XALQIM

Öz gücün, qüdrətin sözlə göstərib, 
Tanrıdan yurd yeri dilənən xalqım. 
Kinini, nifrətin gözlə göstərib, 
Əlləri, ayağı bələnən xalqım.

Dost deyil, düşməndi hər hankı yanı, 
Heç yerə çatmayır ahı, amanı, 
Gülləylə, qəlpəylə qırmızı qanı, 
Daşlara, torpağa çilənən xalqım.

Torpağı nacinsə, yada verilən, 
Taleyi səbrlə bada verilən, 
Adı da bir ayrı ada verilən, 
Məkrlə, hiyləylə bölünən xalqım.

Torpağı işğalda, özü yuxuda, 
Yellənir, şellənir ayrı qoxuda, 
Humanist eyləyib bir az da Xuda, 
Dünyada tolerant bilinən xalqım.

Bəhs edib dözümdən, tutub dözümdən, 
Dönüb millilikdən, dönüb özündən, 
Sərvəti borunun neft gözündən, 
“Demokrat” ciblərə ələnən xalqım!

Calanıb ocağı, sönüb odları, 
Susur igidləri, çapmır atları, 
Tədricən kənd adı, şəhər adları, 
Hər yerdən, hər daşdan silinən xalqım!

Təvəkkül Goruslu. 23. 08. 2019.
www.kafiye.net