QAÇMAQ İSTƏYİRƏM

Qaçmaq istəyirəm başımı alıb
Bu dünyanın üzündən, astarından
İkiüzlü ,haçadilli adamlarından.
Həsədlərdən, qeybətlərdən
Gözlərimin önündə qurulan
Oyunlardan, tələlərdən
Ciblərə axışan rüşvətlərdən,
İkrah doğuran sifətlərdən
Yorulmuşam, usanmışam.


İradəni, dözümü 
Sınağa çəkməkdən,
Quyuların dibindən
Həqiqətin ipini çəkməkdən,
Üzü dönmüş təbiətin 
Gileyini eşitməkdən
Yorulmuşam ,usanmışam.


Həyat eşqim dalana dirənib….
Sonsuz, dibsiz kainata 
Gözlərim zillənib.
Ümidin sükanına söykənib
Fikir gəmisində tək-tənha qalmışam.
Qəzəb dalğalarıyla cəng etməkdən
Yorulmişam ,usanmışam.


Kaş dünyaya doğulanda
Bir yarpaq tək ,bir torpaq tək doğulaydım.
Ya da taleyi havada asılı qalmaq olan
Səyyar bulud olaydım.
Gəzəydim diyar-diyar, ölkə-ölkə
Köksümdə şimşəklər, ildırımlar-
Qəzəb ,övkə.
Yağaydım, yağaydım..


Bulud gözlərimdən axıdaydım
Nisgilimi, kədərimi
Şimşək dilimlə deyəydim
Deyə bilmədiklərimi.
Yaşayaydım bulud taleyimi.
Boşaldaydım yükümü ,
Yenidən dolmaq üçün.
Tanrının xidmətində
Müntəzir olmaq üçün.

Tamara Rustamova Tənha Bulud/ 2004-cü il
www.kafiye.net