəm!))

Müasir zamanın Hamleti kimi,
İşimi buraxım, eşqdəmi qalım?
Düşünüb taparam işimin çəmin,
Küsübdü… yarımın könlünü alım!))

Təvəkkül Goruslu. 23.09.2019.
www.kafiye.net