BÖLƏN DEYİLƏM

Səndən istədiyim böyük şey deyil,
Bir kiçik anlayış, bir az da duyum!
Mənim yox, sevginin önündə əyil,
Götürüm, qaldırım qəlbimə qoyum!

Mənəmlik eyləmə, müştəbeh olma,
Dirəmə bu eşqin ağzını daşa!
Elə üfləginən kipriyi salma,
Gözdən muğayat ol, toxunsan qaşa!

Mənə faciədi sən boş bildiyin,
Aşiqin boşluqdan gora sürümə!
İnad eylədiyin, alıb sildiyin,
Bir eşqdi, çöplüyə atma, kürümə!

Çılğın olduğumu duyub, görsən də,
Qəlbini daş edib soyuqqanlığın!
Bu sevən ürəyə eşqlə girsən də,
Sökmə xanimanın, vurma xanlığın!

“Əlvida” söylədim, alışdı dilim,
Bitirsin sevdanı sənin əlvidan!
Getmirsə ayağım, qopmursa əlim,
Yaxın da qoymayır keçilməz ədan!

Məcnunu, Fərhadı eşqdən ölsə də,
Mən sınan deyiləm, ölən deyiləm!
Lap Həvva dirilib eşqin bölsə də,
Bir daha bu qəlbi bölən deyiləm!

Təvəkkül Goruslu. 16.09.2019.
www.kafiye.net