HƏSƏD (roman) 87

Arzunun gözlədiyinin əksi olaraq , Zəhra da Çingizin hədiyyəsindən məmnun olmadı:
-Qızım,-dedi,-məni düzgün başa düş.Arada hələ ciddi bir şey yoxdur.İndidən belə hədiyyələr qəbul etmək doğru olmaz məncə.
-Niyə?,-Sevil kükrədi,-ona görə ki,kasıbıq?Ona görə ki,ailə başçısını vaxtsız itirmiş yetimlərik?Bizim nə başqaları kimi yaşamağa,nə də həyatdan zövq almağa haqqımız çatmır?Biz insan deyilik?
-Sakit ol,Sevil,-Arzu yerindən qalxdı,bacısını qucaqladı,-bizim də hamı kimi hər şeyə haqqımız çatır.Anamız onu demək istəmədi.
-Anamız orta əsrlərdən qalıb,-qız bacısının qollarını acıqla itələdi,-ömür boyu xatirələrlə,xəyallarla yaşayır.Bu azmış kimi,hələ bizi də o illüziyalı həyata sürükləyir.Onun qurduğu xəyallar aləmində yaşayıb yaşamamaq istəyimiz də onu maraqlandırmır.Sanki o boz aləmdə məcburən yaşamağa məhkumuq.
-Sevil,-ana astadan dilləndi,-mən sizi heç nəyə məcbur etmirəm.Evin böyüyü olaraq yol göstərməyə çalışıram.
-Sən böyük də olsan,heç də hər şeyi düz etmirsən ana,-Sevil səsini bir qədər alçaltsa da,dediyindən dönmədi,-uğursuz taleyin,əzablı həyatın sənin üzünü güldürməyib.Ömrünü ailəyə və atamızın xatirələrinə bağlamısan.Amma unutmusan ki,bütün bunların günahkarı biz deyilik.Biz gəncik,müasir insanlarıq.Həyata öz baxışımız var.Ömür boyu sənin xəyali dünyanda yaşaya bilmərik,-sözünə ara verdi,-heç özünün də ömrünün sonuna qədər mənasız həyat yaşamağın doğru deyil.Gözünü aç,ətrafına bax.
-Nə deyim…,-ananın gözləri yol çəkdi,-bəlkə də haqlısan…amma mən…
Telefon zəng çaldı.Arzu dəstəyi qaldırdı.Xavər xanım idi.
-Bəli,bəli,Xavər xanım,-qız pərtliyini büruzə verməməyə çalışdı,-çox sağ olun,minnətdaram sizə,-anasına tərəf baxdı,-eee…bəli,evdədir.Aha,bəli,bu dəqiqə.
Dəstəyi anasına uzatdı:
-Xavər xanımdır,səninlə danışmaq istəyir.
Xavərlə Zəhranın telefon danışığı uzun çəkmədi.Ananın qırıq-kəsik danışığından hiss olunurdu ki,Xavər onları harasa dəvət edir,Zəhra isə tərəddüd içində nə cavab verəcəyini bilmirdi.
Sağollaşıb dəstəyi yerinə asandan sonra qızlarına baxıb:
-Sabah bizi restorana aparacaqlar,-dedi,-gəlib yenidən divana əyləşdi,-ehh…nə bilim…belə həyata alışmaq lazımdır yəqin ki…ailələr arasındakı uyğunsuzluq məni çox narahat edir,-Arzuya baxdı,-qınama məni qızım.Belə həyata adət etməmişəm.Qızıl zinət əşyaları,bahalı geyimlər,hədiyyələr,restoranlar məndən çox uzaq olub.Sadə həyatım məni belələrindən təcrid edib,Sevil düz deyir,öz dünyamı qurmuşam.Harada,kimlərin əhatəsində utanıb sıxılacağamsa,oraya getməmişəm.Kimlərinsə yanında gözükölgəli,başıaşağı olmaq istəməmişəm.
-Ana,-Sevil gəlib onun yanında əyləşdi,-sən bir şeyi başqası ilə səhv salma.İnsan o zaman gözükölgəli olur ki,başqasından nəsə gözləyir,umur.Biz ki,heç kimdən heç nə ummuruq.Hədiyyəni geri qaytarmaq doğrudurmu səncə?Hansısa məclisə dəvət alıb getməmək yaxşıdırmı?Çingiz kimi oğlan hansı ailənin qapısını döysəydi,o evdə toy-bayram olardı.Sənsə…
-Sevil,-Arzu bacısının sözünü kəsdi,-sən də haqlısan,anamızın da dediklərində həqiqət var.Gəlin əhvalımızı yaxşı istiqamətə yönəldək.Məncə,-qolundakı saata məhəbbətlə baxdı,- dəyərindən asılı olmayaraq,ürəklə verilən istənilən hədiyyəni qəbul etmək olar.Dəvət olunan yerə isə zənnimcə getmək lazımdır.Atalar necə deyib,-gülümsədi,-çağırılan yerdən qalma!,-anasını qucaqladı,-onlar nə edirlərsə,sidq ürəklə edirlər ana.Sənin narahatlığına səbəb yoxdur,inan mənə.Onlar gözü-könlü tox insanlardırlar,məqsədləri bizə öz üstünlüklərini nümayiş etdirmək deyil.Əksinə,həyatımıza rəng qatmaq istəyirlər.Buna isə,-anasının üzündən öpdü,-yalnız sevinmək lazımdır.
-Olsun,qızım,nə deyirəm,-Zəhra köks ötürdü,-sənin sevincin mənə bəsdir.Əgər onlarla könlün xoş olursa,ürəyin dinclik tapırsa, mən nə deyə bilərəm?
-Beləliklə…,-Arzu anasını da,bacısını da qucaqladı,-qərara alındı,-sabah axşam saat yeddidə mənim ad günümü qeyd etmək üçün restorana yollanacağıq,-zarafatyana bacısına göz vurdu,-yekdilliklə qəbul olundu.

ARDI VAR.

Govher Rüstamova