SƏNİN..

Niyə özgə oda məni atırsan,
Od ver, öz oduna qalanım sənin.
Bəlkə qaşlarını qəstdən çatırsan,
Dərdindən üzülüb,talanım sənin?
*
Yol vermə qəm çəkim,dağlanım yenə,
İlham ver dəniz tək çağlanım sənə,
Elə et,elə sev bağlanım sənə,
Qıyma yalanına aldanım sənin.
*
Ellə olmaq üçün elə nəğmə de,
Dilə düşmək üçün dilə nəğmə de,
Sevgimiz haqqında elə nəğmə de,
Mən də nəğmən ilə güllənim sənin..
*
Kənardan baxmaqdan dəli olmuşam,
Qəlbimi sıxmaqdan dəli olmuşam,
Yoluna çıxmaqdan dəli olmuşam,
Yolla eşq dünyana yollanım sənin.
*
Nazlıyam,pak sevgi deyildir yasaq,
Niyə yad sözünə biz qulaq asaq?
Özgələr önündə mehriban olsaq,
Yad deməz başına dolanım sənin…

Nazlı Hacılı.
www.kafiye.net