MƏN HƏRNƏYƏM… SƏNİNƏM!

Günəşəm, dünyana sığışdır məni
Qoy gəlim qəlbini nura boyayım.
Ulduzam səmadan yığışdır, Səni-
həzin nəğmələrə “şuur”a boyayım.

Mələyəm, göylərə əl açıb səslə,
Enəcəm, bir dəfə duysam səsini.
Sevib ovucunda bircə an bəslə,
Vermərəm heç kimə bir nəfəsini.

Ayam, gecələrin sənə heyranı,
Qoyma ki, buludlar gözümü örtsün.
Zülmətə bürüyüb bütün dünyanı,
Gizli aşiq kimi üzümü öpsün.

Dənizəm, sahilə gəl çıx görüşək,
Bəzənim nərgiz tək, ləpələnim qoy.
Qəlbimə sancılan ümid oxu tək,
Aç sinən üstünə səpələnim qoy.

Aygün Abbas.
www.kafiye.net