Ağırdı 

Hanı o zamankı sevgi, məhəbbət?
Sevənin gözündə şimşək çaxırdı.
Sevirdik atadan, anadan xəlvət,
Sevən ürəklərdən saf qan axırdı.

Eşqiylə çox insan dahiləşirdi,
Qıraq əyləncələr adiləşirdi.
Kitab oxuyurdu, şairləşirdi,
Təb, ilham coşurdu, sözlər axırdı.

Saflıq bəxş edirdi, qəlbə məhəbbət,
Kiçiyə mərhəmət, böyüyə hörmət.
Cüzi maaşda da vardı bərəkət,
Hər kəsin ruzusu göydən yağırdı.

Düşdü aralığa “Yenidən qurma”,
Pul görüb, çoxunda oldu qudurma.
Güclü gücsüzlərə çaldırdı “zurna”,
Qanını sovurdu, kim ki, fağırdı.

Zəmanə dəyişdi, dövran başqadı,
Yaltaqlar, məddahlar indi başdadı.
Sakit, qocalmısan, günah yaşdadı,
Satılan vətəndə dərdin ağırdı.

24.08.2019.
Sakit Memmedov
www.kafiye.net