POLAD BELƏ BƏRKİYİR..

Ayrılığın acısına dözmədim,
Dağı düşdü ürəyimin başına.
Olan olub,olanları çözmədim,
Özüm döndüm mələyimin başına.
*
Vəfa qalxdı məhəbbətə gül vura,
Leyli oldum Məcnun Məcnun olmadı.
Əhd eylədim,şər istədi pəl vura,
Tanrım isə əlin tutdu,qoymadı.
*
Yuxularım ərşə qalxdı,dönmədi,
O dönüklük ürəyimə xal salıb.
Xeyli yandım,yanıqlarım sönmədi,
Eşq ağacım eşq meyvəmi kal salıb.
*
Donuq hissdən donuq gözlər don aldı,
Umu-küsü yol vermədi dirçəlim.
Ruhum yenə məhəbbətə yön aldı,
Qalib çıxdı haqq hayqıran gerçəyim.
*
Əl uzatdım dost əlinə ərk edim,
Namərd gördüm min biçimdə,min adda.
Qürur qoymaz düz yolumu tərk edim,
Elə belə bərkiyibdir polad da.

Nazlı Hacılı.
www.kafiye.net